AXCP Mingəçevir rayon fəalı siyasi məhbus Qadir Xudabaxşıyev barəsində artıq istintaq yekunlaşıb. Vəkil Bəhruz Bayramovun “Azadlıq”a verdiyi məlumata görə, onun haqqında həbs qətimkan tədbirinin seçilməsindən sonra 14 gün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin (Bandotdel) istintaq Təcridxanasında saxlanılıb: “Təbii ki, bu qanunsuz əməl idi. Son məhkəmədə bu barədə vəsatət qaldırdıq. Qadir Xudabaxşıyevın əməlində cinayət tədbiri olmadığı üçün cinayət işi materialları rədd edildi. Hazırda iş CM-in 228.1-ci (qanunsuz silah saxlama) maddəsi əsasında Mingəçevin Şəhər Məhkəməsinə göndərilib və növbəti prosesin vaxtı hələ müəyyən olunmayıb".
Vəkilin bildirdiyinə görə Qadir Xudabaxşıyevin hazırkı durumu normaldır. Mübarizə yoldaşlarına salamı var və mübarizə əzmindədir. Son məhkəmədə də bildirib ki, heç bir silah gəzdirməyib. "O zaman silaha ehtiyacım olar ki, Qarabağ döyüşünə yollanmış olum. Həbsim tamamilə siyasi fəaliyyətimlə bağlıdır”,- deyə Xudabaxşıyev bildirib.
Xatırladaq ki, Qadir Xudabaxşiyevə Cinayət Məcəlləsinin 228.1(qanunsuz silah saxlama) maddəsilə ittiham irəli sürülüb. O, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin keçirdiyi “əməliyyat” nəticəsində həbs olunub.
Qeyd edək ki, AXCP Mingəçevir Rayon fəalı Qadir Xudabaxşıyev Qarabağ müharibəsi zamanı Xocalı batalyonunda döyüşərək yaralanıb, 2-ci qrup Qarabağ əlilidir.