“Avropa Oyunlarına heç bir hazrılığımız yox idi…; Yarış günü düşüb kimano axtarırdıq…”
“11 ildir cüdodayam, hələ görməmişəm ki, Füzuli Ələkbərov gəlib problemlərlə maraqlansın”
Azərbaycanın I Avropa Oyunlarında yarışmış cüdoçu qadınları federasiya rəhbərinin onlara biganə münasibətindən gileyləniblər.
Məsələ burasındadır ki, Avropa Oyunlarında medal sayına görə ikinci yeri tutan Azərbaycanın cüdo komandası çox uğursuz çıxış edib. 9 kişi və 9 qadından ibarət 18 nəfərlik yığma yalnız Orxan Səfərovun qazandığı gümüş medalla nəticəyə imza atıb. Qadın cüdoçulardan heç biri isə fərqənə bilməyib.
“Qafqazinfo” saytının əməkdaşları cüdo yığmasının qadın heyəti ilə görüşərək, onların problemini öyrənib. Problemlər barədə Kifayət Qasımova, Aişə Qurbanlı, Xanım Hüseynova və Nərgiz İbrahimova danışıb.
“Yarış günü düşüb ondan-bundan kimano axtarırdıq”
“Bizdən heç kim medal gözləyə bilməzdi. Axı nəticə qazanmaq üçün gərək təlim-məşq toplanışı keçirəsən. Bizim isə belə şansımız olmadı. Kişilərdən ibarət komandamız Yaponiyaya getdilər. Biz isə bir dəfə Çexiyada təlim-məşq toplanışında olduq. O da heç bir işə yaramadı. 3-4 ay qalmış isə ancaq Bakıda zallarda çalışırdıq”, – deyə Aişə Qurbanlı bildirib. Qurbanlı əvvəlki baş məşqçisiləri, avstriyalı mütəxəssis Piter Zayzenbaxerin vaxtında hər şey əla olduğunu qeyd edib. Deyib ki, o, məşqçi kimi həm komanda üzvlərinə qarşı tələbkar olub, həm də federasiya rəhbərliyindən lazım olan hər şeyi tələb etməyi bacarıb.
Qurbanlı federasiya prezidenti Fizuli Ələkbərovun cüdo ilə maraqlanmadığını, idmançılara diqqət ayırmadığını bildirib: “Yarış günü tatamiyə çıxmaq üçün kimano verməli idilər. Təsəvvür edin ki, biz düşüb ondan-bundan kimano axtarırdıq. Özü pulumuza gedib aldıq ki, kimanosuz qalmayaq. Kim bizdən nəticə tələb edə bilər ki? Mən 11 ildir cüdodayam. Hələ görməmişəm ki, Füzuli Ələkbərov gəlib problemlərlə maraqlansın. Heç yarışdan öncə də bizimlə görüşmədi ki, nə probleminiz var. Avropa Oyunları bizim arzumuz idi. Burda medal qazanmaq istəyirdik. Bütün federasiyalar yarışdan öncə idmançılarını bir yerə yığmışdılar. Amma cüdoda belə şeylər olmadı. Bizi heç kim qınamasın”.
A.Qurbanlı deyib ki, İsmayıllıda cüdo üçün yaxşı baza var. Lakin onları heş ora da aparmayıblar. “Baş məşqçimiz İbadulla Şahbanov yarış günü federasiya ilə dava edirdi ki, kimano söz vermisiz, heç olmasa onu verin, yenə də xeyri olmadı. Baş məşqçi biz tatamiyə çıxanda uzaq dururdu, bilirdi ki, uduzacağıq. Çünki hazırlığımız bərbad idi. Mən yarışlarda birinci mərhələni sırf öz istəyimə görə keçdim. İkinci məhələdə isə fiziki gücüm çatmadı ki, rəqibi 50 saniyə saxlayım. Cüdo üzrə millinin baş məşqçisi Hacı Əhmədov deyib ki, qızlarla bağlı danışmaq istəmir. Səbəbini isə mən bilmirəm. Ona demək istəyirəm ki, biz pis deyilik, pis sizsiniz ki, yetirmələriniz bu vəziyyətdədir”, – deyə Qurbanlı bildirib.
“Bizə çatanda pul yoxdur deyirlər”
“Bizim üçün heç nə etmirdilər. Ümumiyyətlə, kişilər millisinə pul ayırırlar, bizə çatanda isə pul yoxdur deyirlər. Heç bir problemimizi həll etmirlər. Vitaminsizlikdən belə əziyyət çəkirik. Sonuncu dəfə 4 ay öncə bir vitamin veriblər. Digər idman növlərində nəticə ona görə olur ki, onların bütün problemləri həll olunur”. Bunu isə Nərgiz İbrahimova deyib.
“Masaja da öz cibimizdən pul verib gedirik”
Xanım Hüseynova da federasiya rəhbəri Füzuli Ələkbərovu ittiham edib: “Bizə baxmadılar. Heç bir qayğı göstərmədilər. Amma nəticə olmayan kimi bizdən yapışırlar. Federasiya rəhbəri Füzuli Ələkbərovu nə vaxt gördüyümüzü xatırlamıram. Nə yarışlardan öncə, nə də sonra gəlib bizimlə maraqlanıb. Gedib taekvandoda çempion olardım. Cüdoda itirə-itirə gedirəm. Ya birdəfəlik bağlasınlar, ya da bizə baxsınlar”.
X.Hüseynova deyib ki, 18 idmançı ilə 1 medal qazanmaq sadəcə gülməlidir. Komanda azı 10-12 medal qazanmalı idi: “Bu qədər komandadan ən uğursuzu cüdo oldu. Amma dünyada cüdo ən məşhur idman növlərindəndir. Biz yarışlara çıxmaq üçün kimano tapa bilmirdik. Bilmirdik, yarışı düşünək, ya kimanonu? Mən “Neftçi İdman Klubu”nun idmançısıyam. Onlar da bizə təkcə maaş verir, başqa heç bir şeylə maraqlanmırlar. Əslində, onlar bunu etməməlidir. Dövlət hər il federasiyalara pul ayırır. Bəs, bu pullar hara gedir? Biz adi masaja belə öz cibimizdən pul verib gedirik”.
“Komanda yarışlarına ümidli idik, ona da imkan vermədilər”
Kifayət Qasımova isə deyib ki, cüdo üzrə qadınlar millisinə heç vaxt baxmayıblar. Avropa Oyunları zamanı da baxmadılar. “Mən zədələnmişdim. Çiynimdə ağır zədə var idi. Ya əməliyyat olunmalı idim, ya da o zədə müalicə ilə 6 aya sağalacaqdı. Yanvarın sonlarında zədə almışdım. Ondan öncə də 6 ay təlim-məşq toplanışı görməmişdim. Yaponiyaya aparmadılar. Dedik ki, heç olmasa, Sloveniyaya gedək. Orda da yaxşı toplanış olurdu. Əvvəllər görmüşük. Amma ona da şərait yaratmadılar və dedilər ki, pul yoxdur. Biz komanda yarışlarında tatamiyə çıxmaq istəyirdik, lakin imkan vermədilər. Komanda yarışlarına ümidli idik. Biri var tək-tək, biri var komanda. Orda zəif komandalar vardı. Biz o görüşlərə çıxa bilərdik. Onlar özləri də bilir ki, hazırlığımız yoxdur. Ona görə də inanmırlar. Baş məşqçimiz bizi tatamidə qoyub gedirdi. Görüş bitən kimi baxırdıq, yoxdur…”, – deyə K.Qasımova bildirib.
***
Xatırladaq ki, Azərbaycanın cüdo komandasında problem və narazılığın baş verdiyi hələ Avropa Oyunlarından qabaq ictimailəşmişdi. O zaman cüdoçular federasiyadan pullarını ala bilmədiklərinə görə etiraz etmişdilər. Lakin göründüyü kimi, federasiya rəhbərliyi idmançıların problemlərini həll etməyib.