2015-ci ilin 1-ci yarımilliyi ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyətilə məşğul olma faktları üzrə 998 sayda cinayət işi başlanıb.
Vergilər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu cinayət işlərindən 203-ü vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrinə dairdir. Bundan başqa, 769 iş vergi borcunun ödənilməməsi, 25-i operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə dair vergi orqanlarından daxil olmuş materiallar əsasında, 1-i isə qanunsuz sahibkarlıq faktı ilə bağlı digər hüquq-mühafizə orqanından daxil olmuş materiallar üzrə başlanıb. Hesabat dövründə Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 26 milyon 366,9 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Qeyd edək ki, departamentin Istintaq idarəsində 385 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 37 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Icraatına xitam verilən 314 cinayət işindən 273 iş üzrə bır sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilib.
Bundan öncə də vergi ödəyicilərinin qanunvericiliyi pozması istiqamətində bir sıra faktlar aşkarlanıb. Belə ki,
vergi orqanlarının keçirdiyi tədbirlər zamanı 6119 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.
Ölkənin iqtisadi həyatında bu kimi hallar 2015-ci ilin ilk yarısından başlayaraq artıb. Manatın 21 fevral tarixli məlum devalvasiyasından sonra baş verən hadisələr ölkənin iqtisadi həyatında izsiz ötüşməyib. 1000 nəfərə yaxın sahibkara qarşı açılan cinayət işi və 6 min nəfərdən çox vergi ödəyicisi barəsindəki tədbirlər görəsən, nədən xəbər verir?
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyir ki, Vergilər Nazirliyinin keçirdiyi tədbirlər qanunvericilikdə nəzərdə tutulmuş hallarla bağlı ola bilər. Ekspertə görə, sahibkarlara qarşı cinayət işinin başlanması ötən illərdə vergidən yayınma hallarının indi üstünün açılmasıyla bağlı ola bilər:
“Qanunvericilikdə belə hallar var. Sahibkarlar başqa səbəb olmadığı halda, doğrudan da qanunun tələblərinə məhəl qoymayıb onu pozubsa, hüquq-mühafizə orqanları bu barədə tədbirlər görməlidir. Bütün dünya ölkələrində belə məsələlər bu cür tənzimlənir. Həmin sahibkarların içində başqa motivlərlə də cinayət məsuliyyətinə cəlb edilmə hallarının olması mümkündür. Yəni onlar haqqında başqa məsələlərə görə də cinayət işinin açılması faktı ola bilər”.
Nigar