Müzəffər Baxışov: «Baş verən olayla bağlı cinayət işi açılsa da heç kim məsuliyyətə cəlb olunmadı»
Mayın 19-da Binəqədi rayonundakı yaşayış binasında baş verən dəhşətli yanğın 16 nəfərin canına qəsd etdi. Sakinlərin dünyasını dəyişməsi və onlarla insanın müxtəlif bədən xəsarəti alması hakimiyyətin şəhər memarlığı ilə bağlı apardığı məsuliyyətsiz siyasət nəticəsində baş verdi. Binaların yanğına davamsız materiallardan üzlənməsi bu faciəni qaçılmaz edirdi.
Əslində, təxminən bir ay əvvəl aprelin 10-da Nobel prospektində yerləşən yaşayış binasında baş verən yanğın sanki bizə bir xəbərdarlıq mesajı idi. Həmin binada da yanğına səbəb binanın üzlüyünün yanğına davamsız olması idi. Amma xoşbəxtlikdən Nobel prospektindəki yanğın insan tələfatı olmadan ötüşdü. Baş verən olayla bağlı cinayət işi açılsa da, heç kim məsuliyyətə cəlb olunmadı. Halbuki ciddi istintaq aparılaraq real nəticələr ortaya qoyulsaydı, həmin materiallarla üzlənən binaların təhlükə mənbəyi olduğu həmən vurğulansaydı, bəlkə də bu faciəni önləmək olardı. Lakin bu addımların heç biri atılmadı. Acı nəticə isə göz önündədir.
Hüquqşünas Müzəffər Baxışov hesab edirdi ki, əgər istintaq qrupu Nobeldə baş verən yanğına görə açılmış cinayət işində süründürməçiliyə yol verirsə, onlar barəsində də tədbir görülə bilər. Başqa bir araşdırmanın binalara vurulan örtüklə bağlı olduğunu deyən M.Baxışov bildirdi ki, bu örtüyün özünün yanğına davamlılığı, təhlükəsizliyi indiyə qədər araşdırma predmeti olmalı idi: “Əfsuslar olsun ki, Azərbaycanda istintaq da sifarişlə hərəkət edir. Sifarişlə hərəkət etdiyinə görə, bizdə hərtərəfli, obyektiv istintaq aparılmır. Bəlkə də Nobeldəki olayı ort-basdır edəcəkdilər. Amma Binəqədi də baş verən faciə bu məsələni gündəmə gətirdi və bu məsələnin hərtərəfli araşdırılmalı olduğunu ortaya qoydu. Amma yenə də inanmıram ki, bu istiqamətdə tam obyektiv araşdırma aparılsın və bu məsələyə görə şəxsən məsuliyyət daşıyan kimlərsə – Bakı meri Hacıbala Abutalıbov, Binəqədi Rayon Icra Hakimiyyətinin başçısı məsuliyyətə cəlb olunaraq cəzalandırılsın”.
M.Baxışov bildirdi ki, Bakı şəhərində 800-ə yaxın binanın örtüyünün dəyişdirilməsi ilə bağlı araşdırma nəticəsində milyardlarla vəsaitin mənimsənilməsi faktı üzə çıxa bilər. “Sənəddə binanın aqlaylarla üzlənməsi göstərilsə də, reallıqda binalar ucuz material ilə üzlənə bilər. Inanmıram ki, bütün bunlar ciddi araşdırılacaq. Amma hər bir halda mövcud hakimiyyət ən yüksək vəzifəli şəxsdən tutmuş, ən kiçiyinə qədər məsuliyyət daşıyır. Azərbaycanda normal dövlət olsaydı, vəzifəli şəxslər məsuliyyətə cəlb olunaraq cəzalandırılacaqdı”, deyə M.Baxışov vurğuladı.
Xəyal