«Yeni Müsavat»ın AXCP mövzusuna köklənməsi hökumətlə anlaşmanın şərtlərinə daxildir
“Yeni Müsavat” qəzeti hər gün “ilk”lərə imza atmağa davam edir. Artıq bu mətbu orqan ən pis nümunələrin “brend”inə çevrilib. Ləkələmək, şər-böhtan atmaq, hökumət mətbuatı üçün pas ötürmək bu qəzetin var olma prinsipinə çevrilib. Əvvəlcə AXCP əleyhinə yazılan yazıları müxtəlif başlıqlarla təkrar-təkrar manşetdən yayımladılar. Utanmasalar, eyni məqaləni 8 yerə yayarlar. Tarix hələ öhdəliyin, sifariş yerinə yetirməyin, şər rejimə təslim olmağın belə “fenomenal” nümunəsini görməyib.
Indi də AXCP sədrinin müavini Əbülfəz Qurbanlının istefası ətrafında “analiz”lər aparmağa başlayıblar. Hətta vaxtilə partiyadan qovulmuş adamları bir-bir tapıb, bu “analiz”ə bəzək vurmağa qərar veriblər. Guya, bu addımla AXCP-nin dağılması haqqında inandırıcı mənzərə yaradırlar. Arabir Müsavat başqanının bəzi müavinlərini də söhbətin axarına əlavə edirlər. Onlar da “Azadlıq” qəzetinin Müsavatdakı istefaları həvəslə yaydığını söyləyirlər
Birincisi, qeyd etmək istəyirik ki, “Azadlıq” qəzeti Müsavatda baş verən istefalar, gərginliklər haqqında bir dənə də müəllif materialı hazırlamayıb. Sadəcə olaraq Müsavatda vəziyyət gərginləşməyə başlayanda bütün mətbuatın gündəminə çevrildi. “Azadlıq” da başqa sayt və qəzetlərdə gedən materialları öz səhifəsində tirajladı. Əsasən də bu materiallar “Yeni Müsavat”a istinadən yayılırdı. Bunu istənilən vaxt sübut edə bilərik. Çünki, bizim mübarizəmiz Müsavatla deyil və biz Müsavatı rəqib də görmürük. “Yeni Müsavat”dan fərqli olaraq “Azadlıq” YAP funksionerlərindən Müsavat partiyası əleyhinə müsahibələr almamışdı. Bəli, Müsavatda vəziyyətin gərginləşdiyi vaxt “Yeni Müsavat” Siyavuş Novruzovdan geniş müsahibə aldı və YAP-ıçı deputatın dili ilə bu partiyanı aşağılatdı. Ona görə də Müsavat funksionerlərinin nəzərinə çatdırmaq istəyirik ki, “Azadlıq”ın mövqeyi ilə bağlı fikir yürüdəndə ehtiyatlı olsunlar. “Yeni Müsavat”dan fərqli olaraq bizim hökumət qarşısında öhdəliyimiz yoxdur. Üstəlik, Müsavat partiyasının bu vəziyyətə düşməsi Rauf Arifoğlunun “xidmət”ləri ilə bağlıdır. Hətta Müsavatın Avropa Oyunları ilə bağlı bəyanatını da “Yeni Müsavat” tirajlamaqdan imtina və partiyanı tənbeh də etdi. Amma Müsavat partiyası könlünü suya vermiş bu adamla yollarını ayırmaq qətiyyəti göstərə bilmir. Yəni demək istəyirik ki, Müsavata ən böyük zərbə vuran elə “Yeni Müsavat” qəzeti olub.
Ikincisi, Rauf Arifoğlunun AXCP-də baş verənləri dəqiqliklə izməsi bu adamın kimliyini bir daha ortaya qoyur. Artıq Rauf Arifoğlu maska taxmağa da ehtiyac duymur. Çünki, cırılmış maskadan simanı görmək onsuz da asandır. Indi bu qəzetin ən böyük dayağı, gəlir mənbəyi AXCP-dən qovulanların izinə düşməkdi. Rauf Arifoğlu gözəl bilir ki, şər-böhtanın rekordunu vurur. Ona görə də Əbülfəz Qurbanlının istefasını Ağaşirinlərin vasitəsilə “legitimləşdirmək” istəyir. Onu da gözəl bilir ki, Əbülfəz Qurbanlı onun kimi komandasına xəyanət etməyib, hökumətə səcdə halında deyil və öz prinsiplərinə sadiqdir. Sadəcə olaraq hökumətin qarşısına hesabatlı çıxmaq üçün “AXCP dağıldı” kitabını təqdim etməlidir. “Yeni Müsavat” o qədər böyük anlaşmanın içindədir ki, ölkədə baş verən bütün hadisələri unudub. Hətta Putini qəhrəmana çevirib, Ilham Əliyevin Qarabağı işğaldan azad etməsi ssenarisini də yarımçıq buraxıb AXCP ssenarisi yazır. Görünür, mandatın və çoxlu manatın əldə edilməsi üçün qəpik kimi xırdalanmaq şərtdir. Deyirlər, Ramazan ayında şeytanlar zəncirlənir. Amma belə görünür ki, Rauf Arifoğlu zəncirdəki şeytanları da icarəyə götürüb.
Müsavat boyda partiyanı parçaladıqdan sonra iştahını AXCP-yə salıb. Amma, özünün də dediyi kimi, Əli Kərimlinin rəhbərlik etdiyi partiya əbədi qalacaq. Çünki, AXCP yolunu azmış heç kimə güzəşt etmir və prinsiplər hər şeydən önəmlidir.
Rauf Arifoğlu isə Ağaşirinlərin, Zərifələrin ətrafında dövrə vurmağa davam etsin. Onsuz da bizim dövriyyədən çıxardıqlarımız həmişə Rauf Arifoğlu üçün dəyərə çevrilib.
Bir sözlə, AXCP-nin hesabına çörək qazananların “sezon”udur. Heç olmasa hər dəfə qarnınız doyanda AXCP-yə də dua edin. Axı bu partiya olmasa hakimiyyətin sizə ehtiyacı qalmaz. Axı sizin üçün Allahın yox, rejimin sevgisini qazanmaq önəmlidir.
Akif