Elxan Süleymanov Avropa Parlamentinin prezidentinə yazdığı məktubda iqtidarın narahatlığını gizlədə bilməyib
Gültəkin Hacıbəyli: «Elxan Süleymanovun bu məktubu ilk növbədə hakimiyyətin keçirdiyi dərin narahatlığın ifadəsidir»
Azərbaycana qarşı beynəlxalq aləmin təzyiqləri durmadan artır. Nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycandakı insan haqlarının durumu müzakirəyə çıxarılaraq sərt tənqid olunur. Avropa Şurası, Avropa Parlamenti, BMT, Almaniya Bundestaqı hakimiyyətin sərt repressiv siyasətinin dayandırılmasını tələb edir. Bu baxımdan nüfuzlu beynəlxalq təşkilatlardan gələn istəkləri hakimiyyət süngi ilə qarşılayır.
“Qərbin ünvanına sərt ittihamlar”
Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun Avropa Parlamentinin prezidenti Martin Şults, Inkişaf Komitəsinin sədri Linda MakAvan və Xarici Əlaqələr Komitəsinin sədri Elmar Broka yazdığı məktubu da bu qəbildən qiymətləndirmək olar. Məktubda AP-nın ünvanına sərt ittihamlar səsləndirən E.Süleymanov hətta bir qədər də irəli gedərək “Şərq Tərəfdaşlığı” layihəsini səmərəsiz adlandırıb: “Hörmətli prezidentlər, Avropa Parlamentində Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupunun Avropa Parlamentinin Prezidentinə verdiyi tövsiyə barədə məktub nümayəndə heyətimizin diqqətinə çatdırılıb. Məktubda prezident Şultsa 2015-ci ilin noyabrında Azərbaycana hər hansı seçki müşahidə missiyası göndərməmək məsləhəti verilir və ölkəmiz haqqında olduqca mənfi qeydlər edilir. Bu məktub Avropa Parlamentində ölkəmizə qarşı görünməmiş kampaniyanın nəticəsidir. Konfranslar və seminarlar, tədbirlər və müzakirələr, yüzlərlə məktub böhtanla dolu ittihamlar və sübut olunmamış iddialarla Azərbaycanın imicinə tamamilə xələl gətirmək məqsədi daşıyır”.
“Parlamentlə prezident seçkilərinin səhv salınması narahatlıq yaratdı”
E.Süleymanov vurğulayıb ki, təşkilatın iradları tərəflər arasındakı bütün müsbət əlaqələri məhv etməyə xidmət edir. Hakimiyyəti hətta AP-ın Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupunun Avropa Parlamentinin Prezidentinə verdiyi tövsiyədə yol verilmiş kiçik texniki xəta da ciddi narahat edir. Belə ki, AP prezidentinə ünvanlanan məktubda 2015-ci il parlament seçkiləri prezident seçkisi kimi qeyd olunub və AP rəhbərliyindən Azərbaycana seçki müşahidə missiyası göndərilməməsi istənilib. E.Süleymanov bu texniki xətanı Azərbaycan hakimiyyətinə qarşı “inqilab” mesajı kimi dəyərləndirib: “Əvvəla, xahiş edirəm bir fakta şərh verin ki, nə üçün Seçki Qrupu Azərbaycana dair vəziyyət barədə məlumatlı olduğunu iddia etsə də, noyabr ayında ölkəmizdə prezident seçkilərinin deyil, qanunverici seçkilərin keçiriləcəyini qeyd etmir. Siz o qədər qəzəb, nifrət və laqeydliklə ölkəyə yanaşırsız ki, hətta 2015-ci ilin 1 noyabrında keçirilən parlament seçkilərinin olmasını unutmusunuz və Azərbaycanda ”1 noyabr 2015-ci ildə prezident seçkilərinə" müşahidə missiyasının göndərilməməsini qeyd etmisiniz. Bu, təsadüfi və texniki hesab etdiyiniz səhvlə Azərbaycanda da Ukraynada olduğu kimi iğtişaşlara start vermək və 2018-ci ildə Azərbaycanda hakimiyyətin zorakılıq yolu ilə dəyişdirilməsi barədə son niyyətinizi və hədəfinizi indidən ictimaiyyətə elan etmirsinizmi?!".
E.Süleymanov onu da vurğulayır ki, AP Azərbaycandakı seçkilərə “obyektiv” qiymətin verilməsinə imkan vermir: “Avropa Parlamentinin 2013-cü il seçkilərində Azərbaycana gəlmiş missiyası seçkiləri azad və ədalətli hesab etmişdi. Bəs nə üçün ölkəmizdə demokratik seçki keçirilməsi üçün şərait olmadığını iddia edirsiniz? Aydındır ki, göndərdiyiniz üzvlər komandasının gəldiyi nəticəyə etinasız yanaşırsınız. Siz həqiqətən şəxsi mövqeyiniz əsasında hökm çıxarırsınız? Istifadə edə biləcəyiniz hər bir müsbət dəlilə məhəl qoymamağa üstünlük verirsiniz!”.
“Hakimiyyət ”Şərq Tərəfdaşlığı"nı mənasız layihə sayır"
“Şərq Tərəfdaşlığı” lüzumsuz bir quruma çevrilmək üzrədir. Atdığınız addımların köməyi olmur. Siz məktubunuzda deputatlara hədə-qorxu gələrək seçkiləri öz adından müşahidə etməyə qadağa qoyursuz və onları Davranış Kodeksi ilə hədələyirsiniz", deyə E.Süleymanov vurğulayıb.
Baş verənlər nəyin təzahürüdür? E.Süleymanovun məktubunda əks olunan məqamlar nədən xəbər verir?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, E.Süleymanovun bu məktubu ilk növbədə hakimiyyətin keçirdiyi dərin narahatlıq və təşvişin ifadəsidir. G.Hacıbəylinin sözlərinə görə, əgər E.Süleymanov açıq formada təşvişini ifadə etməsəydi, mən də hakimiyyətin 2015-ci il parlament seçkiləri ilə bağlı bu qədər ciddi həyəcan yaşadığını düşünmürdüm: “Görünən odur ki, vəziyyət kifayət qədər ciddidir. Novruz Məmmədovun əvvəlcədən qeyd etdiyi kimi, Azərbaycana qarşı təsəvvürə gəlməyəcək təzyiqlər var. Elxan Süleymanovun da bu gün açıq, qeyri-diplomatik tərzdə hakimiyyətin narahatlığını ifadə etməsi məhz bununla bağlıdır. Sözsüz ki, nə Avropa Birliyi, nə Avropa Şurası, nə də ABŞ Azərbaycanda hakimiyyət dəyişikliyi etmək niyyətində deyil. Bu təşkilatlar normal birgə yaşayış qaydalarının təsbit olunmasının tərəfdarıdır. Onlar istəyirlər ki, Avropa məkanına daxil olan böyük strateji ölkədə insanlar fikirlərini azad ifadə etdiklərinə görə təqib olunmasınlar, şərlənərək həbsə atılmasınlar, əhali yoxsul şəkildə yaşamasın, neft gəlirləri insanlar arasında qeyri-bərabər şəkildə bölüşdürülməsin. Qərb institutları bölgədə, ölkəmizdə sabitliyin qorunub saxlanmasını istəyirlər. Onlar gözəl bilirlər ki, sabitliyin yeganə təminatı demokratiyadır. Demokratiya, insan haqları olmayan yerdə sabitlik ancaq görüntü xarakteri daşıya bilər”.
AP rəhbərliyinə ünvanlanmış məktubda 2015 parlament seçkiləri əvəzinə prezident seçkilərinin qeyd olunmasını kiçik texniki qüsur sayan G.Hacıbəyli vurğuladı ki, bunu bu qədər narahatlıqla qəbul etmək əsassızdır. “Azərbaycandakı hakimiyyət məsələsi Azərbaycan xalqına aiddir. Azərbaycan xalqı nə zaman hakimiyyət dəyişikliyi istəyərsə, xalq meydanlara çıxacaq və bununla da iqtidar dəyişikliyi istədiyinin mesajını verəcək. Heç bir halda Qərb institutları belə bir addım ata bilməzlər”, deyə G.Hacıbəyli vurğuladı.
Avropa Parlamentində Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupunun Şultsa ünvanladığı məktubda həqiqət notlarının kifayət qədər çox olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, Azərbaycanda həqiqətən də normal seçki mühiti yoxdur. Belə olan halda isə seçki görüntüsü yaratmaq mənasız işdir. G.Hacıbəylinin sözlərinə görə, bu səbəbdən Avropa Parlamenti belə mənasız işlə məşğul olmaq istəmir.
Hikmət