Bu villada bir gecəlik istirahət 30 min avroya başa gəlir
Fransanın məşhur telekanallarından birində “Enquete exclusive” (xüsusi araşdırma) verilişi efirə gedərkən azərbaycanlılardan bəhs edilib. Verilişdə Ispaniyanın cənubunda yerləşən Marbella kurort şəhəri haqda maraqlı süjet hazırlanıb. Bura gələn zənginlər, ulduzlar barədə danışılıb, onların necə dincəldiyi göstərilib.
Verilişdə jurnalist kurort şəhərindəki bir villa haqda məlumat verib. “Villa Del Mar” adlı bu malikanədə bir gecənin qiymətinin 30 min avro olduğu bildirilir.
Villanı jurnalistlərə göstərən sahibi orada dincələnlərin olduğunu və yenicə getdiklərini deyib, ancaq onlar darvazadan çıxan zaman özlərini və ÿavtomobillərinin nömrələrini çəkməməyi xahiş edib.
Villa sahibi yalnız onu qeyd edib ki, bu müştərilər azərbaycanlılardır və burada 12 gün qalıblar.
Əslində maraqlı faktdır. Ispaniyadakı kurort şəhərində 12 günlük əyləncəyə 360 min avronu kim verə bilər. Təsəvvür edin ki, bu vəsait yalnız malikanədə qalmaq üçündür. Təbii ki, sadə vətəndaş, orta ranqlı sahibkar belə bahalı istirahət edə bilməz. 360 min avronu bir malikanədə 12 gün qalmaq üçün xərcləyən adam milyonların sahibi olmalıdır.
Əminliklə demək olar, bu naməlum azərbaycanlı hansısa məmurdur. Azərbaycan hakimiyyəti gecə-gündüz müxalif fəalların istirahət etdikləri məkanlara kamera yerləşdirir, Sərkisyanın kabinetini dinləyir, Con Kerrinin otağındakı planı aşkar edir və s. Indi belə bir xəbər yayılıb və bu xəbərdən harınlıq iyi gəlir. Yaxşı olar ki, harın məmurlara qarşı barmaq silkələyənlər, korrupsiyaya qarşı mübarizə aparanlar bu faktı da araşdırsın və harın məmurun kimliyi üzə çıxsın. Məsələ burasındadır ki, məmur maaşı ilə 360 min avroluq ev kirayələmək olmaz.
Yəqin ki, bu adamın kimliyi bəzi şəxslərə məlumdur. Və böyük ehtimalla bu şəxs hamımızın tanıdığı məmurlardandır. Amma dəqiqləşdirmə aparmaq və vəzifəsindən sui-istifadə edən məmuru tapmaq hökumətimizin işidir.