İyunun 20-dən Avstriyanın Fulmpes şəhərciyində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” Avstriyadakı ilk məğlubiyyəti də Volders şəhərində baş tutan bu qarşılaşmada alıb.
Yenə Almaniya təmsilçisi ilə qarşılaşan Mirça Rednikin yetirmələri II Bundesliqa təmsilçisi ilə üz-üzə gəliblər. “İngolstadt 04” klubu heyətini xeyli yeniləyən “Xəzər Lənkəran”ın bu durumundan maksimum yararlanıb.
Start heyətdə 5 yeni üzvü çıxış edən lənkəranlılar 3 qol buraxmaqla, çətin vəziyyətə düşüb. Sonradan Rednikin yetirmələri böyük hesablı məğlubiyyətdən qaçmağa cəhd etsə də, fərq azalan kimi almanlar yenidən fərqləniblər – 1:4. Təmsilçimizdən yeganə qolu penalti zərbəsindən Joao Paulo Pinto Ribeyro (87) vurub.
Qeyd edək ki, ilk sınaq matçında Drezden “Dinamo”su ilə qolsuz heç-heçə oynayan “Xəzər Lənkəran” ikinci yoldaşlıq oyununda Avstriyanın həvəskarlardan ibarət “Fulpmes” komandası üzərində 12:0 hesablı qələbə qazanmışdı.