1967-ci ildən mənzil növbəsində olan hələ də mənzil almayıb
"Nə olar, həmin villalardan ən kiçiyinin birini də bizim ailəyə verərdiniz"
Bakı şəhəri Səbail rayonu, 20-ci sahə, Ş. Allahverdiyev küçəsi Dalan 1, ev 34, mənzil 5-də yaşayan Ağayeva Gülnarə İsmayil qızı tərəfindən redaksiyamıza məktub daxil olmuşdu. Şikayətşi xanım ürəkağrıdıcı ifadələrlə problemini dilə gətirir, onun səsinin yuxarı dairələrə çatdırılması üçün redaksiyamızdan kömək istəyirdi. Biz də həmin xanımın dərdinə şərik olmaq üçün onun qonağı olmaq qərarına gəldik.
Məktubda göstərilən ünvana çatanda hər gün televeziyalarda bar-bar bağrilan Bakıda deyil, hansısa baxımsız kənddə olduğumuzu hiss etdik. Deyilən ünvanda bizi 70 yaşlarında olan bir ahıl qoca qarşıladı. Dərdlərini dilə gətirən İsmayıl kişi 33 il neft sənayesində işlədiyini bildirdi. İndi xəstə olduğunu, hər iki böyrəyinin nasaz olmasından, mədəaltı vəzisinin yırtıq olmasından, öd kisəsində daş olmasından gileyləndi. Dəfələrlə Neftçilər xəstəxanasına müracıət etsə də onun müalicəsinə şərait yaradılmamasını bildirdi. Yana-yana "eybi yox, qoy mən ölüm, amma bunlara ev versinlər, o zaman bəlkə məzarda rahat olaram. Bu qızım çox zülmlər görüb, 15 ildir mənim evimdə qalırlar, şərati də görürsüz. Belə yerdə adam yaşayar? Axı balam gələcəyin dörd əsgərini böyüdür. Onların halına açıyan bir məmur tapılmır ki, tapılmır. Müraciət olunmayan yer qalmayıb" deyərək göz yaşlarına hakim ola bilmədi.
Gülnarə xanımın həyat yoldaşı Mirzəağa Ağayev 6 nəfərlik ailə ilə yerləşdikləri mənzili bizə göstərdi. Uşaqların dərs hazırladıqları stol özbək masalarını xatırladırdı, otaqda cəmi iki çarpayı vardı, zatən 6 çarpayını ora yerləşdirmək də mümkün olmazdı. Mirzəğa bildirdi ki, uşaqlar kiçik olanda hərbidə olduğu kimi üst-üstə yerləşən çarpayılar düzəltmişdim. Orda yatırdılar, artıq böyüyüblər, ora yerləşmədikləri üçün sökməyə məcbur qaldım, indi yerdə yatırlar. Yer isə rütubətdir. Qorxuram uşaqların sağlamlığı üçün problem ola.
Daha sonra isə Gülnarə xanımın özünü dinləyirik. Məlum olur ki, 1990-cı il Bakı şəhərində komendant saatı hökm sürdüyü bir zamanda Sovet hərbçilərinin zirehli maşınının sərnişin avtobusu ilə toqquşması zamanı ağır xəsarət alıb. Ona ikinci qrup əlillik dərəcəsi verilsə də "20 yanvar əlili" statusundan kənar qalıb. Gülnarə Ağayevə bildirir ki, 1998-ci ildən ailə həyatı qurub. 4 oğul uşaq anasıdır.
“2009-cu ildən Səbail rayonunda mənzil növbəsinə durulmuşam. Dəfələrlə müraciət etmişəm ki, bəs deyirdilər 3 uşaqlı ailələrə ev veriləcək, nə oldu? Məni nə vaxt mənzillə təmin edəcəksiniz suallarıma bu ölkədə konkret cavab verəcək kimsə yoxdur. Verilən cavab isə belə olur: “Mənzil fondu yoxdur, dövlət ev tikmir.” Mənə bildirirlər ki, ümumi siyahıda 1168-ci, güzəştli siyahıda
565-ci, əlilliyə görə olan siyahıda isə 54-cüyəm. Ərizə ilə Səbail rayon icra hakimiyyətinə müraciət etdim ki, növbəmin nə vaxt çataçağını öyrənim. Ərizəmi cavablandıran Səbail rayon icra hakimiyyəti “№ 6-A-5 saylı , 26.01 . 2012 – ci il tarixli , № 6-A-3 saylı və 23.01.2015- ci il tarixli cavab məktubunda bildirir ki, Bakı şəhəri , Səbail rayonu , Ə. Nəzmi küçəsi , 4 ünvanın sakini Əliyev Əşrəf Yusif oğlu 21.08.1967– ci il tarixdə , 5 nəfər ailə tərkibində yaşayış yeri üzrə Səbail rayon icra hakimiyyətində mənzil növbəsinə götürülmüşdür , sıra sayı 1-dir.” Bu cavab məni lap umidsizliyə düçar edir. Demək 1967-ci ildən növbəyə duran adam hələ də mənzil almayıbsa, onda mən tamam əlimi üzməliyəm. Əlillər arasında ayrıseçkilik yaratdıqlarına və bu vaxta qədər mənzil vermədiklərinə görə , güzəştlərin nəzərə alınmadığına , 1967-ci ildən mənzil gözləyənlərin olması aqibəti məni narahat etdiyindən bütün aidiyyatı qürumlara müraciət etməli oldum. Demək olar ki, məni ümidləndirən heç bir cavab olmadı. Yalnız Milli Məclisin üzvü Aydın Mirzəzadənin cavabı istisna olmaqla.” Millət Vəkilindən aldığı 01 dekabr 2014- cü il tarixli , 10 /47- 365 dp saylı məktubu bizə göstərir. Biz isə həmin məktubu oxucalara təqdim edirik.
"Hörmətli Səlim müəllim, Bakı şəhər sakini Ağayeva Gülnarə İsmayıl qızı 18 noyabr 2014 – cü il tarixində daxilolma nömrəsi № 2630 olan ərizə ilə mənə müraciət edib . Müraciətdə o, II qrup əlil və dörd oğlan uşağı anası olduğunu və uzun illərdir ki , mənzil almaq üçün növbəyə dayandığına baxmayaraq indiyədək mənzillə təmin edilmədiyini qeyd edir . Qadın öz övladları ilə atası evində yaşadığını bildirir .
Ağayeva Gülnarə İsmayıl qızının ağır ailə vəziyyətini nəzərə alaraq istisna kimi onun nazirlik xətti ilə mənzillə təmin edilməsinə köməklik göstərilməsini nəzərdən keçirmənizi xahiş edirəm."
Qəhər içində boğula-boğula sözlərinə davam edir: “Cənab Prezidentimiz dəfələrlə bəyan edib ki , vəzifə sahibləri xalqın hizmətçisidir. Mənim atam da illərdir bu dövlətə xidmət edib. Mən ailə qurduğum gündən mənim ailəmi öz evinə buraxıb. Belə bir hizməti Cənab Səlim Müslümovdan xahiş etsək ki, bir ildə məni öz evinin bir küncünə buraxsın, buraxarmı? Təbii ki , buraxmaz. Dörd oğlan uşağı dünyaya gətirdim , onlar vətənin gələcək əsgərləridir, dərslərini də yaxşı oxuyurlar. Hamısı da idmanla məşğuldur. Az-çox nailiyyətləri də var. Öz yaşlarında hər birinin onlarla fəxri fərmanı və medalları var. Prezidentimiz hər zaman idmana və idmançılara qayğıdan danışır. Axı mənim də övladlarım gələcəkdə yaxşı idmancı ola bilərlər. Mən onların indidən qazandıqları uğurları davam etdirəcəklərinə əminəm. Bunun üçün onlara ilk növbədə şərait yaradılmalıdır. Daha döşəmədə yatıb xəstə olmamalıdırlar.”
Sonda isə Gülnarə xanım yenə ölkə başcısına müraciət etdi: "Cənab prezident, bu günlərdə mən televeziya ilə sizin müşavirəni seyr etdim. Orda bildirdiniz ki, ölkədə bir çox villalar tikilib, onların sahibləri bilinmir. Siz də onları uçurtmaq qərarı vermisiniz. Nə olar, həmin villalardan ən kiçiyinin birini də bizim ailəyə verərdiniz. Bu həm Allaha xoş olardı, həm də o villanı tikdirənlər üçün bir savab. Biz də sizə duaçı olardıq."
Bəyim Həsənli