Sumqayıt polisində gənc fəala işgəncə verilib
Satış məqsədi olmadan qanunsuz narkotik saxlamaqda təqsirləndirilərək Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 il yarım azadlıqdan məhrum edilən AXCP üzvü Cabbar Savalanlının işi üzrə Apelyasiya Məhkəməsinin dünən növbəti iclası oldu.
Gənc fəalın məhkəmə prosesini izləməyə onun ailə üzvləri, qohumlarıyla yanaşı, AXCP Rəyasət Heyətinin üzvləri Gözəl Bayramlı, Iradə Əliyeva, Məhəmməd Talıblı, AXCP sədrinin müşaviri Şakir Abbasov, cəbhəçi gənclər, NIDA və “Azad gənclik” hərəkatının fəalları da gəlmişdi. Diplomatik korpusdan ATƏT, Fransa, Norveç səfirliklərinin təmsilçiləri də məhkəmədəydilər. Siyasi sifarişlə həbsə atılan gənc fəal Bəxtiyar Hacıyevin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri də məhkəmə önündəydilər.
Polis yenə peyda olur…
Naməlum səbəbdən bir prosesi (bundan əvvəlkini) izləməkdən boyun qaçıran polislər dünən yenə də məhkəməni əhatəyə almışdılar. Lakin polis bu dəfə məhkəmə önünə gələnlərlə məsafə saxlamağa çalışırdı. Xatırladaq ki, Cabbar Savalanlının Sumqayıtda keçirilən onadək məhkəmə prosesinin hamısında (keçən dəfəki istisna olmaqla) polis prosesi izləməyə gələnlərə qarşı sərt davranıb, zorakılıq və saxlanmalar olub.
Fotofobiya
Məhkəməni izləməklə bağlı yenə də ənənəvi problem yaşandı. Zala cəmi 15 nəfər buraxıldı. Məhkəmə iclasın daha geniş otaqda keçirilməsi tələbini yenə qulaqardına vurdu. Bu prosesdə də jurnalistlərin prosesi normal işıqlandırması üçün kafi imkanlar yaradılmadı; video və fotoçəkilişə izah verilmədən qadağa qoyuldu. Bu günə qədər keçirilən heç bir prosesdə Cabbarın fotosunu çəkməyə icazə verilməyib.
Budəfəki prosesə Cabbar Savalanlı gətirilmişdi. Onun dəmir barmaqlıqlar arxasında oturdulması vəkillərin etirazına səbəb oldu. Vəkillər vəsatət qaldırdılar ki, Cabbar dəmir qəfəsdən çıxarılıb onların yanında əyləşdirilsin. Hakimlər vəsatəti rədd etdilər.
Yalançı şahidlər
Vəkil Anar Qasımovun növbəti vəsatəti məhkəmə istintaqının yenidən başlanma tələbi ilə bağlı oldu. O bildirdi ki, birinci məhkəmə instansiyasında hal şahidləri yalan ifadə verib bununla da həm məhkəməyə qarşı hörmətsizlik olunub, həm də cinayət törədilib: hal şahidlərinin istantaqa və birinci instansiya məhkəməsinə yalan ifadə vermələrini təsdiq etmək üçün Cabbar Savalanlı tutulan gün eyni əməliyyat qrupu tərəfindən tutulmuş Əliyev Vüsal adlı şəxsin cinayət işinin materialları Sumqayıt Şəhər Məhkəməsindən tələb olunmalıdır. Həmin materiallara baxış keçirilərkən bəlli olacaqdır ki, Cabbarın işində hal şahidliyi edənlər Əliyev Vüsalın işində də hal şahidliyi ediblər. halbuki həmin şəxslər həm istintaqda, həm məhkəmədə verdikləri ifadələrində ilk dəfədir hal şahidi qismində cəlb olunduqlarını deyiblər, onlar Cabbar tutulan gün eyni əməliyyatçıların keçirdiyi əməliyyat tədbirlərində iştirak etməyiblər”.
Vəsatətlər
Vəkilin vəsatətdə səsləndirdiyi 3 tələbin (iş üzrə məhkəmə istintaqının təzələnməsi barədə qərarın qəbulu; hal şahidlərinin məhkəmə iclasına dəvət olunaraq yenidən dindirilməsi və onların yalan ifadə vermələrinə hüquqi qiymət verilməsi; narkoloji ekspertin şahid qismində yenidən dindirilməsi) heç biri təmin olunmadı, daha doğrusu məhkəmə vəsatətləri baxılmadan saxladı. Mümkündür ki, növbəti proseslərdə bu vəsatətlərə baxılsın.
Cabbar işgəncələr və həbsi barədə
Məhkəmə prosesində Cabbar Savalanlı həbsi barədə danışdı. O, həbsinin narkotiklə qəti bağlı olmadığını deyərək, siyasi sifarişin nəticəsi kimi zindana atıldığını bildirdi. Cabbar Savalanlı dedi ki, onun həbsi gəncliyin gözünü qorxutmağa və Azərbaycandakı inqilabi dəyişiklikləri önləməyə xidmət edib. Spirtli içki, siqaret çəkmək kimi vərdişləri olmadığını, narkotiklə isə ümumiyyətlə, yaxınlığı olmadığını vurğulayan gənc fəal saxlandığı gün ona qarşı edilən zorakılıq və işgəncələrdən də söz açdı. Cabbar bildirdi ki, fevralın 5-də gecə saat 7 radələrində evlərinin önündən tutularaq, polisə aparılıb. Bu zaman isə onun əli-qolu açıq, özü də avtomobilin arxasında oturub.
“Istər avtomobildə, istərsə də üstümdə axtarış aparılana qədər keçən uzun müddətdə imkanım var idi ki, cibimdə nəsə vardısa onu atım. Ancaq heç nə olmadığından bunu etməmişəm” – deyən Cabbar polisdə döyüldüyünü bildirdi. O dedi ki, saxta ifadəyə qol çəkmək üçün ona psixoloji təzyiqlər edilib, stolun üstünə yıxaraq onun başına zərbələr vurublar. Cabbarın bildirdiyinə görə, Sumqayıt Şəhər Polis Idarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Faiq Mirzəyev ona elə saxlanıldığı gün “sənin qələmini yuxarıdan qırıblar” deyib.
***
Növbəti məhkəmə prosesi iyulun 7-i saat 15-də keçiriləcək.
Natiq