"Hürriyet" qəzeti Xədicə İsmayılın başına gətirilən müsibətlərdən yazdı
Tolqa Tanış (Türkiyənin “Hürriyet” qəzeti)
Xədicə üçün…
Azərbaycanlı bir jurnalist Xədicə Ismayılova. “Azadlıq” radiosunun Azərbaycan bürosunda çalışarkən prezident Ilham Əliyev haqqındakı korrupsiya iddialarını araşdırmağa başlayır. Və sonra başına gəlməyən qalmır. Evinə yerləşdirilən gizli kameralar. Internetdə yayılan seks videoları. Və ən son da bir jurnalist dostunu intihara sövq etmək, vergidən yayınma kimi əsassız ittihamlarla həbsxanaya atılır. Altı aydır ki, içəridədir.
Çox tanış gəlir? Ancaq sizinlə paylaşmaq istədiyim hekayənin əsl təəccüblü tərəfi bundan sonra oldu. Mənimlə birlikdə Ismayılovanın da üzv olduğu beynəlxalq araşdırmaçı jurnalistlər təşkilatı – Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Xəbər Layihəsi Ismayılovaya qarşı haqsızlıqdan sonra bənzəri görünməmiş bir işə başladı. Və Azərbaycandakı korrupsiya iddialarını araşdırmağa başladı. Isveçdən Azərbaycana, Isveçrədən Türkiyəyə qədər dünyanın dörd bir tərəfindən jurnalistlər olaraq, “Xədicə proyekti” üçün bir araya gəldik. Və beynəlxalq bir araşdırma apardıq. Azərbaycanın telekommunikasiya sektorunda təpələrə qədər uzanan rüşvət ittihamlarına dair əhatəli bir araşdırma apardıq. Aylardır üzərində işlədiyimiz proyekti bu həftə bitirdik. Ismayılova həbsdən çıxa biləcəkmi, bilmirəm. Amma Azərbaycanda nələrin baş verdiyini sizin bilməyiniz, həm də bu yeni növ junalist həmrəyliyinin Türkiyəyə də örnək olması üçün bu barədə anlatmaq istədim.
Hekayə 1996-cı ilə gedib çıxır. “Türkcell” Azərbaycan bazarına da girməyə qərar verir. Və o il Azərbaycan dövləti ilə ortaq “Azercell”i qururlar. Ancaq sonra “Türkcell” bəzi bürokratik çətinliklər yaşamağa başlayır. Bu çətinlikləri aşmaq üçün də Əliyev ailəsinə yaxın olduğu iddia edilən, mərkəzi Istanbulda olan “Cenay Inşaat”la ortaq olur. “Türkcell” və “Cenay” birlikdə Istanbulda “Azertel” şirkəti qurur. “Türkcell” “Azercell”dəki səhmlərini “Azertel”ə gətirir. Sonra Azərbaycan dövləti də “Azercell”dəki səhmlərinin bir qismini bura yönəldir. Və “Azertel” “Azercell”in 64.3 faizinin sahibi olur. Bu şəriklikdən sonra “Azercell”in işləri yaxşılaşmağa başlayarkən, 2000-ci ildə “Türkcell”in Türkiyədəki ortağı, finlandiyalı “Sonera” işə qarışır. Həmin il “Türkcell” bütün xarici şirkətlərdəki səhmlərini “Sonera”nın mülkiyyətinin yerləşdiyi Hollandiyada qurulmuş “Fintur Holdinq”lə birləşdirir. Və iki sonra isveçli “Telia” ilə birləşən “Sonera” “Fintur” vasitəsilə bir anda “Azercell”ə nəzarəti ələ keçirir. Artıq 2003-cü ildə “Azercell” Azərbaycanda neft nəhəngi olan SOCAR-dan sonra ən çox vergi ödəyən ikinci şirkətə çevrilir. Və abunəçilərinin sayı bir milyona çatır. Amma nədənsə… Ən gəlirli xarici səhmdarlardan biri olduğu halda, “TeliaSonera” birdən-birə “Azercell”dəki səhmlərini başqa firmalara təhvil verməyə başlayır. Necə?
Səhm təhvilvermələrinin ən önəmlisi 2005-ci ildə həyata keçirilir. “Azertel”in səhmdarı “Cenay Inşaat” həmin il “Cenay Iletişim”i (“Cenay Rabitə”) qurur. Və “TeliaSonera”dan o vaxt “Fəcercell”in 6.5 faizinə sahib olan “Cenay Inşaat”ın haqlarının “Cenay Iletişim”ə keçməsini istəyir. “TeliaSonera” bu tələbi 23 sentyabr 2005-ci il tarixli qərarı ilə yerinə yetirir. Bir aydan bir qədər artıq müddət sonra isə Cenay Qrupu “Cenay Iletişim”dəki səhmlərini sahibləri gizli saxlanılan iki şirkətə verir. Kimə? Əliyev ailəsinin gizli şirkətlərinin yerləşdiyi Panamadakı “Dilsan Investment” və “Colville Group”a. Araşdırma zamanı bu şirkətləri də daha öncə Ilham Əliyevin qızları Leyla və Arzunun adına Panamada gizli şirkətlər quran “Morgan & Morgan” adlı şirkətin qurduğunu gördük. Həmçinin bu şirkətlərin sənədləri də yenə Əliyev ailəsinin Panamadakı işlərinə kömək edən isveçrəli vəkil Olivier Mestelan tərəfindən imzalanıb. Və ən önəmlisi… Bu Panama şirkətlərinin “Cenay Iletişim”i 6.5 milyon dollara satın aldığı ortaya çıxır. Yəni, o dönəmdə 400-700 milyon dollarlıq bir bazar qiymətinə sahib olan “Azercell”in real qiymətindən çox aşağı qiymətə. Və bu əməliyyat nə “TeliaSonera”, nə “Türkcell”, nə də “Fintur”un illik hesabatında öz əksini tapmayıb. “Cenay Qrup”un Idarə Heyəti üzvü Uğur Uzpeder belə gəlirli şirkətdəki səhmlərini niyə bu qədər ucuz qiymətə satdıqları barədə suala belə cavab verib: “Satmağımız bizim xeyrimizə idi. Artıq bir şey deyə bilmərəm. Ona görə”.
Səhmlərin Panamadakı şirkətlərə təhvil verilməsindən sonra iş orada qalmır. “TeliaSonera” zaman-zaman üzləşdiyi təzyiqlər nəticəsində bu cür səhm təhvilvermələrini davam etdirir. Və beləcə, Panamadakı “məchul” patronların sahib olduğu “Cenay Iletişim”in pul maşını olan “Azercell”dəki səhmləri özəlləşdirmələrdən sonra 42 faizə qədər yüksəlir. “TeliaSonera”nın hər dəfə təsdiqlədiyi səhm təhvil-təslimindən sonra Əliyev hökuməti “Azercell”in gözlədiyi lisenziyanı təsdiqləyir. Apardığımız hesablamalara görə, bu cür səhm təhvilvermələri nəticəsində Azərbaycan xalqı ən azı, 600 milyon dollar ziyana düşüb. Məsələ indi “TeliaSonera”nın mərkəzi ofisinin yerləşdiyi Isveçdə araşdırılır. Çünki “TeliaSonera”nın daha öncə Özbəkistanda da rüşvət verdiyi ortaya çıxmışdı. “TeliaSonera”nın yeni icraçı direktoru Yohan Dennelind Azərbaycanla bağlı rüşvət qalmaqalı haqda suala belə cavab verib: “Bunu sübut edə bilmərik. Amma bu ehtimalı tamamilə istisna elə də bilmərik”.