Dünən “Bakı-2015” Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib.
65 kq çəki dərəcəsində millimizin güləşçisi, Olimpiya çempionumuz Toğrul Əsgərov ilk mərhələdə rusiyalı Ilyas Bekbulatovla üz-üzə gəlib və 8:7 hesabı ilə qalib gəlib. O, 1/8 finalda moldovalı Mixail Sava ilə qarşılaşıb. Güləşçimiz 10:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. T.Əsgərov 1/4 finalda fransalı Maksim Fique ilə döyüşdə vaxtından əvvəl təmiz qələbə (10:0) ilə yarımfinala yüksəlib. Idmançımız yarımfinalda Azamat Nurikovlaya (Belarus) 7:2 hesabı ilə qalib gəlib. O, finalda italiyalı Frank Kamizo Markezlə qarşılaşıb. Bu döyüşdə vaxtından əvvəl 4:2 hesabı ilə qalib gələn idmançımız qızıl medal qazanıb.
Ikiqat Avropa çempionumuz, çəkidə ölkəmizi təmsil edən 74 kq Cəbrayıl Həsənov 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşib. Idmançımız vaxtından əvvəl 10:0 hesablı təmiz qələbə ilə növbəti mərhələyə yüksəlib. O, yarımfinalda türkiyəli Soner Dəmirtaşa 3:5 hesabı ilə uduzub. C.Həsənov təsəlliverici görüşdə Anri Seleniusa (Finlandiya) vaxtından əvvəl qalib (11:0) gələrək, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. Idmançımız üçüncü yer uğrunda görüşdə Cəbrayıl bolqarıstanlı Kiril Terziyevlə qarşılaşıb. 9:0 hesabı ilə qalib gələn C.Həsənov bürünc medalın sahibi olub.
Avropa və dünya çempionu, 97 kq çəki dərəcəsində yarışan Xetaq Qazyumov ilk təsnifat mərhələsində Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb. Bu görüşdə təmsilçimiz 10:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Qazyumov 1/8 finalda moldovalı Nikolay Çebanla qarşılaşıb və yenə də qələbə qazanıb – 4:0. Idmançımız 1/4 finalda belaruslu Ibrahim Saidova 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Qazyumov yarımfinalda Abdusalam Qadisova 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib.
Xetaq finalda gürcüstanlı Elizbar Odikadze ilə güləşib. Görüşü 3:1 hesabı ilə xeyrinə bitirən Qazyumov qızıl medal qazanıb. Bu, Azərbaycanın Avropa Oyunlarında 10-cu qızılı olub.
Taekvondoçuların yarışında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib.
68 kq çəki dərəcəsində yığmamızın üzvü Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayacaq. Təmsilçimiz ilk görüşündə sloveniyalı Yure Pantarla qarşılaşıb. Bu görüşdə rəqibini 11:3 hesabı ilə məğlub edən Tağızadə 1/4 finala yüksəlib. Idmançımızın bu mərhələdəki rəqibi müəyyənləşib. O, olimpiya çempionu, ikiqat dünya və ikiqat Avropa çempionu ispaniyalı Xoel Qonzales Bonilla ilə üz-üzə gəlib. Rəqibini 7:5 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinala yüksəlib. Tağızadə bu mərhələdə rusiyalı Aleksey Denisenko ilə qarşılaşıb. Bu görüşdə də 7:5 hesabı ilə qələbə qazanan idmançımız finala yüksəlib. O, həlledici görüşdə polşalı Karol Robaklaya 10:9 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Yarışların 6-cü günü ümumi medal sayına görə Rusiya yığması lider olub. Bu ölkə idmançılarının 29 medalından16-ı qızıl, 5-i gümüş, 8-i isə bürüncdü. Azərbaycan idmançıları 23 medalla ikinci yerdə qərarlaşıb (11 qızıl, 3 gümüş, 9 bürünc).
3-cü yerdə isə 13 medalla (7 qızıl, 1 gümüş, 5 bürünc) Macarıstan idmançılarıdır.
azadlıq.info