29 aprel 2015-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının ümumi həcmi – 30 milyon manat, hərraca çıxarılan həcmi – 5 milyon manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil edilmişdir.
Birjadan “Marja”ya daxil olmuş məlumata görə, hərrac zamanı birja üzvləri tərəfindən sifarişlər təqdim olunmadığı üçün hərrac baş tutmamışdır.
Mərkəzi Bank not emissiyası ilə dövriyyədən manatı yığmağı hədəfləyə bilər.
Mərkəzi Bankın notları – Bank tərəfindən bir ilədək müddətinə buraxılan adlı sənədsiz dövlət güzəştli qiymətli kağızlarıdır. Qısamüddətli notlar dövriyyədə olan pül kütləsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş pul siyasəti vasitəsidir.
Qeyd edək ki, Yanvar-Mart aylarında Bakı Fond Birjasında Mərkəzi Bankın notları üzrə ticarət aparılmamışdır.
Mərkəzi Bank 2013-cü ildə təxminən 300 milyon manatlıq not yerləşdirdiyi halda, 2014-cü ildə həcmi 158 milyon manatadək azaltmışdı. Ötən ilin ortalarından etibarən Mərkəzi Bank not emissiya etmirdi və bu dövriyyədə manat kütləsinin artırılması məqsədini daşıyırdı. İndi isə dollarlaşma ilə əlaqədar olaraq dövriyyədə manat artıqlığı yaranıb.a