Avropa Məhkəməsinin mərhum jurnalistin qətlini araşdırmağa başlaması iqtidarda «soyuq duş» effekti yaradıb
Avropa Insan Hüquqları Məhkəməsinin “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlilə bağlı araşdırmalara başlaması hakimiyyətdə “soyuq duş” effekti yaradıb. Iqtidardaxili mənbələrdən redaksiyamıza sızan məlumata görə, parlament seçkiləri ərəfəsində belə zərbə hakimiyyət düşərgəsi üçün gözlənilməz olub. Qeyd edək ki, Avropa Insan Haqları Məhkəməsi araşdırmalara Elmar Hüseynovun xanımı Ruşaniyə Hüseynovanın şikayəti əsasında başlayıb.
Araşdırma çərçivəsində artıq Azərbaycan hökumətinə sorğu göndərilib, bu cinayət işi üzrə bütün materialların Avropa Məhkəməsinə təqdim olunması tələb edilib. Sorğudakı suallardan biri də Elmar Hüseynovun qətlində Azərbaycan hakimiyyətinin iştirakı haqdadır.
Iqtidarı narahat edən məhz bu məqamdır. Məlumatda deyilir ki, hakimiyyət Avropa Insan Haqları Məhkəməsinin hərəkətə keçməsini Qərblə münasibətlərindəki gərginliklə izah edir. Iqtidar fərqindədir ki, bu halda araşdırmalar onun üçün ciddi başağrısına çevrilə bilər. Beynəlxalq aləmdə jurnalist qətlinə münasibətin necə olmasının fərqinə varan hakimiyyət hər vəchlə bu araşdırmaların yubanmasına çalışmağı qərara alıb. Lakin iqtidarın prosesin qarşısını alacağı inandırıcı görünmür.
Qeyd edək ki, hələ bir müddət əvvəl “Azadlıq” qəzeti Avropa Insan Haqları Məhkəməsindən hakimiyyətə ciddi zərbələr gələcəyi barədə məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, Avropa Məhkəməsi parlament seçkilərinə qədər 50-yə yaxın siyasi işlə bağlı qərarını açıqlaya bilər. Bunun işartıları artıq görünməkdədir. AXCP-nin 26 illiyində partiya sədri Əli Kərimlinin pasport məsələsi ilə bağlı qərar açıqlandı. Qərarda AXCP sədrinə pasport verilməməsinin qanunsuz olması təsdiq edilib. Milli Mətbuat Günündə Elmar Hüseynovun qətlilə bağlı araşdırmalara başlanıldığı bəyan olunub.