Azərbaycandakı repressiyalarla əlaqədar Beynəlxalq Olimpiya Komitəsinə müraciət olundu
«The New York Times»: «Azərbaycanın vəzifəli şəxslərinə qarşı sanksiya tətbiqi üçün Con Kerriyə də məktub göndərilib»
ABŞ-ın bir sıra tanınmış yazıçı və jurnalistləri iyunda Bakıda keçiriləcək Avropa Oyunlarını nəzərə alaraq, Azərbaycandakı repressiyalarla əlaqədar Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa müraciət edib. Bu barədə dünyanın ən nüfuzlu media orqanlarından olan ABŞ-ın “The New York Times” qəzeti məlumat yayıb. Qəzetdə dərc olunan “Azərbaycanda həbsdə olan jurnalist Xədicə Ismayılova PEN tərəfindən mükafatlandırılacaq” başlıqlı məqalədə jurnalistin həbsi fonunda Azərbaycandakı repressiv vəziyyətdən bəhs olunur. Məqalənin tərcüməsini təqdim edirik:
***
Hazırda həbsdə olan azərbaycanlı jurnalist Xədicə Ismayılova Amerikanın PEN Mərkəzinin təsis etdiyi nüfuzlu media mükafatına layiq görülüb. Mükafat gələn ay təqdim olunacaq.
Artıq qeyri-kommersiya təşkilatı olan və yazarları birləşdirən PEN Mərkəz də Azərbaycanda insan hüquqlarının pozulmasına, söz azadlığına hücumlara görə bu ölkənin prezidenti Ilham Əliyevə ünvanlanan və güclənməkdə olan beynəlxalq tənqid dalğasına qoşulur.
Araşdırmaçı jurnalist olan xanım Ismayılova cənab Əliyevin və ailəsinin korrupsiya əməlləri barədə məqalələrin müəllifidir və bu səbəbdən onun qəzəbinə düçar olub. Xədicə Ismayılova dekabrın əvvəlindən həbsdədir.
Həbsinin əvvəlində Xədicə Ismayılova həmkarını intihar cəhdinə vadar etməkdə ittiham olunurdu. Amma bir qədər sonra qapalı məhkəmə şəraitində təhqir və böhtan ittihamlarıyla onun barəsində hökm çıxarıldı. Ardınca da ona qarşı mənimsəmə, vergidən yayınma və digər maddələrlə ittihamlar irəli sürüldü.
Onun məqalələri arasında Əliyevlər ailəsinin 2012-ci ildə “Eurovision” musiqi yarışmasının Bakıda keçirildiyi zalın tikintisilə Əliyevlər ailəsi arasındakı biznes əlaqəsinə dair araşdırma da var. Xədicə Ismayılova həmçinin Azərbaycanda insan hüquqlarının pozulması hallarına diqqət yetirirdi.
“Xədicə Ismayılova qorxmaz jurnalist olmaqla yanaşı, həm də söz azadlığı hüququndan istifadə etdiyinə görə hazırda Azərbaycanda həbsdə olan onlarla yazar və dissidentlərdən biridir”, – deyə tanınmış yazıçı Xalid Hüseyni bildirib. O da Amerika PEN Mərkəzinin üzvlərindən biridir. Xalid Hüseynin “Çərpələng uçuran” əsərini Azərbaycan dilinə xanım Ismayılova tərcümə edib.
Xədicə Ismayılova hətta həbsxanadan da yazır. O, həbsxanadan göndərdiyi məktublarında saxlanıldığı kameranı, həmçinin oradakı qəddar davranışları təsvir edir, eləcə də Əliyev hökumətinin ünvanına ittihamları davam etdirir.
“O, həqiqətən qorxmaz, cəsarətlidir. Onun ayaqda saxlayan da budur. O, susmayacaq”, – deyə PEN Mərkəzin icraçı direktoru Suzanna Nossel bildirib.
Azərbaycanda jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, müxalifətçi siyasi xadimlərin ardınca tənqidçi səslərin tamamilə susdurulması prosesi başladı, “Azadlıq” radiosunun Bakı ofisi bağlandı. Bütün bunların fonunda Azərbaycan birinci Avropa Oyunları keçirməyə hazırlaşır.
PEN Mərkəzin təşkilatçılığı ilə çoxsaylı yazıçılar və redaktorlardan ibarət qrup, o cümlədən Amerikanın tanınmış idman jurnalistləri Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa müraciət edib. Onlar Tomas Baxı Azərbaycanda insan haqlarının pozulması tendensiyasını pisləməyə, Xədicə Ismayılovanın həbsdən buraxılmasını tələb etməyə çağırıb.
“Azərbaycan insan hüquqlarının təməl prinsiplərinə, o cümlədən mətbuat azadlığına əməl eləmir. Halbuki, bu, Olimpiya Xartiyasının ruhunu təşkil edən məsələlərdəndir”, – deyə Baxa ünvanlanmış müraciətdə qeyd olunub. Məktub müəllifləri əlavə ediblər ki, Azərbaycanda vəziyyət getdikcə daha da repressiv xarakter alır.
Bu müraciətə əmza atanlar arasında “The New Yorker”in redaktoru Devid Remnik, veteran idman şərhçiləri Deyv Anderson və Robert Lipsit, rejissor və yazıçı Ken Börns, yazıçılar Devid Maraniss və Maykl Luyis də var.
Ötən həftə siyasi analitiklər, keçmiş dövlət məmurları, vətəndaş cəmiyyəti fəalları və elmi dairələrin təmsilçilərindən ibarət beynəlxalq qrup məktubla ABŞ dövlət katibi Con Kerriyə müraciət edərək, onu Azərbaycan hökumətinə qarşı müvafiq tədbirlər görməyə çağırıb. Təklif olunan tədbirlər arasında Azərbaycanda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan vəzifəli şəxslərə qarşı sanksiya tətbiqi, o cümlədən onlara ABŞ-a səfər qadağası qoyulması, aktivlərinin dondurulması nəzərdə tutulub. Məktub müəllifləri həmçinin siyasi liderləri Bakıda keçiriləcək Avropa Oyunlarının açılış mərasimini boykot etməyə çağırıb.
Xədicə Ismayılovanın layiq görüldüyü mükafat PEN Mərkəzin gələn ay Nyu-Yorkda keçiriləcək qala-konsertində təqdim olunacaq. Bu mükafat hər il həbsdə olan və ya ən azı, təqiblərə məruz qalan yazarlara verilir. PEN Mərkəzin mükafatını alanlardan 39-u buna layiq görülərkən həbsxanada olub. Lakin onların 34-ü az sonra həbsdən buraxılıb.
Indiyədək bu mükafatı alanlar arasında Efiopiyadan olan jurnalist Eskinder Neqa, çinli hüquq müdafiəçisi Lyu Syaobo da var. Lyu Syaobo 2012-ci ildə PEN Mərkəzin mükafatını alandan sonra növbəti il Nobel mükafatına layiq görüldü.