Baş nazirin yeni qaydalarının hansı əhəmiyyəti olacaq?
Azərbaycanda bütün sahələrin oliqarxların inhisarında olduğu, gömrük sisteminin hansı meyarlar əsasında fəaliyyət göstərdiyi göz önündədir. Uzun illərdi bu problemlər haqqında yazılsa da, problem hakimiyyətdən qaynaqlandığı üçün həllini tapmır.
Indi dünyanın nüfuzlu mətbuat nümunələri də Azərbaycandakı monopoliyadan yazır, beynəlxalq təşkilatlar yaydıqları hesabatda ölkəmizdəki korrupsiyanı, monapoliyanı, qeyri-şəffaf mühiti faktlarla göstərirlər. Ona görə də hakimiyyət monopoliya ilə mübarizənin, şəffaf gömrük siyasətinin imitasiyasına start verib.
Belə ki, Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.
Nazirlər KabinetindənÿLent.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.10-cu yarımbəndində “və 600 ədəd siqaret” sözləri", “600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz” sözləri ilə əvəz edilib.
Bəli, baş nazir “taleyüklü” bir məsələni həll edib. Guya, gömrükdəki problem bundan ibarət imiş. Sanki, 600 ədəddən artıq siqaret, yaxud 20 qramdan artıq qızıl, 0.5 karatdan artıq almaz keçirmək standarta zərbə imiş. Təbii ki, bu da pul qazanmağın rəsmiləşdirilmiş formasıdır. Nəzərdə tutulanlardan artıq mal keçirəndə əlavə rüsum qoyulacaq. Eyni zamanda bu sadə vətəndaşın, xırda sahibkarın da qarşısına daş yuvarlamaqdı. Azərbaycanda xeyir işlərini zinyət əşyaları olmadan təsəvvür etmək çətindir. Hər bir toy mərasimində əsas xərc zinyət əşyaları ilə bağlı olur. Adamlar zinyət əşyalarını xaricdən ucuz qiymətə alaraq, xərclərinə qənaət etmək istəyirlər. Guya, 20 qram əvəzinə 30 qram, 0.5 karat əvəzinə 0.8 karat olanda nə dəyişəcək? Yaxud, xırda sahibkar ölkəyə 600 deyil 800 ədəd siqaret gətirirsə bunun zərəri nədə ifadə olunur?
Əslində bu məhdudiyyətlər iri monopolistlərin biznesinə münbir şərait yaratmaqdır. Çünki, yüksək rüsum ödəməmək üçün sadə vətəndaş, xırda sahibkar artıq mal gətirmək istəməyəcək. Nəticədə məmurlar bazara diktə edəcək və azad sahibkarlıq sıxışdırılacaq.
Digər tərəfdən bu ölkəyə tonlarla ərzaq məhsulları, texniki avadanlıqlar, tikinti materialları gətirən oliqarxlara niyə məhdudiyyət qoyulmur? Onların ödədikləri rüsumlar hesabatlarda niyə öz əksini tapmır?
Bir halda ki, monopolist məmurlara hər yerdə “yaşıl işıq”dı, heç olmasa sadə vətəndaşa da arabir “yaşıl işıq” yandırılsın.
Bir sözlə, baş nazirin gömrük qaydalarına etdiyi dəyişiklik özündə heç bir əhəmiyyət daşımır. Sadəcə olaraq gözdən pərdə asmaq siyasətinin davamıdır.
P.S. Görəsən “600 ədəd siqaret” deyəndə “ştuçnu” siqaret nəzərdə tutulur? Bəlkə, hökumətimiz vətəndaşları qeyri-sağlam həyatdan uzaqlaşdırmaq üçün belə edir.
S.Novruz