Çətin, rəngarəng test imtahanlarından keçməyi xoşlayan dözümlü xalqımız hər il IYUL ayını böyük intizarla, xüsusi təmtəraqla gözləyir. Zarafat deyil, 11 illik məktəb əzabından, təhsil bac-xəracından, repetitor qapılarından valideyn və uşaqların canı qurtulur. Və yenidən 4 il işgəncə çəkmək üçün həyəcanla imtahan verirlər. Biz əzaba, zülmə vərdiş edən millətik! Əziyyət çəkməyəndə, quldurlara rüşvət verməyəndə darıxırıq.
Hər il iyul ayında tələbə olmaq istəyən abituriyentlərin valideynləri, qohum-əqrəbaları, dost-tanışları “qeyrət zamanıdır” deyib, altdan geyinib üstdən qıfıllanıb, üstdən geyinib altdan qıfıllanıb meydanlara atılırlar. Bu il imtahanların qırmızı lentini III ixtisas qrupunun abituriyentləri iylun 3-də kəsdi. Minlərlə Azərbaycan vətəndaşı imtahan keçirilən təhsil ocaqlarının qarşısına toplaşdı: oxumağa tutkulu olan xalqımız səhər saat səkkizdən günorta saat ikiyədək dimdik, ayaq üstə ac-susuz dayandılar. Doğrudur, bəziləri təhsil ocağının və havanın dəhşət istiliyinə dözməyib qoyun-quzu kimi kölgəliklərə çəkilmişdi. Və bir az uzaqda isə samovar qaynadanların, kabab çəkənlərin, başı xınalı qoçlarla dayananların, xonça ilə gələnlərin hay-küyü ətrafdakılara imtahan stressini unutdururdu. Adama elə gəlirdi ki, sanki bir azdan imtahan deyil, “piknik”, toy-nişan başlayacaq. Sakit bir guşəyə çəkilib oturanların əksəriyyəti isə Qurani-Kərimdən surələr oxuyurdu. Inanclı valideynlərin dediyinə görə, həmin anlarda müqəddəs kitablardan surələr oxumaq imtahan verən uşağın həyəcanını azaldır. Fəxrlə demək olar ki, iyulun 3-ü tarixə düşməyə layiq olan çox qürurverici bir gün idi. Ilk dəfə idi ki, bir yerə toplaşan camaata polis nəzarət etmirdi, qəfildən hücum edib sürüyə-sürüyə polis maşınlarına atmırdı. Əksinə, arada fırlanan iki-üç polis insanların qayğısına qalırdı. Hərdəbir ucadan deyirdilər: “Diqqətli olun! Çantalarınızdan, əşyalarınızdan muğayat olun. Cibgirlər, quldurlar həyəcanınızdan istifadə edib əşyalarınızı oğurlaya bilər”. Məktəblərin qarşısına yığılan valideynlər içində ən məhsuldar ata-analar daha çox diqqəti cəlb edirdi: elə uşaq var idi ki, ona dəstək olmağa üç ata, iki ana, altı nənə, səkkiz baba, doqquz qardaş, beş bacı gəlmişdi. Hiss olunurdu ki, küsənlər barışıb, düşmənlər dost olub, ögeylər doğmalaşıb. Elə ona görə də imtahan keçirilən yerlərdə böyüklər uşaqlardan çox idi. Olsun. Xalqımız hamı bir nəfər kimi oxumağa dəlicəsinə tutkuludu. Vətəndaşlarımız Misir Mərdanovun boz təhsil bayrağı altında ciblərini boşaldıb, hünər göstərməyə həmişə hazırdırlar…
Imtahan günü ən həyəcanlı və qorxulu anlar saat 1-dən sonra başlayır. Imtahandan çıxan uşaqların üstünə qohum-əqrəba elə hücum çəkir ki, sanki illərdir əsirlikdən qayıdanlarını görürlər: uşağına sarılıb onu öpüşlərə qərq edən, gülə-gülə gələn abituriyenti atıb-tutan, nişanlı qızları gül-çiçəklə, qırmızı lentlərlə bəzədilən maşınlara mindirib siqnal verə-verə gedən… valideynlər, qohum-əqrəba bir-birinə qarışır. Amma arada abituriyent balanın kədərli üzünə şillə vuran, “sənin kimi fərsiz övladın boyunu yerə soxum” deyib başına qapaz vuran valideynlər şən və həyəcanlı tədbirdə qanqaraçılıq yaradırdılar. Ayıb olsun! Qəribədir, polislər elə yaramaz valideynləri cəzalandırmaq əvəzinə “uşaqla işin olmasın” deyib gülürdülər…
Sevindirici haldır ki, bu il attestat imtahanları da çox şən və məzəli keçdi. On bir il oxumayan, dərsə kefi istəyəndə gedən fərasətli, diribaş uşaqlar attestat ala bildilər: imtahana 4-5 mobil telefonla gedən tənbəllər bir SMS-lə əlaçı və yaxşı oxuyan oldular. Mərdanovun builki məzunlara mesajı belə idi: “Imtahanda SMS qəbul etməyi bacarana kamal attestatı qurban”. Maraqlıdır, attestat almaq üçün məzunlara hər cür şərait(telefondan istifadə, köçürmə) yaradan Misir Mərdanovdan fərqli olaraq, TQDK sədri Məleykə Abbaszadə saxtakarlıqların qarşısını almaq üçün hər il yeni qaydalardan, xüsusi texnologiyadan istifadə olunacağını deyir. Bəs necə olur ki, tələbə adı qazananların əksəriyyəti savadsız və tənbəllər olur? Əcəba, bu dəhşətli sirri bilən varmı?
P.S. Imtahana nəzarət edən müəllimlər! Vicdanınız olsun, imtahan günü uşaqların əsəblərinə təsir edən kəskin qoxulu ətirlər vurmayın, dikdaban ayaqqabılar geyinməyin lütfən…