ABŞ-ın «Newsweek» jurnalı Azərbaycandakı repressiyalardan yazır
«Azərbaycan hökuməti Avropa Oyunları vasitəsilə ölkədəki repressiyaları pərdələməyə çalışır»
Avropa Oyunları yaxınlaşdıqca beynəlxalq medianın Azərbaycandakı vəziyyətə diqqəti də artır. Məqalələrdə vurğulanır ki, birinci Avropa Oyunları insan haqlarının acınacaqlı vəziyyətdə olduğu, hökuməti tənqid edənlərin repressiyalara məruz qaldığı, korrupsiyanın tüğyan etdiyi ölkədə keçirilir. Bu qəbildən olan daha bir geniş məqalə ABŞ-da nəşr olunan “Newsweek” jurnalında dərc olunub. Tirajı 1 milyon yarım olan jurnal sözügedən məqaləni “Azərbaycan qlamur Avropa Oyunları vasitəsilə ölkədəki dözümsüzlük və repressiyaları pərdələməyə çalışır” başlığıyla yayımlayıb.
Müəllif Adam LeBor yazır:
“Iyunun 12-də Azərbaycanın paytaxtı Bakıda Avropa Oyunlarının açılışı olacaq. Təxminən 50 ölkədən 6000-dək idmançı bu turnirdə rəqabət aparacaq.
Amma ölkənin tanınmış araşdırmaçı jurnalisti olan Xədicə Ismayılova Avropa Oyunlarını görə bilməyəcək. “Azadlıq” radiosunun əməkdaşı olan Xədicə Ismayılova bugünlərdə 39 yaşanı həbsxanada keçirdi.
Ismayılova ölkənin hakim elitasının biznes fəaliyyətini araşdırmağa başlayandan sonra dəfələrlə təqiblərə, qarayaxma kampaniyalarına, şantaja məruz qalıb. Hətta bir mərhələdə onu susdurmaq üçün evinə gizli şəkildə quraşdırılmış kamera vasitəsilə lentə alınan intim görüntüləri də internetdə yayımlandı. Buna baxmayaraq, onu susdurmaq mümkün olmadı və Ismayılova keçən il dekabrın 5-nə qədər fəaliyyətini davam etdirdi. Həmin gün isə o, keçmiş həmkarını özünü öldürmək cəhdinə təhrikdə ittiham edilərək həbs olundu.
Onun həbsindən üç həftə sonra isə onun işlədiyi radionun ofisində reyd keçirildi. Müstəntiqlər və silahlı polislər “Azadlıq” radiosunun Bakı bürosunda axtarış apararaq, sənədləri, avadanlıqları müsadirə etdilər, radionun əməkdaşlarını isə bir neçə saat saxladılar.
Ismayılovaya verilən ittiham üzrə şikayətçi kimi təqdim olunan şəxs ərizəsini geri götürdü. Buna baxmayaraq, az sonra Ismayılovaya qarşı yeni ittihamlar toplusu irəli sürüldü: mənimsəmə, vəzifədən sui-istifadə, vergidən yayınma, qanunsuz sahibkarlıq. Bu ittihamlar üzrə Ismayılovanı 12 ilə qədər həbs cəzası gözləyir.
“Ittihamlar absurddur. Sadəcə, Azərbaycandakı rejim onu uzun müddət həbsxanada saxlamaq niyyətindədir. Amma Xədicə güclüdür və döyüşkəndir. Onun iradəsini sındıra biləcək hökumət və ya rejim yoxdur”, – deyə “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyev bildirib.
Mayın 5-də Xədicə Ismayılova Amerikada PEN Mərkəzin mükafatına layiq görüldü. Ismayılovanın məsələsinə beynəlxalq diqqət var. Əvvəla, “Azadlıq” radiosu ABŞ Konqresi tərəfindən maliyyələşdirilir. Üstəlik, Ismayılova Azərbaycanda həbsdə olan çoxsaylı jurnalist, blogger, hüquq müdafiəçilərindən biridir. “Sərhədsiz Reportyorlar” təşkilatının söz azadlığı reytinqində Azərbaycan 180 ölkə arasında 162-ci yeri tutur. Jurnalistləri Müdafiə Komitəsinin hesabatında Azərbaycanda senzuranın ən çox tətbiq olunduğu ölkələr arasında beşinci yerdədir. Azərbaycan senzura məsələsində Iran, Çin, Kuba kimi ölkələrdən də irəlidədir.
Azərbaycan hökuməti ölkənin kapitalını, Bakını göstərmək məqsədilə Avropa Oyunlarından fürsət kimi yararlanmağa çalışır. Onlar 2012-ci ildə Bakıda “Eurovision” musiqi yarışması keçirilərkən də bu cür davranmışdılar. Avropa Oyunlarının təşkilatçısı Avropa Olimpiya Komitəsidir. Turnirin sponsorları arasında “Tissot” saatları, “Coca Cola”, “Mc Donald’s” da var.
Hazırda idman aləminin diqqəti FIFA-dakı xaosa yönəlib. Fəallar deyir ki, Bakıda artan repressiyalara da diqqət yetirmək, müəyyən addımlar atmaq vacibdir.
“Üzdə parlaq, qlamur görünən Azərbaycanda vəziyyət heç vaxt indiki qədər pis olmayıb. Xədicə Avropa Oyunlarının məhbusudur və rejim onu həbsdən buraxmaq istəmir. Azərbaycanda hökuməti tənqid edənlərin demək olar ki, hamısı ya həbs olunub, ya ölkədən qaçıb, ya da təzyiq yolu ilə susdurulub”, – deyə “Insan haqları naminə idman!” kampaniyasının koordinatoru Rebekka Vinsent bildirib.
Ilham Əliyevin repressiyalarının artması ilə əlaqədar bütün Avropa və ABŞ-dan həyəcan təbili çalınır. Aprelin 13-də 45 nəfər amerikalı keçmiş məmur, ekspert, təşkilat və aktivistlər ABŞ dövlət katibi Con Kerriyə müraciət edib. Məktubda göstərilib ki, hazırda Azərbaycandakı siyasi məhbusların sayı Belarus və Rusiyada birlikdə olduğundan iki dəfə çoxdur. Onlar ABŞ hökumətini insan haqlarını pozan azərbaycanlı məmurlara sanksiyaların tətbiqinə, o cümlədən viza qadağası, aktivlərin dondurulması kimi addımların atılmasına çağırıblar: “Nə qədər ki, Azərbaycan hökuməti repressivdir, avtokratdır, beynəlxalq ictimaiyyət arasında nüfuz qazana bilməz. O, seçim etməlidir”.
Azərbaycan hökumətinin müdafiəçiləri iddia edir ki, bu ölkə qeyri-stabil regionda “sabitlik adasıdır”, Qərbin müttəfiqidir. Azərbaycan Avropa Şurasının, ATƏT-in, Avropa Ittifaqının “Şərq Tərəfdaşlığı” Proqramının üzvüdür. Neftlə zəngin olan bu ölkənin Israillə sıx əlaqələri var.
Ilham Əliyev indiyə qədər özünün balanslaşdırma siyasətini davam etdirirdi. Amma baş verənlər göstərir ki, artıq rejim sarsılıb. Ilham Əliyev mayın 21-də Riqada Avropa Ittifaqının “Şərq Tərəfdaşlığı” sammitində iştirak etmədi. Iddia etdi ki, Avropa Oyunlarına hazırlıqla əlaqədar çox məşğuldur.
Xədicə Ismayılovaya gəlincə, o, prinsipialdır. O, həbsxanadan yazır: “Biz həqiqətin həyat normasına çevrildiyi, həqiqəti deməyin xüsusi cəsarət tələb etmədiyi ölkə qurmalıyıq”.