ARDNF-nin Çin iqtisadiyyatına yatırımı 1 milyarda çatır
Məhəmməd Talıblı: «Neft Fondu aktivlərinin idarə edilməsini diversifikasiya xatirinə portfel investisiyalara yönəltməli deyil»
Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində növbəti mərhələ olaraq Çin yuanında investisiyalara başlayıb. ARDNF bu haqda məlumat yayıb. Məlumatda bildirilir ki, bu məqsədlə 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 milyard Çin yuanı (təqribən 500 milyon dollar) həcmində investisiya üçün müvafiq lisenziya alınıb və adıçəkilən qurumla dövlət və agentliklərinin istiqrazlarının alğı-satqısı və saxlanılmasına dair müqavilə imzalanıb. Bu ilin 1 iyul tarixindən isə Çin yuanında ilk investisiyalara başlanılıb.
Hazırda növbəti mərhələ olaraq Çinin səhm bazarlarına investisiya yatırımlarının həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Çin Xalq Respublikasının Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsi tərəfindən verilən “Səlahiyyətli Xarici Institusional Investorlar” adlı lisenziyanın alınması planlaşdırılıb.ÿ
Aldığımız məlumata görə, Fondun Çinin qiymətli kağızlarına da 500 milyon dollar yatırılacağı gözlənilir. Bununla DNF-nin Çinə yatırımı 1 milyard dollara çata bilər. Bəzi ekspertlər vəsaitlərin idarə edilməsinin şaxələndirilməsi baxımından bunu müsbət addım saysa da, bir qismi bu fikirlə razılaşmır. Onlar bunu Çin iqtisadiyyatında yaranmış problemlərlə əlaqələndirirlər. Son dövrlər sözügedən dövlətin iqtisadiyyatı bir sıra problemlərlə üzləşib. Belə ki, poladəritmə, şüşə istehsalı, gəmiqayırma və s. bu kimi iri sənaye və istehsal sahələri istənilən nəticəni vermədiyindən, bu sahələrdə ciddi islahatlara ehtiyac yarandığından ölkə üzrə iqtisadi göstəricilər pozitiv rəqəmləri əks etdirmir. Hazırda Çində ciddi maliyyə sarsıntıları yaşanır. Eyni zamanda azgəlirli sahələrdən sayılan və uzunmüddətli investisiya xərcləri tələb edən infrastruktura da maliyyə vəsaitinin axını nəticə etibarı ilə ciddi böhran halına səbəb ola bilər. Bu durğunluq və ləngimə halları daşınmaz əmlak sferasında əksini göstərməkdədirÿ(“Bizim Yol”).
Bir sözlə, Neft Fondunun bu addımı da yetərincə riskli addım sayıla bilər. Çünki, qeyd edildiyi kimi, Çin iqtisadiyyatı hazırda ciddi problemlər yaşamaqdadır. Ona görə belə bir ölkənin iqtisadiyyatına yatırım sonda onun batmasına səbəb ola bilər. Neft Fondu artıq qızılla bağlı yürütdüyü strategiyasına görə 265 milyon dollar itirib. Daşınmaz əmlakın idarəetməsindən isə əldə oluna mənfəət cəmi 4 faizdir.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Çin iqtisadiyyatı geniş miqyası və əhatəli ticarət dövriyyəsi ilə çox nəhəngdir. Dünyada qlobal böhran fonunda belə Çin iqtisadiyyatında 7-7,5%-lik iqtisadi artım templəri qeydə alınırdı. M.Talıblının sözlərinə görə, 2008-ci il böhranından sonra belə bu temp saxlanıldı və bir az da artdı. Amma nəhəng iqtisadi sistemi olan və ÜDM-in həcmi kifayət qədər şişmiş Çin iqtisadiyatında bundan sonrakı dönəmdə bu templəri saxlamaq mümkün olmayacaq: “Hər 10 ildə 1 faiz ÜDM-in səviyyəsi aşağı düşəcək. 2020-ci ildə Çində iqtisadi artım 6,5%, 2030-cu ildə 5,5%, 2040-cı ildə 4,5% səviyyəsinə qədər düşəcək. Böyük iqtisadi sistem olaraq Çinin ÜDM-nin həcmi kiçik fərqlə artıq ABŞ keçir. Təxminən 17 trilyon 632 milyard dollar. Ümumi dünya iqtisadiyyatındakı iqtisadi artım templərini müqayisə edəndə görmək olur ki, Çinin iqtisadi artım səviyyəsi dünyadakı IEÖ-nin iqtisadi artım səviyyəsindən 2-3 dəfə öndə gedir. Bütün bunlara adekvat olaraq da həmin ölkənin xüsusiilə qiymətli kağızlar bazarı inkişaf edir”.
M.Talıblının fikrincə, Neft Fondu aktivlərini idarə edilməsini diversifikasiya xatirinə portfel investisiyalara (qeyri-maddi aktivlərin transferti) yönəltməli deyil. Əgər daşınmaz əmlak bazarında mənfəət dərəcəsi yüksəkdirsə, o zaman sərfəli şərtlərlə əmlaka da vəsaitlərimizi yönəldə bilərik: “Təbii ki, Neft Fondunun Investisiyanın Idarəedilməsinə dair strategiyasında bu bölgünün faizləri ilə qaydalar mövcuddur. Istənilən sahədə investisiyanı yönəltmək üçün məhdudiyyətlər var. Amma hansı sektorda mənfəətlilik norması aşağıdırsa, o zaman digər sahələrə aktivləri yerləşdirmək olar. Bu baxımdan dünyadakı bazarlarda dəyişən konyunkturaya çevik reaksiya bildirməklə, daxili qaydalarda bəzi korreksiyalara getmək mümkündür. Çünki, daxili prosedur və qaydalar doqma və ya ehkamlar deyil. Onlar dünyada sürətlə dəyişən şərtlərə çevik uyğunlaşmaq və gəlir götürmək gücündə olmalıdır”.
M.Talıblının sözlərinə görə, dünyanın bahalı bazarlarında və sərt rəqabət imkanları çərçivəsində gəlir əldə etmək çətinləşdiyi bir vaxtda digər alternativ kimi nisbətən “soyuq” bazarlara daxil olmaq mümkündür. “Yetər ki, həmin bazarlar etibarlı və reytinq göstəriciləri yüksək olan şirkətlərlə zəngin olsun. Neft Fondunun aktivlərin idarə edilməsi ilə bağlı bütün siyasəti sonda mənfəət normasının yüksəlməsinə gətirib çıxarmırsa, demək, investisiya strategiyasında hansısa korresksiyalar etmək lazımdır. Əgər biz indi cəmi 35 milyardlıq aktivin idarə edilməsində belə bir çətinliklə qarşılaşırıqsa, o zaman ”Əsrin kontraktı" bitənə qədərki müddətdə neftin dünyada dəyişən qiymətinə uyğun olaraq yığılacaq 60-100 milyard səviyyəsində dəyişəcək vəsaiti necə idarə edə biləcəyik? Ona görə daha çevik investisiya siyasəti haqqında düşünməliyik", deyə M.Talıblı vurğuladı.
Xəyal