Türkiyədə tanınmış tədqiqatçı alim, tarix elmləri doktoru Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” nəşr edilib. (Qeyd edək ki, bu ensiklopediya bundan əvvəl Bakıda və Moskvada da Azərbaycan və rus dillərində nəşr edilmişdi).
"Azərbaycan Kültür Dərnəyi" Yayınları olaraq (Yayın sayısı-59) bu kitab Ankaradakı “Nərgiz” mətbəəsində nəşr edilib. Kitabı Türkiyə türkçəsinə Tuncər Kirhan, Nəsrin Ünal və Səlcuq Önal çevirmişlər. Iki min tirajla nəşr edilən kitabın Ankaradakı “Sürməli” otelin böyük zalında təqdimatı keçirilib. Giriş sözü olaraq “Azərbaycan Kültür Dərnəyi”nin başqanı Cəmil Ünal çıxış edib və ensiklopediyanın əhəmiyyətindən, Türkiyə mühiti üçün önəmli məqamlarından danışıb. Sonra çıxış edən müəllif N.Yaqublu ensiklopediyanın nəşrinə verdiyi dəstəyə görə “Azərbaycan Kültür Dərnəyi”nə, eləcə də bu kitabın nəşrində əməyi keçən hər bir kəsə dərin təşəkkürlərini bildirib.
Tədbirdə Türkiyənin keçmiş Səhiyyə Naziri Enis Öksüz, M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Bakı Dövlət Universitetinin professorları Almaz Məmmədova və Nüşabə Məmmədova iştirak ediblər.