Elman Rüstəmov və Samir Şərifovun bankla bağlı planları
Xəbər verildiyi kimi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib. Gözlənilirdi ki, bu iclasda Benyəlxalq Bankın Idarə Heyətinin yeni sədri seçiləcək. Lakin gözləntilən özünü doğrultmadı. Idarə Heyəti üzvlərinin səlahiyyət müddəti 22 iyul 2015-ci il tarixinədək uzadılsa da, sədr seçilməyib.
Xatırladaq ki, Cahangir Hacıyev Idarə Heyətinin sədri vəzifəsindən istefa verib. Rəsmi məlumatlarda onun bu addımı səhhətindəki problemlərlə izah edilir. Bildirilir ki, Cahangir Hacıyev səhhətində olan problemlərlə əlaqədar öz ərizəsilə tutduğu vəzifədən istefa verib. Lakin Cahangir Hacıyevin istefasından sonra Beynəlxalq Bank ətrafında baş verənlər onun istefasının heç də səhhətilə əlaqədar olmadığını deməyə əsas verir. Qeyd edək ki, hazırda Beynəlxalq Bank “kredit qalmaqalı” ilə gündəmdədir. Onlarla oliqarx bankdan götürdükləri külli miqdarda kreditə görə DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb. Onlardan bəziləri kredit borclarını ödədiyinə görə sərbəst buraxılsa da, bəziləri barəsində həbs-qətimkan tədbiri seçilib. Indiyə qədər baş verənlər barədə ictimaiyyətə rəsmi məlumat verilməyib.
Beynəlxalq Banka yeni sədr seçilməsinin yubanmasına gəlincə, bəzi məlumatlara görə, bu, sözügedən posta bir neçə namizədin olması ilə bağlıdır. Bildirilir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov bu bankı nəzarətlərində saxlamaq üçün öz adamlarının Idarə Heyətinin rəhbərliyinə gətirilməsinə çalışırlar. Məhz bu mübarizə sədr seçilməsinin yubanmasına səbəb olub. Hələlik isə sədr vəzifəsini Idarə Heyəti sədrinin müavini Elman Mustafayev icra edir.