Görkəmli politoloq və keçmiş dövlət müşaviri son mənzilə yola salındı
Əli Kərimli: "Bu, bütövlükdə millətimizin itkisidir; Başın sağ olsun, Azərbaycan!"
Azərbaycanın tanınmış dövlət xadimi, diplomat Vəfa Quluzadə mayın 2-i dəfn edilib. O, Yasamal qəbiristanlığında, gənc yaşlarında dünyasını dəyişmiş oğlunun məzarı yanında torpağa tapşırılıb.
Vida mərasimində Milli Şuranın sədri Cəmil Həsənli, AXCP lideri Əli Kərimli, partiya rəhbərliyinə daxil olan şəxslər, eləcə də digər siyasətçilər, məşhur similar iştirak edib.
Vəfa Quluzadə Azərbaycan müstəqillik qazandıqdan sonra uzun müddət Xarici Siyasət Məsələləri üzrə Dövlət müşaviri, Təhlükəsizlik Şurasının üzvü olub. Buna baxmayaraq, dəfn mərasiminə rəsmi şəxslər qatılmayıb.
AXCP lideri Əli Kərimli keçmiş dövlət müşavirinin ölümü ilə bağlı başsağlığı da verib. Başsağlığı mətni onun facebook səhifəsində yayılıb:
"Vəfa Quluzadənin ölümü bütövlükdə millətimizin itkisidir. Allah ona rəhmət etsin.
Vəfa müəllim ilə qonşu idik. Çox mehriban ünsiyyətcil insan idi. Tanışlığımız isə 1992-ci ildən başlanmışdı. Vəfa müəllim Əbülfəz Elçibəy hakimiyyəti zamanı da xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində çalışırdı. O zamandan xoş, işgüzar münasibətimiz formalaşmışdı.
Bizim hökumət devrildikdən sonra da Heydər Əliyev hökumətində 1999-cu ilə qədər həmin vəzifədə çalışdı. Amma YAP hakimiyyətində təmsil olunduğu 6 il ərzində nə daxili siyasət (YAP hakimiyyətində daxili siyasət isə daha çox müxalifəti söyüb-yamanlamaqdır) məsələlərinə qarışdı, nə həmkarları kimi korrupsiyaya bulaşdı, nə də xarici siyasət prinsiplərini dəyişdi. Hər zaman Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, Qarabağın işğaldan azad edilməsi uğrunda çalışdı.
Vəfa müəllim ümumxalq məhəbbətini daha çox o zaman qazandı ki, Azərbaycan hakimiyyətinin Qarabağla bağlı ciddi güzəştə hazırlaşdığı ATƏT-in İstanbul sammiti (1999-cu il) ərəfəsində bu xəyanətdə iştirakdan imtina edərək dövlət müşaviri vəzifəsindən istefa verdi. İctimaiyyət hazırlıqlardan xəbər tutdu. Ardınca da baş verən sisilə hadisələr Qarabağın itirilməsinin hüquqi cəhətdən də təsbit edilməsi planlarını pozdu.
Düz 16 il idi ki, dövlətimiz zəngin təcrübəyə, ensiklopedik biliyə malik, vətəninə, millətinə hədsiz bağlı olan bu insanın bilik və bacarığından istifadə etmədi. Vəfa müəllimin ölümü bütövlükdə millətimizin itkisidir. Vəfa müəllimə Allahdan rəhmət diləyirəm.
Daha bir layiqli oğlunu itirdin, başın sağ olsun, Azərbaycan!"
***
Tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə vəfat edib. Mayın 1-də politoloqun səhhəti qəfildən pisləşib və o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirlib. Onun ürəyində şuntlama əməliyyatı keçirilib, əməliyyatdan sonra V.Quluzadə palataya yerləşdirilib. Lakin bir az sonra onun səhhəti qəflətən pisləşib və dünyasını dəyişib.
V.Quluzadənin cənazəsi Əjdərbəy Məscidinə aparılıb. Qohumlarının bildirdiyinə görə (APA), V.Quluzadə bu gün Yasamal qəbirstanlığında gənc yaşlarında xəstəlikdən vəfat etmiş oğlunun məzarının yanında dəfn ediləcək.
Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub.
1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, daha sonra filologiya elmləri namizədi elmi adı alıb.
1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. 1973-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.
Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.
1990-ci ildə Azərbaycana qayıdıb, Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.
O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.
Allah rəhmət etsin!