Müzəffər Baxışov: «Hansısa məmurun yol hərəkəti qaydasını pozmasına görə həmin dövlət strukturunun büdcəsindən cərimə ödənilməsi dövlət vəsaitinin mənimsənilməsidir»
“Azadlıq”ın ötən saylarından birində xəbər vermişdik ki, daxili işlər naziri Ramil Usubov ödənilməyən radar cərimələrinə görə bir sıra dövlət strukturlarının rəhbərlərinə müraciət edib. Məlumata görə, ödənilməyən radar cərimələrinin məbləği nə az, nə çox – 11 milyon manatdır. Iddialara görə, Usubovun müraciət artıq nəticə verib – cərimələrin ödənilməsi prosesinə başlanıb.
Bu məsələdə diqqət çəkən başqa bir məqam da var. Məmurların, deputatların adına olan avtomobillərin sürücüləri qanun pozuntularına yol verərsə, bu halda cəriməni kim ödəməlidir: sürücü, yoxsa avtomobilin sahibinin çalışdığı dövlət strukturu? Başqa sözlə, hansısa dövlət strukturuna rəhbərlik edən və ya orada çalışan şəxslərin xidməti avtomobillərinin cəriməsi dövlət hesabına ödənilməlidir? Bu məsələdə qanunvericilik nə deyir? Bu suala tanınmış hüquqşünas Müzəffər Baxışovla cavab tapmağa çalışdıq.
Hüquqşünas deyir ki, bu qəbildən olan cərimə borclarının dövlət vəsaitləri hesabına ödənilməsi qanunsuzluqdur. Belə bir hal baş verərsə, bu, dövlət vəsaitinin mənimsənilməsi kimi qiymətləndirilməlidir.
“Məndə də belə bir məlumat vardı ki, yüksək vəzifəli məmurlara məxsus avtomobillərin yol hərəkəti qaydalarını pozmasına dair çoxsaylı hallar baş versə də, həmin şəxslər inzibati məsuliyyətə cəlb edilmir. Daxili işlər nazirinin məlum açıqlaması məni təəccübləndirmədi, amma məndə olan bu informasiyanın həqiqət olğuna əminlik yaratdı”, – deyə Müzəffər Baxışov bildirib.
Hüquqşünas yada salır ki, Konstitusiyaya görə, harada işləməsindən, dinindən, irqindən, millətindən, dövlət qulluğunda tutduğu mövqeyindən, sosial vəziyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir: “Yəni, istər prezident olsun, istər deputat, istərsə də sıravi vətəndaş – hər kəs qanun qarşısında bərabərdir. Sadəcə, Azərbaycanda bu bərabərlik kağız üzərində qalıb. Yüksək vəzifə tutan şəxslər bundan sui-istifadə edərək, istədikləri cür hərəkət edirlər, qanun pozuntusuna yol verirlər. Çünki əmindilər ki, onları buna görə cəzalandıran olmayacaq. Hansısa məmurun özünün və ya sürücüsünün yol hərəkəti qaydasını pozmasına görə dövlət heç bir məsuliyyət daşımır. Ona görə də həmin şəxslərə də digər sıravi vətəndaşlar kimi yanaşılmalıdır. Hətta qaydalara əməl etməyən vəzifəli şəxslər barədə ictimaiyyətə tez-tez məlumatlar verilməlidir”.
Müzəffər Baxışov onu da əlavə edir ki, qayda pozuntusuna görə təyin edilən cərimənin dövlət hesabına ödənilməsi faktı baş verərsə, o halda, həmin məmur CM-nin 179-cu (mənimsəmə) maddəsilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmalıdır.
Emil