Məhəmməd Talıblı
Uzun illər iqtidarlı-müxalifətli Qərbə və Avropa strukturlarına inteqrasiyadan danışmışıq. Bütün beynəlxalq qurumlarda təmsilçiliyi ilk vaxtlar formal əməkdaşlıq, sonralar isə imitasiya etməklə əhəmiyyətsizləşdirildi. Daha sonralar imitasiya az imiş kimi antiqərb və antiavropa ritorikasına start verildi. Bütün bunlar bizi bir dövlət olaraq dünyanın mütərəqqi hissəsindən sürətlə uzalaşdırırdı. Hər bir əməkdaşlıqdan tacir psixologiyasına uyğun olaraq yerindəcə yararlanmaq məqsədi əsas götürüldü. Uzağa hesabalanmış hədəflər və strateji niyyətlərə çatılması yolunda ortaya çıxmış cari (islahat tövsiyyələri) problemləri faciə səviyyəsinə çatdırdıq. İnteqrasiyadan meydana çıxacaq adaptasiya tənəzzülünü qəbul etmək istəmədik. Təki bütün bunlardan millətimiz və gələcək nəsil udsun anlayışı hökumətin düşüncə sistemində özünə yer tapmadı.
Cənubi Qafqazdakı iqtisadi gücümüzdən danışırıq. Hər iki ölkə (Gürcüstan və Ermənistan) 10 il bundan əvvəl Ümumdünya Tücarət Təşkilatına üzv olublar. Orta Asiya ölkələri də bu prosesdə belə rol alırlar. Qazaxıstan ötən həftə üzv oldu. Biz 97-ci ildən davam edən danışıqları hələ də başa çatdıra bilmirik. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirak xatirinə iştirak etdik. Azad Ticarət Sazişi və Assosasiya Sazişinin imzalanması vaxtı gələndə açıq seçim etdik və həmin təşkilatdan özümüzü kənarda saxladıq. ÜTT-ə üzvlük və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirak yerinə əvvəllər Qoşulmayanlar Hərəkatına qoşulduq. Rusiyanın projesi olduğu Avrasiya İttifaqında əməkdaşlıqda bulunduq. Daha sonra Şanxay Əməkdaşlıq Təşkilatında(ŞƏT) iştirak etmək qərarı verdik. Onu da ŞƏT-a Azərbaycanı hələ ki, üzv kimi yox, dialoq üzrə tərəfdaş ölkə statusu ilə dəvət edirlər. Elə bil, müşavirin müşaviri statusunda. Bu amorf birliyin isə əsas patronları Çin və Rusiyadır. Məqsəd "peykləri” ətrafına topalayaraq antiqərb koalisiyası yaratmaqdır. ŞƏT nəinki üzv ölkələrdə müxtəlif sahələr üzrə islahat proqramları həyata keçirmək və onlara hərtərəfli dəstək layihələrini nəzərdə tutur, əksinə onları hərbi-strateji platformada yanlarında saxlamağı hədəfləyir. Beynəlxalq səviyyəli ekspertlər hesab edirlər ki, ŞƏT hələlik siyasi hədəfləri tam elan olunmayan hərbi paktdır. Mənim Rusiya-Çin tandemində hərbi konfiqurasiyada nə işim var? Cavab birdir: Təki antiqərb və antiavropa koalisiyasında yer almaqla demokratiya və insan haqları kimi fundamental prinsiplərin prioritet olması əsas tələbə çevrilməsin! Müstəqillik qazanandan sonra hansı siyasi trayektoriya ilə labrintə gəlib çıxdıq. Bu labrint müstəqilliyimizi daim təhdid edən sərt döngədir. Başqa sözlə dünyanın əksəriyyətinin getmədiyi və bu yoldan imtina etdiyi yolla gedirik. Tam əminəm ki, bu yol yaxşı və düz yol deyil.