“Siz artıq xalqımızın mübarizə simvollarından birinə çevrilmisiniz”
AXCP sədri Əli Kərimli həbsdə olan jurnalist Xədicə İsmayılı doğum günü münasibətilə təbrik edib. AXCP liderinin facebook səhifəsində yaydığı təbrikdə deyilir:
Əziz Xədicə xanım! Sizin ad gününüzü təbrik edirəm. Sizə can sağlığı və xoşbəxtlik arzulayıram. Çox təəssüf edirəm ki, siz ad gününüzü məhbəsdə keçirirsiniz. Bilirəm ki, həbsdə də mübarizə əzminizi, nikbinliyinizi qoruyub saxlayırsınız. Düz edirsiniz, Xədicə İsmayıl başqa cür ola bilməzdi. İnanıram ki, tezliklə şərlənərək salındığınız həbsxanadan çıxacaqsınız. Azərbaycan üçün görəcəyiniz daha mühüm işlər hələ qabaqdadır. Amma istərdim ki, həbsxana divarları arasında ötən illərinizə nəzər salıb, ömrünüzün indiyə qədərki hissəsinə görə özünüzə hesabat verəndə, əmin olasınız ki, bu gənc yaşınızda artıq çox böyük işlər görə bilmisiniz.
Sizin cəsarətli korrupsiya araşdırmalarınız, rejimin çirkin şantajı qarşısında qorxub geri çəkilməməyiniz, hər zaman təqib olunanların, haqqı əlindən alınanların yanında olmanız, ədalət və azadlıq uğrunda cəsur mübarizəniz, xalqımızın şərlə apardığı şərəfli mübarizəni beynəlxalq müstəviyə çıxarmanız, həbs olunduqdan sonra da mübarizəni davam etdirməyiniz Azərbaycan xalqının avtoritar rejimlə mübarizə səlnaməsinin şərəfli səhifələridir.
Xədicə xanım, əmin olun ki, sizi, apardığınız mübarizəni qiymətləndirənlər lap çoxdur. Sizin zənn edə biləcəyinizdən də çoxdur. Böyük çoxluq sizin nəyə görə həbs olunduğunuzu, nələr uğrunda mübarizə apardığınızı yaxşı bilir, bu mərd mübarizənizə görə sizə minnətdardır. Siz artıq xalqımızın mübarizə simvollarından birinə çevrilmisiniz.
Bir daha ad gününüz mübarək. Allah qapınızı açsın!