Nurəddin Məmmədli: «Hakimiyyət Azərbaycanın əleyhinə olan təkəbbürlü siyasətdən imtina etməlidir»
Azərbaycan hakimiyyəti son dövrlər demək olar ki, dünyanın bütün demokratik təşkilatlarına qarşı cəbhə açıb. BMT, Avropa Şurası, Avropa Birliyi və digər beynəlxalq qurumlar Azərbaycan hakimiyyətindən demokratik prinsiplərə əməl edilməsini tələb etdikləri üçün qarşıdurma vəziyyəti yaranıb.
Son günlər xüsusən ATƏT-in Bakı bürosu ətrafında qalmaqal yaranıb. ATƏT-nin Bakı bürosunun rəhbəri Aleks Şahtaxtinskinin dövlət başçısı Ilham Əliyevlə foto çəkdirdiyinə görə ABŞ-ın ATƏT-dəki səfiri D.Bayer tərəfindən qınağa tuş gəlməsi Azərbaycan hakimiyyətinin bu təşkilatla münasibətlərində gərginliyin daha da artmasına yol açıb. Nəticə etibarilə Azərbaycan hakimiyyəti ATƏT-nin Bakı bürosunu bağlamaq qərarına gəlib.
ATƏT-nin Bakı bürosunun bağlanması şübhəsiz ki, Azərbaycan üçün müsbət nəticələr vəd etmir. Ekspertlər də hesab edirlər ki, hakimiyyətin bu addımı onsuz da mövcud problemlər üzündən ağır durumda olan ölkəni daha da çıxılmaz vəziyyətə sala bilər.
AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli “Azadlıq”a açıqlamasında bildirib ki, ATƏT ölkələrlə daim əməkdaşlığın uyğun formalarını axtarıb və əməkdaşlıq çərçivəsində zora yol vermədən, beynəlxalq tədbirlərin həllində rol oynayıb. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə edəndən sonra bu təşkilata qoşulmaqla mövcud problemlərin beynəlxalq aləmdə qaldırılması və həlli istiqamətində müəyyən addımların atılmasına nail olub: “Azərbaycan hakimiyyətinin sırf öz maraqlarına görə beynəlxalq təşkilatlarla qarşıdurma vəziyyətində olması ilk mərhələdə ATƏT-in tam statusuna uyğun fəaiyyətinin donduruması ilə müşahidə edildi. Daha sonra isə yarım-statusa malik ATƏT-lə müqavilə imzalandı. Bu gün isə təşkilatın tamamilə ölkədən çıxarılması hakimiyyətin siyasətə çığallıq vasitəsi kimi baxmasının nəticəsidir. Bu cür siyasət də heç bir zaman hansısa ölkəyə hörmət gətirməz”.
Nurəddin Məmmədli xatırladır ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair danışıqlar ATƏT-in Minsk qrupu vasitəsilə həyata keçirilir: “Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, hakimiyyətin dünya siyasətinə şəxsi maraqlar çərçivəsində yanaşması Azərbaycan üçün ciddi problemlər yarada bilər. Eyni zamanda, bu siyasətdən həmin təşkilatlar yox, Azərbaycan hakimiyyətinin özü zərər çəkəcək. Bu gün Azərbaycanın dünya birliyinə olan ehtiyacı beynəlxalq təşkilatların Azərbaycanla bağlı maraqlarından dəfələrlə çoxdur. Bu baxımdan, hakimiyyətin yürütdüyü bu siyasət qınanmalıdır. Hakimiyyət Azərbaycanın əleyhinə olan təkəbbürlü siyasətdən imtina etməlidir”.
Emil