Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Xocalıya ədalət !” kampaniyası çərçivəsində “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime – Armenia in the Dock”)kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Lord Kilkluni, Lord Addington və parlamentin İcmalar Palatasının üzvü Bob Bləkman iştirak ediblər.
Kitab təqdimatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli faciəsi-1992-ci ildə törədilmiş Xocalı qırğınının qurbanlarının xatirəsinə həsr olunub.
“Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabının tərtibçi həmredaktoru Ian Peart çıxışında bildirib ki, kitab Xocalı faciəsi haqqında Qərbdə ingilis dilində nəşr edilən ilk müstəqil nəşrdir. 2014-cü ilin Londonun “İTHACA PRESS” nəşriyyatında ilk dəfə işıq üzü görən kitabda Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümkündür. (APA)