Hesablama Palatasının hesabatında daha iki dövlət qurumu barədə ilginc faktlar
Hesablama Palatasının sənədində Meliorasiya və Su Təsərrüfatı ASC-də aparılan auditin nəticələri barədə maraqlı faktlar yer alıb.
Audit zamanı nələr aşkar edilib?
Sənəddə deyilir ki, hesabat ilində ASC-nin Cənub Muğan kanalı Istismar Idarəsinə dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit aparılıb. Müəyyən edilib ki, Cənub Muğan kanalı Istismar Idarəsi tərəfindən büdcə vəsaitinə tələbat hesablanarkən aktivlərin anbar qalığı nəzərə alınmayıb. Regional suvarma sistemləri idarələrinə müvafiq qaydada təsdiq edilmiş limitlərdən artıq su verilib. Magistral kanallar vasitəsilə nəql edilən və regional suvarma sistemlərinə verilən suyun uçotu tam aparılmayıb. Bəzi hallarda təyinat dəyişikliyinə yol verilib.
Işçilərin əməyininin ödəniş dərəcəsinin müəyyən edilməsi zamanı normativ akrların tələblərinin düzgün tətbiq edilməməsi nəticəsində bəzi işçilərə əməkhaqqı düzgün hesablanmayıb. Yanacaq üçün artıq və əsassız vəsait ödənilib. Normadan çox sürtkü materialları və ehtiyat hissələri silinib. Əsas vəsaitlərin silinməsindən yaranan qara metal tullantılarının aidiyyəti üzrə təhvil verilməsindən əldə edilən vəsaitin büdcəyə ödənilməsi təmin edilməyib. Yanacaq və sürtkü materiallarının silinməsi müəyyən edilən qaydada həyata keçirilməyib, aqreqatların əsaslı təmiri zamanı söküntü işlərindən əldə edilən əlvan metal qırıntıları uçota alınmayıb, qalığı və hərəkəti anbar hesabatlarında və mühasibat sənədlərində əks etdirilməyib.
Bəzi hallarda malların (işlərin və xidmətlərin) satınalınması müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan, satınalınma prosedurları keçirilmədən birbaşa müqavilələr bağlanılmaqla həyata keçirilib. Tender iştirakçılarından iştirak haqqı, tender təklifinin təminatı, texniki və maliyyə imkanları, işçi qüvvəsi barədə məlumatlar alınmayıb. Kotirovka sorğusunun şərtləri təsdiq edilməyib, onun nəticələri barədə qəbul edilən qərarlar barədə podratçılara məlumat verilməyib, ehtiyat hissələri, tikinti materialları və dəftərxana ləvazimatlarının satınalınması üzrə keçirilən təkliflər sorğusu barədə dövlət qurumuna məlumat verilməyib, satınalınma müqavilələrində cərimə faizləri və digər şərtlər nəzərdə tutulmayıb, avans ödənişin həcmi müəyyənləşdirilməyib.
Idarədə mühasibat uçotunun təşkili və aparılması zamanı müvafiq təlimatın tələblərinə tam əməl edilməyib. Baş kitab və sintetik hesablar üzrə dövriyyə cədvəlləri işlənilməyib.
Biləsuvar Suvarma Sistemləri Idarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair aparılan auditin nəticəsində müəyyən edilib ki, idarə tərəfindən büdcə vəsaitinə tələbat düzgün müəyyənləşdirilməyib. Əməkhaqqı fondu üzrə vəsaitə tələbat istisna olmaqla digər xərclər üzrə proqnoz hesablamaları əsaslı tərtib edilməyib. Material ehtiyatları nəzərə alınmayıb, əməyin ödənişi zamanı normativ aktların tələblərinin düzgün tətbiq edilməməsi və iki halda sanatoriya yollayışında olduğu dövrdə düzgün olmayaraq işdə olduqları qeyd edilməsi səbəbindən işçilərə artıq əməkhaqqı ödənilib.
Malların (iş və xidmətlərin) satınalınması bəzi hallarda müvafiq qanunvericiliklə müəyyən edilən hədd məhdudiyyətlərini aradan qaldırmaq məqsədilə vəsaitlər ayrı-ayrı müqavilələrə bölünməklə satınalma proseduru dəyişdirilməklə həyata keçirilib. Bir neçə halda isə müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan müxtəlif hüquqi şəxslərlə bağlanmış birbaşa müqavilələr üzrə vəsait ödənilib. Əsaslı təmirlə bağlı söküntüdən çıxan əlvan metalın sifarişçiyə qaytarılmaması və aktlarda dəyərin azaldılması səbəbindən büdcə vəsaiti artıq ödənilib. Nəqliyyat vasitələrinə artıq yanacaq silinib. Kanal yamaclarının cari təmiri üzrə yerinə yetirildiyi rəsmiləşdirilən qəbul aktlarında təmirə aid olmayan materialın dəyərinin işlərin ümumi dəyərinə aid edilməsi nəticəsində maddi-məsul şəxsin öhdəsindən artıq material silinib. Idarənin ərazisində asfalt örtüyünün əsaslı təmiri işlərinin yerinə yetirilməsi məqsədilə keçirilən kotirovka sorğusunun qalibi ilə müqavilə bağlanıb və işlər yerinə yetirilmədiyi halda akt tərtib edilərək icraçıya büdcə vəsaiti ödənilib. Bəzi hallarda Vahid Büdcə Təsnifatının tələblərinə riayət edilməyərək vəsaitlərin təyinatı dəyişdirilib. Inventarizasiya ilə bağlı qaydaların tələbləri tam gözlənməyib. Suyun suvarma kanallarından itkiləri norma ilə deyil, dərsliyə istinadən hesablanıb, suvarma sisteminin faydalı iş əmsalının 65-70 faiz təşkil etməsi müəyyənləşdirilib.
“Azəriqaz”dakı maxinasiyalar
Hesabatda həmçinin bildirilir ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Dövlət Neft Şirkətinin “Azəriqaz” Istehsalat Birliyinə 2012-13-cü illərdə Dövlət Proqramı üzrə qaz təchizatı tədbirlərinə ayrılan vəsaitlərin istifadəsinin auditi aparılıb. Müəyyən edilib ki, “Azəriqaz” IB tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilməyib və obyektlərin layihə-smeta sənədləri hazırlanmadan 2012-2013-cü illərin Kapital qoyuluşu Planına daxil edilən yaşayış məntəqələrinin qazlaşdırılmasına tələb olunan vəsaitin həcmi cari ildəki qazla təchiz olunan yaşayış məntəqələrinin siyahısına, növbəti illər üzrə investisiya xərclərinə ayrılan vəsaitlərin məbləğinə və əvvəlki illərin faktiki göstəricilərinə istinad edilməklə müəyyən olunub. Tələb olunan kapital qoyuluşunun həcminin hesablanmasına qüvvədə olan təlimatdan fərqli metodologiyanın tətbiq edilməsi nəticəsində obyektlər üzrə əlavə vəsait sərfinə şərait yaranıb, icra prosesində ARDNŞ tərəfindən təsdiq edilən Kapital qoyuluşu Planında Dövlət Proqramı üzrə qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar nəzərdə tutulan tədbirlər tam əhatə olunmayıb.
Tikinti mərhələsində hazırlanan 790 obyektin layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilməyib. Dövlət büdcəsindən ayrılan vəsait hesabına aparılan tikinti işlərinin ehtimal olunan dəyəri qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olmayaraq 2012-ci ilin 01 yanvar tarixinədək podratçı təşkilatlar tərəfindən və sonrakı dövrlərdə ARDNŞ ilə bağlanan müqavilələrə əsasən başqa bir MMC tərəfindən hesablanıb.
Dövlət Proqramında nəzərdə tutulan qaz təchizatının yaxşılaşdırılmasıyla əlaqədar dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsait üzrə ARDNŞ rəfindən təsdiq olunan Kapital qoyuluşu Planında nəzərdə tutulan 1697 obyektdən 693-də qaz təchizatının yaxşılaşdırılmasıyla əlaqədar işlər yerinə yetirilib, tikintisi başa çatan 872 obyektdən 296 obyektin istismara verilməsi təmin edilsə də faktiki istifadə olunan 111 obyekt qəbul komissiyası tərəfindən istismara qəbul edilməyib. 2012-13-cü illərdə qaz təchizatının yaxşılaşdırılmasına yönəldilən kapital qoyuluşundan 01.01.2014-cü il tarixə maliyyə hesabatlarında başa çatdırılmayan tikintilərin həcmi 33,8 faiz təşkil edib, avadanlıqların alınması üçün verilən avans üzrə 2014-cü il 01 yanvar tarixə böyük məbləğdə debitor borc yaranıb, qazla bağlı tədbirlərə sərf edilən vəsaitlə qaz itkiləri arasında mütənasiblik olmayıb, auditlə əhatə olunan dövrdə itkilər artıb.
ARDNŞ-in Audit Komitəsi tərəfindən Birliyin fəaliyyətinin auditi zamanı yalnız satınalınan malların (iş və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsinin müvafiq sənədlərlə təsdiq edilmədiyi barədə qeyd olunan nöqsanların aradan qaldırılması təmin olunmayıb.