“Xədicə xanımın məhkəməsinə münasibət dövlətin ona qərəzli münasibətini göstərir”
İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılın məhkəməsi başlayıb. Prosesi izləmək üçün AXCP sədri Əli Kərimli də partiyanın rəhbər şəxsləri və fəalları ilə birlikdə məhkəməyə gedib. Lakin AXCP lideri də məhkəməni izləməyə gələn çoxları kimi, kiçicik zalda yerlərin onlara qədər tutulması səbəbəindən içəri daxil ola bilməyiblər. Əli bəy həm prosesin belə kiçik zalda keçirilməsinə, həm də ümumən məhkəməyə münasibətini açıqlayıb.
«Əslində Xədicə xanımın məhkəməsinə münasibət dövlətin ona qərəzli münasibətini göstərir. Proseslə heç maraqlanmayan, xüsusi hazırlıqlı adamları gətirib içəri doldurublar ki, zalda boş yer olmasın. Bunu əsas gətirib jurnalistləri, Xədicə xanıma mənəvi dəstək olmaq istəyənləri içəri buraxmasınlar. Bu, hökumətin Xədicə İsmayıla xüsusi münasibətini göstərir.
Bu, Xədicə İsmayılın İlham Əliyev və ailəsinin biznesi ilə bağlı apardığı jurnalist araşdırmaları ilə bağlıdır. Ancaq hökumət ağılsızlıq edir. Çünki Xədicənin həbsi o araşdırmalarla tanış olmayan adamları da maraqlandırdı, onlar da İlham Əliyevin və ailəsinin biznes şəbəkəsi haqqında oxumağa başladı. Xədicə İsmayıl bu gün söz azadlığının keşiyində durduğuna, cəsarətinə görə həbsdədir və o, bu gün azad sözün simvoludur. Biz hamımız ona dəstəyik».