Onunla birgə tutulan digər sürücünün atası icra hakimiyyətinin binası qarşısında özünü yandıracağını dedi
Qəhrəman Süleymanov: «Axı bu qəzadan 2-3 ay əvvəl prezident demişdi ki, məmur övladlarının harınlığına qarşı sərt tədbir görüləcək; bizim ailə niyə harınlığın qurbanı olmalıdır?»
Paytaxtın Səbail rayonunun icra başçısı Asif Əsgərovun oğlu Ilham Əsgərli tərəfindən törədilən və “Mc Donald’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir.
Xatırladaq ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə baxılır. Ilham Əsgərli ilə yanaşı, onun idarə etdiyi “Mercedes S500" markalı avtomobilin toqquşduğu ”Howo" markalı yük maşınının sürücüsü Əhliman Süleymanov da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Sözügedən yol-nəqliyyat hadisəsi ötən il sentyabrın 27-də baş verib. Ilham Əsgərlinin idarə etdiyi “Mercedes S500" Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi ”Howo" markalı yük maşını ilə toqquşub. Həmin vaxt Ilham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində Ilham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib.
Bu iş üzrə aprelin 24-də keçirilən ötən məhkəmə iclasında Ilham Əsgərlinin vəkili Bəylər Məmişov əlavə avtotexniki ekspertizanın keçirilməsi barədə vəsatət qaldırmış və məhkəmə də onu təmin etmişdi. Hərçənd, zərərçəkmiş Maqsud Mirzəyev, eləcə də digər təqsirləndirilən Əhliman Süleymanov və vəkili Ilqar Musayev təkrar ekspertizaya kəskin şəkildə etirazlarını bildirmişdilər.
Dünənki məhkəmə iclasında hakim əlavə ekspertizanın nəticəsini elan edib. Rəydən məlum olub ki, bu iş üzrə əlavə ekspertiza mümkünsüz sayılıb və bu səbəbdən icrasız saxlanılıb.
Dünən eyni zamanda, zərərçəkmiş Maqsud Mirzəyev və məhkəmədə onun hüquqlarını müdafiə edən vəkil Afət Qazıyeva məhkəmə tərkibinə yazılı şəkildə etiraz edib. Qazıyeva etirazını məhkəmənin bu işin nəticəsində maraqlı olmasıyla əsaslandırıb: “Məhkəmə Ilham Əsgərlinin vəkilinin əlavə ekspertizanın təyin olunmasına dair əsassız vəsatətini təmin etdi. Biz yazılı şəkildə məhkəməyə müraciət edib, məhkəmə iclas protokolu ilə tanış olmaq, həmçinin ekspertizanın təyin olunması haqda qərarın surətini almaq istədik. Lakin buna imkan verilmədi. Bütün bunlar məhkəmənin bu işin nəticəsində maraqlı olduğunu sübut edir. Ona görə də məhkəmə tərkibinə etiraz edirik”.
Məhkəmə etirazın baxılmamış saxlanılması haqda qərar qəbul edib.
Ardınca Afət Qazıyeva məhkəmədə bu iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Sabir Abdinova da yazılı şəkildə etiraz edib. O, etirazını əsaslandırarkən bildirib ki, Abdinov məhkəmədə öz vəzifəsi kimi dövlət ittihamını müdafiə etmək əvəzinə, Ilham Əsgərlinin müdafiə etməklə məşğuldur.
Məhkəmə bu etirazı da təmin etməyib.
Bundan sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Onu da qeyd edək ki, digər tərəflər məhkəmə istintaqının başa çatmasının tərəfdarı olsalar da, Əhliman Süleymanovun vəkili Ilqar Musayev buna etiraz etib. Vəkil etirazını belə əsaslandırıb: “Iş materialları tam tədqiq olunmayıb. Rəy vermiş ekspertlər məhkəməyə dəvət olunmalıydı, bizim onlara suallarımız vardı”.
Beləliklə, bu iş üzrə məhkəmə prosesində çıxışlar mərhələsi başlanıb. Prokuror Sabir Abdinov çıxış edərək, Asif Əsgərlinin 6 il 6 ay, Əhliman Süleymanovun 6 il azadlıqdan məhrum edilməsini istəyib.
Maqsud Mirzəyev və nümayəndəsi Afət Qazıyeva çıxışlarında məhkəmədən ədalətli qərar qəbul edilməsini istəyib.
Asif Əsgərlinin vəkili Bəylər Məmişov prokurorun çıxışına etiraz edib. Bildirib ki, bu iş üzrə əsas sübut növü ibtidai istintaq dövründə alınmış avtotexniki ekspertiza rəyidir. O rəydə də xeyli ziddiyyətlər, boşluqlar var: “O rəydə iki variant var. Birində yazırlar ki, ”Howo" 50-60 km. sürətlə hərəkət edərkən arxadan 200 km. sürətlə gələn “Mercedes” onunla toqquşub. Ikinci variantda yazırlar ki, “Mercedes” 90-100 km. sürətlə hərəkət edib və “Howo”nu sağ tərəfdən keçmək istəyib. Bunların hansı düzdür? Əhliman Süleymanov da məhkəmədə deyir ki, “Mercedes” 200-lə gəlirdi. O, güzgüdən arxadan gələn maşının sürətini necə müəyyənləşdirib? Ittiham da bu ifadə üzərində qurulub. Bundan başqa, hadisə baş verərkən Ilham Əsgərlinin 16 yaşı 3 ay idi ki, tamamlanmışdı. Yetkinlik yaşına çatmayanlara təyin olunan cəza başqalarından əhəmiyyətli dərəcədə fərqlənir. Ilham Əsgərli ehtiyatsızlıqdan törədilmiş cinayətdə ittiham olunur. Hamımız ailə sahibiyik, övlad itirməyin nə olduğunu bilirik. Amma bu hadisədə qəsddən söhbət getmir. Maqsud Mirzəyev məhkəmədə bildirdi ki, onu narahat edən əsas məsələ hadisədən sonra oğlunun baxımsız, sahibsiz qalmasıdır. Halbuki, birinci məhz Sənan Mirzəyev çatdırılıb xəstəxanaya, təxminən yarım saat-40 dəqiqə sonra orada vəfat edib. Ilham Əsgərlinin ayağında hələ də mil var və vaxtı çatanda çıxarılmalıdır. Ilhamın məqsədi sinif yoldaşını da götürüb idmana getmək olub. O bilsəydi ki, belə nəticələnəcək, heç həmin gün evdən çıxmazdı…"
Digər təqsirləndirilən Əhliman Süleymanovun vəkili Ilqar Musayev müdafiə nitqinə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Bu səbəbdən məhkəmə mayın 12-nə qədər təxirə salınıb.
***
Xatırladaq ki, yük maşınının sürücüsü Əhliman Süleymanov məhkəmədə ifadəsində Ilham Əsgərovun sağdan manevr etməsi nəticəsində qəza baş verdiyini bildirib: “Həmin gün şirkətə məxsus üç yük maşını bir-birinin ardınca hərəkət edirdi. Mənim arxamca Nurlanın, onun arxasınca isə Ayazın sürdüyü maşın gəlirdi. Mənim qarşımda da bir ”ZIL" gedirdi. Mən yolun sağı ilə 50-60 km. sürətlə gedirdim. Qarşımdakı “ZIL”i keçmək üçün işıqları yandırıb, sola çıxırdım. Bu vaxt arxadan sürətlə gələn “Mercedes”in “marqat” eləyib, yol istədiyini gördüm. O qədər sürətlə gəlirdi ki, fikirləşdim ötməni çatdırmaram, ona görə yenidən “povarotnik”i sağa yandırıb ki, sağ tərəfə keçirdim ki, ona yol verim. Həmin vaxt bu da gəlib çatıb sağımdan keçmək istəyəndə mənim maşınımın arxa sağ təkərinə çırpıldı".
Əhliman Süleymanov onu da qeyd edib ki, “Mercedes” saatda təxminən 180-200-lə hərəkət edirdi: “O qədər böyük sürət vardı ki, zərbədən mənim sürdüyüm 15 tonluq yük maşınını qaldırıb, yol kənarındakı dəmirləri sındırmaqla qumsallığa tulladı. ”Mercedes" özü də fırlandı, arxası yolun kənarındakı dirəklərin üstünə çıxıb dayandı…"
Elə Ilham Əsgərli özü də ibtidai istintaq zamanı ifadəsində sağdan manevr etdiyini bildirib. Amma məhkəmədə başqa cür danışıb. Deyib ki, qarşıda yoldakı dəmirlərin kustar üsulla kəsilməsilə açılan bir torpaq yol olub. “Howo” da yolun solu ilə hərəkət etdiyi halda, qarşıdan sağdakı o yola dönmək istədiyinə görə bu qəza baş verib.
Lakin Əhliman Süleymanov bu haqda deyilənlərin yalan olduğunu bildirib. Qeyd edib ki, o, öz yolu ilə gedirdi və heç yerə də dönmək fikri yox idi.
“Niyə bir ailə kiminsə harınlığının qurbanı olmalıdır?!”
Məhkəmə iclasından sonra Əhliman Süleymanovun atası Qəhrəman Süleymanov “Azadlıq”a açıqlama verərək bildirib ki, oğlunun himayəsində iki azyaşlı qız uşağı var və onlardan biri çox ciddi xəstəlikdən əziyyət çəkir: “Əhlimanın qızlarının birinin üç yaşı var, o biri də yaş yarımlıqdır. Böyük qızının ciddi göz xəstəliyi var və hər ay müalicə olunmalıdır. Təsəvvür edin ki, o hadisə baş verəndən bəri 8 aydır ki, Əhliman işləmir, uşağın müalicəsi getmir. Müalicəsi davamlı aparılmasa da, o uşaq kor ola bilər. Yazıq yük daşıyıb heç olmasa, iki körpə tifilini dolandırırdı. Niyə bütöv bir ailə, o uşaqlar, Əhliman özü kiminsə harınlığının qurbanı olmalıdır? O öz yolu ilə gedirdi də… Niyə balamı, onun balalarını bədbəxt eləyirlər? Məgər Əhliman ona demişdi ki, 180-200-lə maşın sür, gəl mənim sürdüyüm maşına vur, məni də bədbəxt elə?!”
Qəhrəman Süleymanov onu da qeyd edib ki, oğlu azadlıqdan məhrum edilsə və ailəsi başsız qalsa, Səbayel Rayon Icra Hakimiyyətinin binası qarşısında özünü yandırıb intihar edəcək: “Əhliman türmədə olanda, uşaqları necə olacaq? Oğlumun və ailəsinin bədbəxtliyini, acından öldüyünü, körpənin kor olduğunu görməkdənsə, ölməyim daha yaxşıdır”.
Qəhrəman Süleymanov onu da qeyd edib ki, bununla bağlı prezidentə açıq məktub yazıb: “Bu hadisədən 2-3 ay əvvəl prezident televiziyada dedi ki, məmur övladlarının harınlığına qarşı sərt davranacaq. Ona görə xahiş edirəm, bizim ailənin bu harınlığın qurbanı olmasına imkan verməsin!”
Aytən Məmmədova