Oqtay Haqverdiyev: «Ipoteka götürmək istəyən ən azı 1000 manat maaş almalıdır ki, onu ödəyə bilsin»
Maliyyə naziri Samir Şərifov ipoteka kreditinin məbləğinin artırılacağını bildirib. ANSpress-in məlumatına görə nazir bazarı bir qədər də aktivləşdirmək üçün Mərkəzi Bank tərəfindən əlavə vəsait təklif edilə biləcəyini söyləyib.
Ipoteka kreditlərinin verilməsi ilə bağlı Samir Şərifovun sözlərindən məlum olub ki, hökumətin hazırladığı yeni ipoteka strategiyasının əsas yeniliyi verilən ipoteka məbləğinin artırılması olacaq. Hazırda bu məbləğin yuxarı həddi 50 min manatdır. Amma qüvvədə olan ipoteka şərtləri hazırkı qiymətlərlə müqayisdə yeni mənzil almağa kifayət etmir.
Xatırladaq ki, bugünə qədər Ipoteka Fondu 31 müvəkkil bankı vasitəsilə 14603-dən çox ipoteka krediti verib. Bu istiqamətdə ən çox müştəri cəlb edən bank – 1327 ipoteka krediti, ən az müştəri cəlb edən bank isə 14 ipoteka krediti verib. Azərbaycanda orta əmək haqqının 400-450 manat, dövlət təşkilatlarında çalışan şəxslərin isə orta əmək haqqları 200-250 manatdır. Mənzillərin 1 kvm-nin qiymətləri yerindən asılı olaraq 650-2500 manat arası dəyişir. 2015-ci il üçün nəzərdə tutulan 50 milyon manatdan yalnız 1000-1200 ailə mənzil ala biləcək ki, bu da ipoteka üçün müraciət edən vətəndaşların heç 35 faizini də təşkil etmir.ÿInkişaf etmiş ölkələrdə sosial ipoteka kreditlərinin illik faizi 0,7-2 faiz arasında dəyişir və ödəmələr kredit götürənlərin əmək haqqına uyğun olaraq hesablanır. Ölkəmizdə gənc ailələr, müharibə əlilləri, hərbçilər və digər imtiyazlı şəxslərə verilən sosial, başqa sözlə, güzəştli ipoteka maksimum 50 min manat olmaqla 4%-lə 30 illiyə, adi ipoteka isə maksimum məbləği 50 min manat olmaqla 8%-lə 25 illiyə verilir.ÿ
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev məsələni şərh edərək söyləyir ki, təkcə əməkhaqqının məbləği nəzərdə tutulsaydı, onda hər kəs ipoteka ilə mənzil əldə edə bilməzdi. Burda digər şərtlər də var ki, bu məqamlar tərəflər arasında həll edilir. Belə ki, ipoteka götürmək istəyən şəxs aldığı mənzili girov qoya bilər. Həmçinin, vətəndaş ən azı 1000 manat əməkhaqqı almalıdır ki, ipotekanı ödəyə bilsin. Yaxud şəxsin ailəsində özündən qeyri şəxs də maaş almalıdır ki, ipoteka məbləğini ödədikdən sonra sosial ehtiyaclarını həll edə bilsin:
“Dövlət qulluğunda işləyənlərin maaşı adətən 500 manatdan yuxarı olur. Bu məsələlər bankla ipoteka götürmək istəyən şəxs arasında həll olunur. Burada təkcə maaş nəzərdə tutulmur. Lakin təkcə maaşın məbləği nəzərdə tutulsaydı belə, ipotekanı ödəmək üçün ailədə bir adamın əməkhaqqı alması məsələni həll etmir”.
Nigar