Vəfa Quluzadə: «Bu görüş baş tutsa belə ondan nəticə gözləməyə dəyməz»
Rusiya mətbuatında dərc olunan məlumatlara görə, 9 may Qələbə Gününə həsr olunmuş tədbirlərə qatılacaq Azərbaycan və Ermənistanın dövlət başçılarının daha sonra təkbətək görüşü də keçiriləcək. Görüşün təşkilatçısı qismində Rusiya prezidenti Vladimir Putin çıxış edir. Məlumatlarda o da qeyd olunur ki, artıq Azərbaycan və Ermənistan tərəfi görüşlə bağlı razılıq veriblər.
Amma bu xəbər hələlik nə Bakı, nə də Yerevanda təsdiqini tapıb. Və görüşün olacağı ilə bağlı rəsmi mənbələrdən heç bir açıqlama verilməyib.
Qarabağda gərginliyin hökm sürdüyü bir zamanda belə bir görüş nə vəd edir?
Politoloq Vəfa Quluzadə hesab edir ki, bu görüş baş tutsa belə ondan nəticə gözləməyə dəyməz. Rusiyanın münaqişəni nə Azərbaycanın, nə də Ermənistanın xeyrinə həll etməkdə maraqlı olmadığını deyən V.Quluzadə bildirdi ki, Rusiya əksinə, problemi daha da dərinləşdirməsə yaxşıdır: “Ona görə mən nə bu, nə də başqa görüşlərdən bir nəticə gözləyirəm. Çünki, Rusiyanın münaqişənin həllinə yanaşma prinsipi dəyişməyib. Ermənilər çox arzu edərdilər ki, Putin Qarabağ məsələsini onların xeyrinə həll etsin. Amma Putin münaqişəni heç onların da xeyrinə həll etmək istəmir. Rusiya problemi necə var, elə də saxlamaq istəyir”.
V.Quluzadənin sözlərinə görə, əgər Rusiya imperiya ambisiyalarından əl çəkərsə, o zaman Qarabağ probleminin həllinə müəyyən ümid yarana bilər.
Xəyal