Ənnağı Hacıbəyli: «Avropa Məhkəməsinin hakimləri reputasiyaya sahib, cəmiyyətdə nüfuz qazanmış adamlar olmalıdır»
Namizəd Səfərov: «Onlar Azərbaycanı Avropa Məhkəməsində təmsil etməyə layiq deyillər»
AŞ PA Komitəsində Avropa Məhkəməsinə Azərbaycandan hakimliyə irəli sürülən üç namizəd kifayət qədər yaxşı kvalifikasiyalı olmadığından onların namizədlikləri qəbul edilməyib.
Bu barədə vəkil Xalid Bağırov sosial şəbəkədə məlumat paylaşıb. O qeyd edib ki, irəli sürülən namizədlər Avropa Məhkəməsində Azərbaycan hökumətinin nümayəndəsi Çingiz Əsgərov, Bakı Apelyasiya Məhkəməsinin hakimi Aygün Abdullayeva və 1 saylı Bakı Inzibati Iqtisad Məhkəməsinin hakimi Vüsalə Baxışova olub.
Maraqlıdır ki, hökumətyönlü deputatlar AŞ PA-nın çıxardığı bu qərarı şərh edərkən maraqlı etiraflarda bulunublar. Vurğulanıb ki, Avropa Məhkəməsinə hakimlərin qəbul olunmamasında əsas meyarlar hakimlərin hökumətin tabeliyində işləyib-işləməməsi, icra strukturları tərəfindən nə dərəcədə dəstəklənməsi ilə bağlıdır. Əgər hakim hakimiyyətə yaxındırsa, bu, Avropa Məhkəməsi üçün məqbul sayılmır. Onlar daha müstəqil namizədlərə önəm verirlər. O baxımdan da AŞ PA bizim namizədlərin siyahısını geri çevirib.
Tanınmış hüquqşünas Ənnağı Hacıbəyli bildirdi ki, hakimlərin siyahısı elə tərtib olunub ki, məqsədin Çingiz Əsgərovu Avropa Məhkəməsinə hakim təyin etmək olduğu açıq görünür. Avropa Şurasının isə bu cür hallarda Avropa Konvensiyasında əsas götürülən meyarlara önəm verdiyini deyən Ə.Hacıbəyli bildirdi ki, konvensiyaya görə, hakimlər xüsusi reputasiyaya sahib, cəmiyyətdə nüfuz qazanmış adamlar olmalıdır: “Digər iki namizədin açıq-aşkar Çingiz Əsgərovdan geri qaldığı hiss olunur. Görünür, məqsəd Çingiz Əsgərovun namizədliyini keçirmək olub”.
Tanınmış vəkil Namizəd Səfərov bildirdi ki, hazırda Azərbaycanı Avropa Məhkəməsində təmsil edə biləcək hakimlər yoxdur: “Irəli sürülən namizədlərin siyahısına baxıldıqda isə elə təəssürat yaranır ki, sanki bununla Azərbaycan Avropa Məhkəməsini ələ salmaq istəyir. Onlar Azərbaycanı Avropa Məhkəməsində təmsil etməyə layiq deyillər. Bu baxımdan hesab edirəm ki, bu, düzgün qərardır. O cümlədən Xanlar Hacıyev də Azərbaycanı Avropa Məhkəməsində təmsil etməyə layiq deyil. Hakim müstəqil olmalıdır. Hakim qanunlara əməl etməlidir. Bizim hakimlərdə isə bu kriteriyaların heç biri yoxdur”.
Xəyal