“Şərq” qəzeti nəqliyyat müfəttişlərinin növbəti qanunsuz əməlləri barədə yazı dərc edib. Yazıdan məlum olur ki, nəqliyyat müfəttişlərinin budəfəki “qəhrəman”lığı içində azyaşlı uşaq olan avtomobili cərimə meydançasına çəkməsidir.
Şikayətçi qəzetə bildirib ki, azyaşlı uşağı ilə rayondan Bakıya gəlib. Bakının “Şamaxinka” adlanan ərazisində, “baqaj”ında müxtəlif usta alətləri və pal-paltar olan maşınını saxlayıb. Azyaşlı uşaq maşında qalıb, atası gedib aptekə. Gəldiyində görüb ki, Nəqliyyat Departamentinin “qoçuları” avtomobili sürüb aparıblar cərimə meydançasına. Uşaq da maşının içində, qorxudan cərimə meydançasına kimi ağlamaqdan bağrı çatlayıb. Əsas da bunu gətiriblər ki, sən taksi fəaliyyəti ilə məşğulsan. Sürücü isə onlara başa sala bilməyib ki, 5 oturacağı olan avtomobilin, arxa oturacaqlarında rayondan gətirdiyi usta alətləri və pal-paltar, qabaq oturacaqda isə uşaq əyləşib. Belə halda taksi fəaliyyəti necə göstərə bilərəm. Xeyri olmayıb. Indi deyirlər ki, maşını cərimə meydançasından azad etmək üçün 150 manat ödəməlisiz.
Nəqliyyat müfəttişlərinin bu addımının çox ciddi özbaşınalıq və kobud qanun pozuntusu olduğunu deyən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Nəqliyyat Departamenti əməkdaşlarının heç bir halda yol kənarında dayanan avtomobili cərimə meydançasına çəkmək səlahiyyəti yoxdur: “Bu, birbaşa qanuna tüpürməkdir. Bu dərəcədə azğınlaşmaq da olmaz axı! Mütləq nazirliyin əməkdaşlarına qarşı ciddi tədbirlər görülməlidir. Onların nəinki 5 dəqiqəlik yol kənarında dayanan avtomobili, hətta lisenziyası olmayan, vergi ödəməyən, açıq-aşkar qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücüyə məxsus avtomobili belə mühafizə olunan duracağa aparmaq ixtiyarı yoxdur. Qanunu pozub, zəhmət çək, cəriməsini yaz! Sən hansı haqla sahibi yanında olmayan avtomobili cərimə meydançasına evakuasiya edirsən. Həm də içərisində 5 yaşlı körpə uşaq ola-ola… Onu da deyim ki, içərisində azyaşlı uşaq olan avtomobilin cərimə meydançasına aparılması birbaşa cinayət məsuliyyətidir. Bu fakt konstatasiya edilərək, prokurorluğa təqdim edilməlidir. Faktiki olaraq, 5 yaşlı uşaq nəqliyyat ”qoçu"ları tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum edilib".