Oyunun olsun, akademik Yaqub Mahmudov…
Bir neçə gün qabaq “Azadlıq” qəzetində AMEA Tarix Institutunun direktoru, ulus elçisi, akademik Yaqub Mahmudovun yaxın günlərdə Rus-erməni-sovet-mason bolşefaşistlərinin Nəriman Nərimanovu öldürdüyünü göstərən bəlgələri çap etdirəcəklərini oxuyanda sevincimdən uçdum. Necə olmasa, bizə baxanda tarixçidir, ulus elçisi, Institut direktorudur, olanaqları qat-qat çoxdur, düşündüm. Bəlkə, Rudolf Ivanov nəsə yeni bir bəlgə verib. Sevincimi Tarix Institutunun bir neçə bilimçisilə də bölüşdüm. Soluğumu dərmədən gözləyirdim… Ancaq “Azadlıq”ın 15, 16-17 may saylarında tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədovanın Nəriman Nərimanovu “ağlama”ğa çalışdığı yazılarını oxuyanda sevincim qursağımda qaldı…
Demə, Firdovsiyə bəyimin heç bir yeni söz deyəmmədiyi yazıları “Azadlıq” qəzetinin 27-28 aprel saylarında çap etdirdiyim, “Nəriman Nərimanovun Nəsib bəyə Yusifbəyliyə söyüşləri”, “Nəriman Nərimanovun Qotsinskiyə söyüşləri”nə örtülü cavabmış. Belə qurama, yalançı tarixçilik kimə, nəyə gərəkdir?!
Son 25 ildə nə Yaqub Mahmudovun, nə də Firdovsiyə Əhmədovanın Azərbaycana, Türkə mənimkitək – bitməyən sevgisi olduğunu görməmişik! Ancaq Məhəmməd Əmin Rəsulzadənin, Nəsib bəy Yusifbəylinin Azərbaycan, Türk sevgisi mənimkindən böyük ola bilər!
Mən, huyca kimisə suçlamağa çalışan, aşırı düşüncəli adam deyiləm, Azərbaycana saldıran, onun var-yatırını yağmalayan, ideolojisini pozan yolsuzlarla savaşıram, sonadək də savaşacağam! Bunu 1975-ci ildən bugünədək işimlə, yaşıllara(gənclərə) örnək göstərilmiş işıqlı yaşamımla doğrulamışam.
O, kiçik açıqlamalı, bəlgə yazılarda Azərbaycanın, Türkün, Qafqazın gələcək soylarına Rus-erməni-sovet-mason bolşefaşizminin başçısına “Əziz Vladimir Iliç” deyib donoslar verən, demokratik Azərbaycan Cümhuriyətinə, Parlamentinə, Türkə, “Müsavat”a, Məhəmməd Əmin Rəsulzadəyə, Əlimərdan bəy Topçubaşıya, Fətəli Xan Xoyskiyə, Nəsib bəy Yusifbəyliyə, Şeyx Hacı Nəcməddin Qotsinskiyə… aşağılayıcı sözlər yazan Nəriman Nərimanovun yurdumuzu bitib-tükənməyən ağrı-acılara salanların başında durduğunu göstərmişəm.
Firdovsiyə bəyimin düzgün tarixçinin etməyəcəyi yalançı ulussevərlik, yanımcıllıqla “mələk”ə çevirməyə çalışdığı Nəriman Nərimanov çox ağır sosial-ekonomik, politik durumdan gücü tükənmiş, birgə Azərbaycan-Gürcüstan Ordusu ilə başa çıxa bilməyəcəyindən çox quşqulanan Rus-erməni-sovet-mason bolşefaşistlərini Azərbaycanı tutmağa çağıran, istəkləndirən, yönəldən, 1918-ci il iyulun 8-də başkəndi Bakını tutmağa çalışan Azərbaycan-Türkiyə güclərilə savaşan yağılar üçün Rusiyadan “300 vaqon yaraq-yasaq göndərilməsindən” sevinən, “Yox olsun Türklər, yaşasın devrimçi Rusiya ilə birləşmək” çağırışı yayan, ancaq Bakını tutmağa girişək deyən Leninə Bakını Azərbaycansız saxlayammayacaqlarını deyib, onu daha kəskin addım atmağa yönəldən adamdır!
Azərbaycanın var-yatırını Rusiyanın var-yatırı olduğunu bildirən Nəriman Nərimanovu sonralar Lenindən bir az neft pulu almaq yalvarışlarına, “böyük qardaşlarına”, “oğluna-qızına” yazdığı “tövbə məktubları”na görə savunmaq, bağışlamaq olmaz!!!
Nəriman Nərimanovun “böyük qardaşları”na “donos”undan: “Azərbaycan. Parlament ancaq müsəlmanlardan oluşub. Ermənilərin də elçiləri var (deyəsən 8 adamdır) bugünlərdə qatılıblar. Ağa partiya ”Müsavat"dır… Yemək-içmək işi yaxşıdır, yemək-içmək boldur. Çörək 3 rubldan 6 rubladəkdir, yetərincədir… Əmək bağlaşmaları vardır… Oxumuşların əməyi yaxşı dəyərləndirilir… Ordu. Ordu işlərinin başında Rus Ordusunun generalı Mehmandarov, Şıxlinski durur… Dissiplin vardır. Orduda ancaq müsəlmanlardır… Önəmli gücləri Muğanda, Bakıda, Gəncədə (Yelizavetpol), Erməni sınırında yerləşmişdir. Əskərlərin yemək-içməyi yaxşıdır, çörək iki funtdur. Subaylarla əskərlərdən bolşeviklərin “Hümmət” Partiyasının üyələri vardır. Əskərlərin ruh yönü mənə bütünlüklə bəlli deyildir…"
Hüquqda bu, işverənlik, satqınlıq, dövlət cinayətidir!
Politikanın gerçək ulusal gəlir-çıxarları qorumaq olduğunu anlamayıb, çağının bilginlərinin “göylərdə gəzən” dedikləri, dünyanın “bütün uluslarını proletarlarını birləşdirməyə” çalışan, Ermənilərin 1918-ci ilin martında törətdiyi qırğınla bağlı aprelin 23-də Zaqafqaziya Seyminə “Bakıda heç bir qardaş qırğını olmayıb, olub, indi də Bakıdan qıraqda gedən yurddaş savaşı ancaq Sovet Ağalığına qarşı çıxan, devrim qarşısı xan-bəylərlədir” yazılmış bəlgəyə Şaumyan, Caparidze, Korqanov, Suxarsev, Sako Saakyanla birgə qol çəkən Nəriman Nərimanovla sonralar onun üzünə duran yoldaşlarının – Əliheydər Qarayevin, Mirzə Davud Hüseynovun, Həmid Sultanovun, Çingiz Ildırımın… sonralar öldürülməsində doğal olmayan heç nə yoxdur! Tarix boyu bütün dövlət satqınlarını yararlanandan sonra öldürüblər!
Firdovsiyə bəyimin “Ağartma”sındakı bir yanaşmaya da baxaq: “1950-ci illərin ortalarından sonra Nərimanov haqqında başqa istiqamətli tədqiqatlar başladı. O dövrdə yazılan əsərlərdə Nərimanovun artıq möhkəm bolşevik, əqidəli leninçi obrazını yaratmağa çalışırdılar. Həmin dövrdə yazılanlarda ən çox buna diqqət yetirilirdi ki, Nərimanov bəraət qazansın. Amma haqqında bu qədər yazılmasına baxmayaraq, 1970-ci ildə Nərimanovun 100 illik yubileyi tamam olanda onu yenə də görkəmli komunist saymırdılar. Nərimanovu sevməyənlər MK-ya yazırdılar ki, Nərimanov burjua millətçisi, liberal olub, əqidəli komunist, leninçi olmayıb, ona görə onun yubileyini keçirmək, ona abidə qoymaq olmaz. O vaxt Heydər Əliyev həmin sənədlərin hamısını deyil, Nərimanova partiya etimadının göstərilməsi barədə 1923-cü il tarixli sənədi Kremldən tapıb”.
Bilgisiz oxucuların düşüncəsini dolaşdırmamağa borclu olan tarixçi, Firdovsiyə bəyim üç nöqtə ilə danışmamalı, o çağda “Nərimanovu sevməyənlərin” ermənilər olduğunu göstərməli idi.
“Ağlama”dakı bu yeri oxuyanda yazılma nədəninin Nəriman Nərimanovun duruya çıxarılmasında Heydər Əliyevin önəmini gözə çarpdırmaq olduğu göründü.
Yaqub bəy, Firdovsiyə bəyim, Heydər Əliyev edib, sağ olsun! Yurddaş borcu, görəv borcudur, edib! Bu yaxşı işi yaxşı yazmağı da öyrənmək gərəkdir!
Heydər Əliyev araşdırmaçı, bilimçi deyildi, gedib Kremlin arxivlərindən bəlgə tapaydı. Yazı, danışıq dili Ərəb-fars sözlərilə, farscadan keçmə anlamsız KI bağlayıcısı ilə “bəlağətli” Firdovsiyə bəyim bu “yarınma”da “Heydər Əliyev tapdırdı” yazsaydı, Türk dilində daha düzgün olar, özünün də, yolgöstərəninin də buyuruq tarixçisi yox, özgür düşüncəli bilimçi aydın olduğunu göstərərdi.
Ulusal düşüncəni dolaşdırmaq bilimçilik yox, politikanlıqdır!!!
Yadigar Türkel