Məhkəmələrdə ədalətin bərpası üçün
Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, dalan 2, ev 2-də yaşayan 1-ci qrup əlil Nazilə Quliyeva ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı müraciətin surətini “Azadlıq”a da yollayıb. Müraciətdə deyilir:
“Mən doğulduğum ildən ”Sovetski" ərazisində yaşayıram. Nənə-babamı, anamı keçmiş Iskra, Indiki Əlibəy Hüseynzadə küçəsi, dalan 2, ev 2 ünvanında mülkiyyətçi görmüşəm. Onlar dünyasını dəyişəndən sonra mülkün yeganə varisi olan anam 1997-ci ildə həmin mülkü notarial qaydada mənə bağışlayıb. Hazırda mən 19,4 kvm sahəsi olan evdə yaşayıram. Sovet dövründə mülklərdə həmxana deyilən sakinlər yaşayırdı və onlar mülkiyyətçinin razılığıyla mülkə heç bir hüquqları olmamaq şərtilə qeydiyyata düşürdülər. Ona görə ki, oxumaq və işləmək üçün Bakı qeydiyyatı lazım idi. Həmin həmxanalardan biri olan Səlimov Bahadur Əliağa oğlu Lənkərandan gəlib 1956-cı ildə bizim həyətə qeydiyyata düşərək yaşayıb. O, 1969-cu ildə ailə quraraq həyat yoldaşı və iki qızını anamın razılığı olmadan qeydiyyata salır. Səlimovlar ailəsi 1990-cı ildə özlərinə Nərimanov rayonu, Fətəlixan Xoyski 124, ev 1, mənzil 4-də ev alırlar. Amma nəyə görəsə kiçik qızı Təranə Səlimovanı qeydiyyatda saxlayır, özlərisə qeydiyyatdan çıxırlar. Onlar ev alıb köçəndən sonra mən ailəmlə həmin evdə yaşayıram və bütün kommunal xidmətləri özüm ödəyirəm.
Təranə Səlimova 1995-ci ildə ailə qurandan sonra soyadı Əsədova olub və iki övladını da bizim ünvana bizdən xəbərsiz qeydiyyata salıb.
Yaşadığımız ərazi dövlətin söküntü ərazisidir. Ətrafımız tam olaraq sökülüb. Sənədləşmə zamanı MII-nin rəisi bildirdi ki, onlar sənə maneçilik törədəcəklər, məhkəmə yoluyla onları qeydiyyatdan çıxar. Artıq bir ildən çoxdur məhkəmələrdəyəm. Mənim kimi problemli mülkiyyətçilərə dövlət tərəfindən vəkil ayrılıb, yoxsa mənim vəkil tutmağa imkanım yoxdur. Bütün əsaslar mənim xeyrimə olsa da, Iqtisad və rayon, apelyasiya məhkəmələri iddiamı rədd edib və mənim mülkiyyətçi hüquqlarımı pozub.
Görəsən, dövlətin hakimləri ağı qaradan nə vaxt ayıracaq? Həmin qız məndən 20.000 manat kompensasiya istəyir. Bu ləyaqətsizlər, dələduzlar nə vaxta kimi at oynadacaq?
Cənab nazir, Sizə müraciət etməkdə məqsədim odur ki, bu işlə məşğul olan iş icraçıları, büdcənin vəsaiti olmadığı üçün bizlərə kömək edən vəkillər icranı dayandırıblar. Sağlamlığım və maddi durumum məhkəmələrə ardıcıl müraciət etməyə yol vermir. Ədalətli qərar verməyə bəlkə Sizin imkanınız çatdı. Bu ərazini dövlət alıb və o da belə saxta, süni problemi həll etməlidir. Əks təqdirdə, öz hüquqlarımın tapdanmasına imkan verməyəcəyəm və yaşadığım ünvandan heç yerə köçməyəcəyəm".
Sosial şöbə