"Bakı şəhəri Binəqədi rayonunun ərazisində baş verən yanğınla əlaqədar məni istintaqa çağırmayıblar". Bunu "Report"a açıqlamasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov deyib.
O bildirib ki, hadisə ilə bağlı icra hakimiyyətindən yalnız 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş, hazırda isə rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.