«AMAY Abdulla» bir ildən çoxdur nahaqdan həbsdə saxlanıldığını deyir
Abdulla Abdullayev: «Prezidenti də aldadırlar…»
“AMAY” Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayevin məhkəməsi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclasda Abdulla Abdullayevin vəkili Osman Kazımov müvəkkilinin barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilərək, ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb. Vəkil vəsatətini belə əsaslandırıb:
“Biz hələ hazırlıq iclasında vəsatət qaldıraraq, ittihamların əksəriyyətinin mülki xarakterli olduğunu, bu məsələlərin cinayət işinə aidiyyəti olmadığını əsaslandırmışdıq, bu səbəbdən cinayət işinə xitam verilməsini istəmişdik. Lakin vəsatətimiz rədd olundu. Həmçinin qeyd etmişdik ki, Abdulla Abdullayev barəsində seçilmiş həbs-qətimkan tədbiri üçün heç bir əsas yoxdur. Iş üzrə zərərçəkmiş qismində tanınan şəxslərin dindirilməsi zamanı məlum oldu ki, onlara heç bir maddi ziyan dəyməyib və şikayətləri yoxdur. Onlardan 170 nəfəri ümumiyyətlə, istintaqda dindirilmədən zərərçəkmiş qismində tanınıb. Məhkəmə tarixində belə qanunsuzluğa rast gəlinməyib. Həmin şəxslərin məhkəməyə çağırılması əksər hallarda Abdulla Abdullayev tərəfindən təmin edilib. Bu da onu göstərir ki, Abdullayev nəinki məhkəmə istintaqına mane olur, əksinə, istintaqın gedişinə köməklik göstərir. Bu səbəbdən də onun həbsdə saxlanılması üçün heç bir əsas olmadığını nəzərə alaraq, barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edirəm”. Vəkil vəsatətində onu da qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondunun müraciəti əsasında verilmiş ittiham üzrə bir neçə il əvvəl cinayət işinə baxılıb və məhkəmə tərəfindən hökm çıxarılıb. Bu səbəbdən də həmin hissədə cinayət işinə xitam verilməlidir.
Vəkil həmçinin leqallaşdırma ittihamı üzrə sübutlar siyahısının müdafiə tərəfinə verilməsini istəyib: “Əgər sübut varsa, müdafiə tərəfinə təqdim olunsun. Sübut olmadan necə ittiham irəli sürülüb və məhkəmə bu işə necə baxır? Məhkəmə sistemi kiminsə sifarişi əsasında fəaliyyət göstərməməlidir”.
Abdulla Abdullayev də vəkilinin vəsatətlərinə münasibət bildirib: “Mənim barəmdə başlanmış cinayət işi bütövlükdə əsassızdır. Əvvəlki çıxışlarımda da demişəm ki, hər şey bir günün içərisində – mən Irandan Azərbaycana qayıdan gün baş verib. Həmin gün – aprelin 12-də mən Irandan qayıtmışam, Sahibkarlığa Kömək Milli Fondu Baş Prokurorluğa müraciət edib. Həmin gün müraciət dərhal istintaqa göndərilib. Dərhal iş müstəntiqə verilib və elə həmin gün də mənə qarşı ittiham irəli sürülüb. Bir günün içərisində baş verən bu proseslər, əslində, 15-20 günün işidir. Prezident Ilham Əliyev də həmişə çıxışlarında deyir ki, ədalət yaxşı şeydir. Amma mən bu ədaləti görmürəm. Ədaləti elə günə salmısınız ki, bu ölkədə ədalət qalmayıb. Yəqin prezidenti də aldadırlar. 14 aydır heç nədən oturmuşam içəridə. Heç olmasa, cəzamı tez versinlər, 10 ildir, 12 ildir, nədirsə, işimizi bilək”.
Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətlərin təmin olunmamasını istəyib.
Elə məhkəmənin də vəsatətlərlə bağlı qərarı prokurorun mövqeyinə uyğun olub – vəsatətlər təmin edilməyib.
Daha sonra hakim bildirib ki, iş üzrə zərərçəkmişlərin əksəriyyəti məhkəməyə gəlməyib. Onların barəsində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılacaq.
Məhkəmə prosesi bu gün davam edəcək.
Xatırladaq ki, Abdulla Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla yanaşı, bir sıra işçiləri, o cümlədən Elşən Novruzov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Nadejda Ilyasova da məhkəmə qarşısına çıxarılıb. Lakin Abdulla Abdullayevdən fərqli olaraq, onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. “AMAY Abdulla” və işçilərinə qarşı dələduzluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Lakin onların heç biri irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd ediblər ki, heç bir cinayət törətməyiblər.
Aytən Məmmədova