Dövlət başçısı Avropa Oyunlarına milyardların deyil, milyonların xərcləndiyini deyir
Dövlət başçısı “Rosiya-24" telekanalına müsahibəsində maraqlı fikirlər söyləyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etmək üçün getdiyi xərcləmələr həddindən artıq şişirdilmiş şəkildə təqdim olunub: ”Azərbaycanın belə bir Oyunları təşkil edə bilməsini sanki kimlərsə həzm edə bilmir.
Odur ki, indi biz, demək olar, Rusiyanın Soçi Olimpiadası ərəfəsində yaşadığını müşahidə edirik: gözdənsalma, yalan, iftira. Prinsipcə, əməliyyat xərclərinə sərf etdiyimiz vəsaitin həcmi barədə tamamilə astronomik rəqəmlər açıqlanır. Oyunları keçirmək üçün cəmi bir neçə yüz milyon dollar xərclənib. Malik olduğumuz idman obyektlərinə gəlincə, onların 90 faizi ya artıq tikilmişdi, ya da inşasına qərar qəbul ediləndən əvvəl başlamışdı. Yəni biz onları Oyunlar üçün tikmirdik. Bakının nəqliyyat infrastrukturu buna qədər də inkişaf etmişdi".
Avropa Oyunlarına bir neçə milyon xərclənib?!
Dövlət başçısı sonda onu da vurğulayıb ki, Avropa Oyunlarının əsas favoriti kimi Rusiya komandasını görür.
Bir sözlə, dövlət başçısı bəyan edir ki, Azərbaycan Avropa Oyunlarına görə iri xərcləmələrə getməyib. Amma faktlar, rəsmilərin bundan əvvəl verilmiş açıqlamaları tam başqa mənzərə yaradır.
Biz hələ bu xərcləmələrə paytaxta məhz Avropa Oyunları üçün gətirilən sərnişin avtobuslarını, yolların təmir edilməsini, infrastruktur işləri görülməsini əlavə etmirik.
Xərclər ən azı 3.5 milyarddır
Avropa Oyunları Bakı və Mingəçevirdə 21 stadionda və obyektdə keçiriləcək. “Ilk Avropa oyunları Azərbaycana ən azı 3,5 milyard manata başa gələcək. Bu vəsaitin 72,6 faizini infrastruktur xərcləri, 27,4 faizini isə əməliyyat xərcləri təşkil edir. Azərbaycan Respublikasının 2013, 2014 və 2015-ci il üçün təsdiq olunuş büdcəsi əsasında apardığımız hesablamalara görə, 1-ci Avropa Oyunları Azərbaycana 3 milyard 506 milyon 850 min manata başa gələcək. Son məlumatlara görə, büdcədən ayrılmış vəsaitin 90 faizindən çoxu xərclənib. Yerdə qalan 300 milyon manata qədər vəsaitin də yaxın 2 ayda xərclənməsi gözlənilir. 1-ci Avropa Oyunlarının təşkili ilə əlaqədar olaraq birbaşa xərclərin 72,6 faizini və ya 2 milyard 546 milyon 700 min manatını (2013-cü ildə 345,9 milyon manat, 2014-cü ildə 864,8 milyon manat və 2015-ci ildə 1 milyard 336 milyon manat) idman infrastrukturunun tikintisi və yeniləşməsi xərcləri, 27,4 faizini və ya 960 milyon 150 min manatını əməliyyat xərcləri təşkil edir.
Məhəmməd Talıblı: “Avropa Oyunlarının keçirilməsi üçün milyardların xərclənməsi faktdır”
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Avropa Oyunlarının keçirilməsi üçün milyardlarla vəsaitin xərclənməsi bir faktdır. Bu xərcləmə iki formada baş verir: “Birinci xərcləmə istiqaməti Avropa Oyunları üçün dövlət büdcəsindən ayrılmış investisiya və sənaye xərcləri adı altındadır. Düzdür, yalnız 2015-ci ilin dövlət büdcəsində bu məqsədlə 1,3 milyard manat xərclənməsi qeyd olunub. Amma digər xərc maddələrində də bu məqsədə xidmət edən xərcləmələr var. Eyni zamanda ötən ildə investisiya xərcləmələrində analoji xərclər üstünlük təşkil edib. Ikinci mənbə isə qeyri-rəsmi formada sahibkarlardan və oliqarxlardan yığılan pullardır. Bütün bunları toplam halda götürəndə bunun bir neçə milyard dollar həcmində vəsait etməsi birmənalıdır”.
M.Talıblının sözlərinə görə, orası anlaşılan deyil ki, nəyə görə biz Rusiyanın bu oyunların favoriti olmağını arzulamalıyıq? M.Talıblının fikrincə, unudulmamalıdır ki, hökumətin guya əsas strateji tərəfdaşı olan Rusiya “erməni soyqırımı” abidəsini dövlət başçısı səviyyəsində Ermənistanda ziyarət edən və digər dövlətləri də buna səsləyən ölkədir: “Indi bizi soyqırımda qınayan dövlətin mədəni tədbirdə favorit olmasını niyə arzulamılıyıq ki? Yeni avtobusların gətirilməsi, 5000 nəfərdən çox iştirakçının bütün xərclərini öz üzərimizə götürməyimiz, yeni taksilərin alınması və həmin xidmətə daha yüksək səviyyədə nəzarətin həyata keçirilməsi məqsədilə yeni xidmətin yaranma xərcləri… Müxtəlif təyinatlı xərcləri onu göstərir ki, ictimai vəsaitlərin Avropa Oyunlarına yönəlik xərcləri üstünlük təşkil edir”.
Hikmət