Bakıda böyük bir Coca-Cola zavodu fəaliyyət göstərdiyi halda, Almatıdan Bakıya Coca-Cola məhsullarının idxalına başlanılıb.
“Marja” xəbər verir ki, Bakıda ticarət şəbəkələrində etiketində “Qazaxıstanda The Coca-Cola Company-nin icazəsilə istehsal olunub və “Azərbaycan Coca-Cola Bottlers” tərəfindən Azərbaycana idxal olunmuşdur” məlumatı verilən Coca-Cola içkilərinin satışına başlanılıb. Qazaxıstandan idxal olunana Coca-Cola-lar restoranlarda da müştərilərə təqdim olunur.
“Marja”nın oxucularından biri yazır:
“Bu gün mərkəzi restoranlardan birində masaya verilən Coca-Cola-nın etiketində “Qazaxıstanda The Coca-Cola Company-nin icazəsilə istehsal olunub və “Azərbaycan Coca-Cola Bottlers” tərəfindən Azərbaycana idxal olunmuşdur” yazısı məni həqiqi mənada şoka saldı. Düşündüm ki, bu tək haldır. Nahardan sonra bir neçə ərzaq dükanı və supermarketlərə dəyərək, onların hamısında Qazaxıstandan idxal olunmuş Coca-Cola məhsullarının satışını müşahidə etdim.
Bəlkə, Coca-Cola rəhbərlərindən kimsə bizə izah edə ki, Bakıda böyük bir Coca-Cola zavodu fəaliyyət göstərdiyi halda, şirkət uzaq Almatıdan Bakıya Coca-Cola məhsullarını hansı səbəbə görə idxal edir? Hansı səbəbə görə azərbaycanlıların manatı Qazaxıstanın sənaye, büdcə işçilərini maliyyələşdirməlidir? Budur Coca-Cola-nın Azərbaycana olan korporativ məsuliyyəti? Azərbaycanda istehsalın mümkün gədər lokallaşdırılması və bu yolla milli iqtisadiyyatımızı gücləndirmək çağırışları fonunda Coca-Cola tərəfindən Azərbaycan Coca-Cola-sı satmaq əvəzinə Qazaxıstan Coca-Cola-sının Azərbaycana idxal olunub satışa çıxarması necə qəbul edilməlidir?”
Məsələ ilə əlaqədar “Azərbaycan Coca-Cola Bottlers” MMC-dən indiyədək sorğumuza cavab verilməyib. Şirkətin mövqeyini təqdim etməyə hazırıq.
Bəziləri bildirirlər ki, “Azərbaycan Coca-Cola Bottlers” MMC bu addıma devalvasiya ilə əlaqədar atmış ola bilər.