Azərbaycan hakimiyyətində zora arxalanan siyasi xətt son günlər tamam yeni ehtirasla işə başlayıb. Təqiblər, həbslər yenidən vüsət alıb. Həm də yeni formalarla və heç bir əndazəyə sığmadan… Konkret olaraq, Qənimət Zahidə və Emin Milliyə görə onların qohumlarını həbs etmək kimi biabırçı və amansız addımlar göstərir ki, qəzəb və əzmək ehtirası repressiv hakimiyyətin gözünü tutub, başqa bir fikrə, başqa bir xəttə yer qalmayıb. Başqa çarə də görmürlər…
Aydındır ki, vəziyyət getdikcə ağırlaşır. Rusiya-Ukrayna münaqişəsi ilə beynəlxalq durum Azərbaycan hakimiyyətinin xeyrinə olmayan yeni konfiqurasiya yaradıb. Neft kəskin ucuzlaşıb. Inkişaf nağılları manatın ölməsi ilə tar-mar olub. Böyük pulların xərcləndiyi Avropa Oyunları isə xalqla da, beynəlxalq aləmlə də aradakı uçurumu dərinləşdirib. Qərblə Iranın anlaşması həm iqtisadı, həm də geosiyasi acıdan Ilham Əliyev hakimiyyətinin xeyrinə olmayan yeni situasiya yaradır. Çox çətin günlər gəlir qarşıdan.
Yalnız polis dəyənəyinin gücünə inanan düşüncə bu günləri görmürdü və görə bilməzdi. Bundan sonra da görə bilməz. Bəs heç olmasa ötən ildən başlanan siyasi həbslər dalğası göstərmədimi ki, həbslər heç nə vermədi. Vətəndaş cəmiyyətinin dağıdılması da hakimiyyətin xeyrinə olmayaraq, onun ziyanına işlədi.
Əvvəla, bütün növ hiylə və oyunlar, bütün növ basqı və hədələr, şantaj və həbslər fərqli fikri, müxalif cinahı silib apara bilmir. Onların qarşısını kəssə də, fəaliyyətini kifayət qədər boğa bilsə də, prosesi sıradan çıxara bilmir. Internet dövrünün Azərbaycan xalqı sübut etdi ki, bütün tənqidlərə rəğmən onu tamamilə YAP-laşdırmaq mümkün deyil. Bu xalqın azadlıq istəyi bəzən çox az adamın açıq ifadəsi ilə olsa belə, bütün repressiyaların kəsərindən güclüdür. Boşuna çabalardır hamını yaltaq və medallı dəstələrdə görmək arzuları…
Ikincisi, siyasi həbslərin çoxalması və vətəndaş cəmiyyətinin dağıdılması hakimiyyətə qarşı tənqidi mövqeləri dəyişmədi. Nə ölkə daxilində, nə də beynəlxalq aləmdə. Hətta müstəqil QHT-lərin hazırladığı hesabatlar dövründə hakimiyyət bu qədər tənqidi qərarlar və çağırışlarla üzləşməmişdi. Artıq monitorinq və hesabatlara da çox ehtiyac yoxdur. Çünki həyata keçirilən haqsız həbslər göstərdi ki, ölkədə gerçək vəziyyət necədir. Avropa Oyunlarının açılışına Avropa dövlət başçılarının gəlməməsinin səbəbi də bu həbslər oldu. Azərbaycan hakimiyyətinin ən çox güvəndiyi, ən çox xeyir gördüyü Avropa Şurası belə, “kürü diplomatiyası”nı geri diplomatiyasına çevirib çox sərt tənqidə keçdi. Bir sözlə, həbslər YAP hakimiyyəti üçün siyasi vəziyyəti yaxşıya doğru dəyişmədi.
Məsələn, Xədicə Ismayılın həbsi nəyi dəyişdi? Indi dünyanın onlarla jurnalisti bir layihədə birləşib korrupsiya araşdırmalarını davam etdirir. Sosial şəbəkələr dövründə “Azərbaycan saatı” və “Meydan”ı susdurmaqla həqiqətin qarşısını ala bilmək kimin ağlına gəlib görəsən?! Axı bu mümkün deyil!
Bütün hallarda həbslər çıxış yolu olmur və bunun daha bir ciddi səbəbi var. Bu səbəb də onun bağlıdır ki, Azərbaycan hakimiyyətinin əsas müxalifəti onun əməllərinin yaratdığı çox mənfi fəsadlarıdır. Bu fəsadlar isə indi hansısa korrupsiya əməlinin ifşası, haradasa külli miqdarda narkotikin tutulması, müalicə üçün pulu olmayan xəstənin intiharı, Qarabağ döyüşçüsünün özünü yandırması, binaların korrupsiya ilə üzlənməsinin od tutub yanması kimi olaylarla məhdudlaşmır. Indi ölkədə yeganə real iqtisadı sektor olan tikinti çökür, sosial-iqtisadi durumu kəskin ağırlaşdırır. Həbslər bunun da qarşısını alacaq?!