O, azyaşlı qızının Rusiyaya aparılmasına etiraz edir
Qusar rayonu, Müqtədir küçəsi 208 saylı ünvanda yaşayan Mahir Orucov “Azadlıq”a müraciət edib. Müraciət müəllifi Qusar rayon məhkəməsinin 02 mart 2015-ci il tarixli qətnaməsindən şikayətini bildirib:
“Qusar rayon məhkəməsinin məlum qətnaməsiylə iddiaçı Elnarə Çələbiyevanın mənə qarşı razılığım olmadan yetkinlik yaşına çatmayan uşağımın ölkədən getməsi və gəlməsinə dair iddia tələbi qanunsuz və əsassız olaraq təmin edilib. Ilk instansiya məhkəməsi qətnamə qəbul edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tətbiqində və təsvirində səhvə yol verdiyindən apellyasiya tələbim təmin olunmalı və həmin qətnamənin ləğv edilməsinə dair qərar verilməlidir.
1999-cu ildə rəsmi qaydada nikahla ailə həyatı qurmuşam. Həmin nikahdan 21 noyabr 2004-cü ildə Albina adlı qızımız dünyaya gəlib. Ailə münasibətlərimiz uyğun gəlmədiyi üçün nikahımız məhkəmə qaydasında ləğv edilərək qızım iddiaçının himayəsində saxlanılıb. Uşağın saxlanılması üçün məhkəmə qərarına əsasən müəyyən edilən alimenti müntəzəm olaraq ödəmişəm və uşağımla ünsiyyət qurmuşam. Lakin son dövrlər iddiaçı məni uşaqla ünsiyyətdə olmaq hüququmdan məhrum edib. Məhkəmə uşağın Rusiyaya nə məqsədlə aparılmasına aydınlıq gətirmədən ölkədən getmək və gəlmək, pasportlar haqqında qanunvericiliyə əsaslanıb. Iddiaçı Rusiyada tanımadığım bir şəxslə evlənib. Keçmiş həyat yoldaşım Azərbaycanda dünyaya gələn və vətəndaş olan qızımı daimi olaraq Rusiyaya aparmaq istəyir. Məhkəmə bu faktı araşdırmadan vətəndaşın hüquqlarının pozulmasına yönəlik qətnamə çıxarıb. Uşaq burda xəstəliyilə əlaqədar müalicəsi mümkün olmadıqda, valideynlərdən biri əsassız olaraq razılıq verməyəndə, məhkəmə qaydasında yetkinlik yaşına çatmayan uşağın ölkədən getməsi və gəlməsinə dair qətnamə çıxara bilər. Iddiaçının heç bir hüquqverici əsas göstərmədən məhkəmə tərəfindən iddia tələbinin təmin olunmasını qanunlarımıza qarşı hörmətsizlik kimi qiymətləndirirəm.
Hesab edirəm ki, ilk instansiya məhkəməsi iddia tələbinə baxarkən iddiaçının mövqeyindən çıxıb edib və qanunsuz yollarla onun mövqeyini müdafiə edərək ədalətsiz qətnamə qəbul edib. Xahiş edirəm, Qusar rayon məhkəməsinin 02 mart 2015-ci il tarixli qətnaməsinin ləğv olunmasına dair qətnamə çıxarılmasına kömək edin".
Sosial şöbə