Nabatəli Qulamoğlu: «Azərbaycan məktəblərində 20 faizdən artıq uğur əldə etmək mümkün deyil»
Orta məktəblərin buraxılış imtahanlarında iştirak edən 87 min 578 şagirddən 50 min 771-i müsbət qiymət alıb. 36 min 807 nəfər uğursuz nəticə göstərib ki, bu da məzunların 42,03 faizi deməkdir. Bu barədə məlumatı təhsil naziri Misir Mərdanov verib.
Açıqlamadan göründüyü kimi, buraxılış imtahanlarında iştirak edən şagirdlərin az qala, yarısı uğursuz nəticə göstərib. Azərbaycan reallığını nəzərə alsaq, müsbət qiymət alanların arasında xeyli sayda tapşırılan şagirdin olduğunu demək olar. Bu isə o deməkdir ki, imtahanlar tam obyektiv keçirilsəydi, pis nəticə göstərənlərin faizi daha böyük olacaqdı.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu hesab edir ki, bu göstərici Azərbaycan təhsilinin hansı vəziyyətdə olduğunu açıq şəkildə ortaya qoyur: “Azərbaycan təhsili tamamilə sıradan çıxıb. Söhbət bazadan gedir. Orta məktəblərin fəaliyyəti yox dərəcəsindədir. Mən sizi tam əmin edirəm ki, Azərbaycan məktəblərində dərs keçmirlər. Müəllimlər sinfə girib-çıxırlar. Dərs demək söhbəti yoxdur. Azərbaycan təhsilinin vəziyyətini Misir Mərdanov qədər yaxşı bilən yoxdur. O dəfələrlə deyib ki, qəbul imtahanları ilə buraxılış imtahanları arasında ciddi fərqlər var və bu fakt onları narahat edir”.
Ekspertin fikrincə, Azərbaycan təhsilini bu vəziyyətə salan hökumətin siyasətidir: “Hökumət müəllimə pul vermir, təhsilin səviyyəsinin yüksəlməsində maraqlı deyil. Azərbaycan məktəblərində 20 faizdən artıq müvəffəqiyyət əldə etmək mümkün deyil”.