Ekspertlər isə Fərhad Əmirbəyovun arqumentləri ilə razılaşmır
Nemət Əliyev: «Qeyri-neft sektorunun inkişafı üçün yetərincə zamanın olmaması çox əsassız səbəbdir»
“Azərbaycan manatından pulun çox vacib keyfiyyətlərindən biri olan investisiya kimi tam istifadə olunmur”. Bunu Trend-ə Bakı Banklararası Valyuta Birjasının rəhbəri Fərhad Əmirbəyov deyib. Onun sözlərinə görə, Azərbaycanda davam edən iqtisadiyyatın dollarlaşması məhz bundan xəbər verir. F.Əmirbəyov qeyd edib ki, Azərbaycanda milli valyutanın devalvasiyasının xarici ilə yanaşı, daxili faktorları da var: “Məsələ burasındadır ki, azalan neft gəlirlərini kompensasiya edə biləcək qeyri-neft iqtisadiyyatını yaratmağa macal tapmadıq. Zənnimcə, bu, əsas amil deyil”.
Dünya iqtisadiyyatındakı vəziyyətə toxunan valyuta birjasının rəhbəri əlavə edib ki, qlobal iqtisadi böhran bundan sonra da davam edəcək.
Manatın devalvasiyasının səbəbləri kimi bu iki məqamın gətirilməsi maraq doğurur. Əvvəlcə onu qeyd edək ki, mühüm etiraf edilir. Bəyan edilir ki, manatından daxildə investisiya kimi istifadə olunmur. Əslində bu manata daxildə verilən real qiymətin göstəricisidir.
Digər bir mühüm qərar isə F.Əmirbəyovun “azalan neft gəlirlərini kompensasiya edə biləcək qeyri-neft iqtisadiyyatını yaratmağa macal tapmadıq” deməsidir. Yəni hökumət iyirmi ilə yaxınlıq bir müddəti qeyri-neft sektorunun dirçəlməsi üçün yetərli saymır.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, F.Əmirbəyovun söylədiklərinin hər birində müəyyən qədər həqiqət payı var. Neçə illərdir ki, Azərbaycan iqtisadiyyatına dövlət büdcəsindən kapital yatırımı həyata keçirildiyini deyən N.Əliyev vurğuladı ki, bu əməliyyatlar yalnız yerli valyuta ilə aparılıb. Bundan başqa yerli sahibkarların da ölkə iqtisadiyyatına yatırımlarının dollarla olduğu inandırıcı deyil. Eyni zamanda o da vurğulanmalıdır ki, manatın məzənnəsinin möhkəm olduğu dövrlərdə də iqtisadiyyata yatırımlar manatla olub: “Xarici iş adamlarının təbii ki, Azərbaycana yatırım məqsədilə gətirdiyi vəsaitlər xarici valyutada olub. Və yaxud da əhalinin əmanətlərinin 60 faizə qədəri manatla saxlanılırdı. Ona görə əlbətdə manatla yatırımın çox olması iqtisadiyyata pozitiv təsir edərdi. Amma belə götürəndə manatın çəkisi kapital yatırımında əhəmiyyətli çəkiyə malik olub”.
F.Əmirbəyovun açıqlamasının ikinci tərəfinə gəlincə isə N.Əliyev vurğuladı ki, qeyri-neft sektorunun inkişafı üçün yetərincə zamanın olmaması çox əsassız səbəbdir: “Azərbaycan hökuməti bu neçə ili xam nefti satmaqla məşğul olub. Əldə olunan vəsaitin böyük hissəsini isə yüksək çinli məmurlar ölkə xaricinə çıxarmaqla məşğul olublar. Başları qarşıb özlərinin şəxsi bizneslərinə. Məmurlar Azərbaycana şəxsi ciblərini dolduran bir məkan kimi baxıblar. Xalq unudulub. Məmurların dövlət qarşısında vəzifə borcunu yerinə yetirməli olduğu yaddan çıxıb. Ona görə də ölkənin qeyri-neft sektoru diqqətdən kənarda qalıb. Qeyri-neft sektorunun inkişaf etdirilməsi haqqında yanlış təsəvvürlər dövriyyəyə buraxılıb. Bu addım da məqsədyönlü şəkildə atılıb. Məqsəd əhlinin diqqətini əsas məsələlərdən yayındırmaqdır”.
N.Əliyevin fikrincə, neftin qiymətinin düşməsi fonunda Azərbaycan iqtisadiyyatında ciddi problemlərin meydana çıxmasının səbəbi illərdən bəri ölkədə yanlış iqtisadi siyasətin aparılmasıdır. “Zamanında kiçik və orta sahibkarlığın inkişafı yolunda olan əngəllərin aradan qaldırılmaması nəticədə ciddi fəsadlar yaradıb. Ölkənin tam formada inhisarlaşması, korrupsiyalaşması, haqsız rəqabətə meydan açması ən böyük səhvlərdir”, deyə N.Əliyev vurğuladı.
Xəyal