Hakimiyyət mətbuatı yenə ünvanı səhv saldı
Azərbaycan hakimiyyətinin yürütdüyü şikəst siyasət bütün dünya ilə konfrantasiya vəziyyəti yaradıb. Dünyanın nüfuzlu mətbuat nümunələri, beynəlxalq təşkilatlar, tanınmış politoloqlar Azərbaycandakı vəziyyəti tənqid edir və hakimiyyəti islahatlara səsləyir. Təbii ki, ölkə vətəndaşları da bu talan və yalan siyasətindən bezib, sosial-iqtisadi vəziyyətin ağırlığından əziyyət çəkir.
Üstəlik, ölkənin tanınmış ziyalıları, jurnalistləri, gənc bloggerləri, siyasətçiləri şərlənərək həbs edilib və bütün dünyanın israrına baxmayaraq, hakimiyət anti-insani mövqeynidən əl çəkmir. Sirr deyil ki, ölkədə müstəqil mətbuat sıradan çıxarılıb, telekanallar hakimiyyətin nəzarətindədir və yüzlərlə qəzet və sayt hakimiyyətin yalanlarının tirajlayır. Belə bir şəraitdə özünə hörmət edən, prinsipial qəzetlər təbii ki, cəmiyyətə həqiqəti çatıdmalıdır. Bu gün “Azadlıq” qəzeti bütün çətinliklərə baxmayaraq, ağır şərtlər daxilində ölkə vətəndaşlarına dəqiq informasiya çatdırır, hakimiyyətin yalanlarını ifşa edir. Eyni zamanda beynəlxalq aləmin Azərbaycan hakimiyyətindən tələblərini də dərc edir.
Indi müxtəlif mətbuat orqanları “Azadlıq”ı yenidən hədəf seçib və qəzetin ölkəni gözdən saldığını, ermənilərin ruporuna çevrildiyini, inkişafı gözü götürmədiyini tiraclayırlar. Əsas günahımız isə xarici mətbuatda dərc olunmuş materialları tərcümə edərək, dərc etməyimizdir.
Əvvəla, bu materiallar xarici mətbuatda dərc olunubsa, deməli dünya ictimaiyyəti həqiqəti bilir və hakimiyyət öz addımları ilə ölkəni gözdən salıb. Belə çıxır ki, biz ölkəmizlə bağlı materialları ölkə vətəndaşına çatdırdığımıza görə ittiham edilirik. Saəbəb çox sadədir. Hakimiyyət istəyir ki, ölkə vətəndaşı AzTv-nin yalanları ilə qidalansın və hakimiyyətin dünyada heç bir nüfuzunun olmadığını öyrənməsin.
Hakimiyyət dünyada heç bir nüfuza malik olmayan qəzetlərdə özünə tərif yazdırır və bunu ölkə vətəndaşına sırayır. Biz də dünyanın ən nüfuzlu mətbuat orqanlarının Azərbaycan haqqında yazdıqlarını tiraclayırıq. Hər bir ölkə vətəndaşının haqqıdır ki, dünyanın ölkəsinə münasibətini bilsin.
Digər tərəfdən hakimiyyətin “Azadlıq”ı hədəf seçməsi bu qəzetin nüfuzu ilə bağlıdır. Hakimiyyət dərk edir ki, milyonlarla vəsait hesabına ərsəyə gətirdiyi qəzetlərin, saytların oxucusu yoxdur və bu rejim törəmələrinə vətəndaşlar inanmır. Ona görə də yeganə müstəqil qəzet kimi fəaliyyətini davam edən “Azadlıq” qəzetinə qarşı şər-böhtan kampaniyası aparırlar. Bunlar istəyir ki, ölkə başdan-ayağa yaltaqlıq, məddahlıq saçan qəzetlərlə dolsun. Bəli, “Azadlıq” qəzeti həqiqətləri yazdığına görə, hakimiyyətin korrupsioner mahiyyətini ifşa etdiyi üçün hədəfdədir.
Amma yarınmaq üçün fürsət axtaran adamlar yaxşı olar ki, günahı hakimiyyətdə axtarsınlar. Özlərində cəsarət tapıb, hakimiyyətdən hesab tələb etsinlər. Beynəlxalq təşkilatların, nüfuzlu media orqanlarının siyasətini “Azadlıq” müəyyənləşdirmir. Araşdırmaçı jurnalistlər hakim ailədən tutmuş, iri məmurlara qədər bütün şəxslərin cinayət əməllərini ortaya çıxarırlar. Bu faktlar isə dövlətin imicini təhdid edir.
Özünüzdə cəsarət tapın və bütün dünyanı Azərbaycanla düşmən edən hakimiyyətin yaxasından yapışın. Ölkənin sərvətlərini talan edən bir hakimiyəti tərifləmək öhdəliyimiz yoxdur. Ölkənin ən vicdanlı, savadlı, vətənpərvər insanlarını “vətən xaini” kimi təqdim edən bir hakimiyyət, layiq olduğu kimi təbliğ edilməlidir. Ona görə də beynəlxalq mətbuatda dərc olunan materialları ictimailəşdirmək bizim borcumuzdur və dövlətə xidmətdir.
Ermənin ruporuna çevrilənlrə isə Bakıda erməni bayrağını dalğalandıranlar, erməniyə “şot” verənlər, erməniyə atalıq edən Rusiya qarşısında səcdə edənlər və ermənipərəst ölkələrdə miyonluq layihələr həyata keçirənlərdi. Yaxşı olar ki, hədəfi düzgün nişan alasınız. Siz ölkənin maraqlarını satanlara qul olmusunuzsa, bu bizim günahımız deyil. “Azadlıq”ı hədəf seçənlərin özləri şərin ruporuna çevrilmiş adamlardı.
Samir