Gültəkin Hacıbəyli: «AŞ PA Avropa Parlamentinin reallaşdırdığı tarixi səhvi təkrarlamayacaq»
Yayılan bəzi məlumatlara görə, AŞ PA-nın növbəti “100 illik” toplantısına ermənilər ciddi hazırlaşmaqdadır. Hazırlığa səbəb isə “erməni soyqırımı” məsələsini AŞ PA-nın da müzakirəsinə çıxarmaqdır.
Avropa Parlamentindən sonra AŞ PA-nı hədəf alan ermənilər sessiyada 24 aprelin bütün Avropa Birliyi ölkələrində “erməni soyqırımı” günü kimi qeyd edilməsi qərarına təşəkkür çıxışı etmək niyyətindədirlər. Böyük ehtimalla bu çıxışları ermənilərin mövqeyini müdafiə edən digər AŞPA təmsilçiləri davam etdirəcək.ÿSessiya salonunda çıxışlarla eyni vaxtda ermənilərin Avropadakı diaspor qurumları Avropa Şurasının binası önündə aksiya keçirməyə hazırlaşır.
Bəs ermənilərin növbəti cəhdi uğur qazana bilərmi? AŞ PA-da soyqırım məsələsinin gündəmə çıxarılması nə vəd edir?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli ümid edir ki, AŞ PA Avropa Parlamentinin reallaşdırdığı tarixi səhvi təkrarlamayacaq. Çünki bu səhv Avropada sülhün və təhlükəsizliyin bərqərar olunmasında, əməkdaşlığın inkişaf etdirilməsində bir əngələ çevrilir: “Erməni soyqırımı” ilə bağlı çıxarılan qərar insan haqlarının təşviqi sahəsində, demokratiyanın inkişafında mühüm xidmətləri olan Avropa Parlamentinin imicinə ciddi bir kölgə saldı. Uzaq tarixi təftiş etmək, onu saxtalaşdırmaq heç bir quruma şərəf gətirməz. Bu baxımdan Avropa Parlamentinin qətnaməsi mötəbər təşkilatın imicinə zərbə idi. Bu addımdan sonra Türkiyənin reaksiyasını yəqin ki, Avropa Parlamenti hiss etdi. AŞ PA ilə bağlı isə daha ümidliyəm. Əvvəlla ona görə ki, AŞ PA-da həm Türkiyə, həm də Azərbaycan nümayəndə heyətləri var. Avropa Parlamentində isə nə Türkiyənin, nə də Azərbaycanın təmsilçiləri yoxdur. Mən də AŞ PA-nın üzvü olduğum dönəmdə ermənilər dəfələrlə soyqırımla bağlı ciddi addımlar atmağa çalışmışdılar. Ancaq o zaman Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin birgə səyi nəticəsində bu addımların qarşısı alınmışdı. Düşünürəm ki, Azərbaycan və Türkiyənin nümayəndə heyətləri bu dəfə də bu addımın qarşısını almağa nail olacaqlar".
Xəyal