elnurastanbeyli@gmail.com
Yalan danışmağın asanlaşdığı, yalanın legitimləşdiyi, yalanın həyat və düşüncə tərzinə çevrildiyi, yalana min dərədən su gətirməklə haqq qazandırılmağa çalışıldığı ölkədə yaşamaq çox əzablıdır, məşəqqətlidir. Döz, döz, amma haracan? Döz, döz, amma nə vaxtacan? Hər şeyin bir həddi var. Dözümün də. Yalanın hava, su, çörəklə assosiasiya olunduğu yerdə əsəb nə qədər dözə, ürək nə qədər tablaya bilər? Biz bəyəm 25 il öncə belə bir ölkəninmi xəyalını qurmuşduq?!
Söhbət, şübhəsiz, ictimai yalanlardan gedir. Bəli, yalan mahiyyətindən, məzmunundan asılı olmayaraq pisdir, qəbuledilməzdir. Amma ictimai yalan ikiqat, üçqat pisdir, yolverilməzdir.
Gəldiyimiz nöqtə budur: hamı hər şeyi bilir, görür. Hamı ölkənin hara getdiyinin, hansı uçuruma aparıldığının fərqindədir. Ancaq eyni zamanda çoxluq üçün bu, heç bir xüsusi anlam daşımır. O, asanlıqla bildiklərini və gördüklərini inkar edə, baş verənlərin 180 dərəcə əksini danışa bilər, yetər ki, bu ona hansısa maddi üstünlüklər, karyera, komfort, ən pis halda bir tikə çörək qazandırsın. Bir halda ki, yalansız yaşamağın bədəli ağırdır – işsizlikdir, basqıdır, işgəncədir, həbsdir, sürgündür, aşağılanmaq və alçaldılmaqdır, yalanla yaşamağa görə isə mükafatlandırıla bilərsən, niyə ikincini seçməyəsən?!
Sovetlər Birliyi dağıldı, o dövrün parlaq yalançıları yeni – şərti olaraq “müstəqillik” adlandırılan dönəmdə də ödülləndirilməyə davam etdilər. Dünən ateizmdən mühazirə oxuyanlar bu gün adlarının qarşısında həci, məşədi, kərbalayı titulu daşıyırlar. Gecə yatağına “dönməz kommunist” kimi girənləri səhər yuxudan qalxdıqda liberal, millətçi kimi gördük. Əksəriyyət isə bu sürətli, analoqu olmayan çevrilmə haqqında düşünmək belə istəmədi. Çünki eyni dəyişim üç aşağı, beş yuxarı hər kəs üçün keçərli idi. Hərə öz miqyasında, öz masştabında bu çevrilməni, bu ikiləşməni yaşamışdı.
Nəticədə növbəti zərərli, pis bir vərdiş yarandı: adamlar düşünməyə başladılar ki, bir halda o boyda Sovet dövrünün yalan və yaltaqlıq ordusunun “əsgərləri” müstəqillik dönəminin də qəhrəmanları olmağı bacardılarsa, niyə YAP illərində yalan və yaltaqlıqla məşğul olmasınlar? Nə də olmasa, bu dönəm qapandıqda keçmiş yenidən unudulacaq, uzaqbaşı “neyləyəmək olar, dövr belə tələb edirdi” deyib ictimai töhmət və qınaq altından çıxacaqlar.
Sovet dövrü üçün bu bəhanə bəlkə də keçərli idi. O vaxt Azərbaycanda yalana və yaltaqlığa qarşı mübarizənin aşkar örnəkləri, parlaq əks-nümunələri yox idi. Amma YAP dövrü üçün nə vaxtsa belə bir bəhanənin əsla keçərliliyi olmayacaq. Bu gün rejimin bütün amansızlığa, əzazilliyinə rəğmən çağdaş dəyərləri, bəşəri idealları açıq şəkildə müdafiə edən vicdanlı, ləyaqətli, fədakar insanlar var. Onlar bəlkə də azdır. Ancaq əsas odur ki, var.
Odur ki, gec, ya tez, fərqi yoxdur, nə vaxtsa bu yalan və talan dönəminin bir parçasına, Şər rejiminin vintciyinə və təkərciyinə çevrilənlərin “nə etmək olar, zəmanə elə idi” deyib özlərinə bəraət qazandırmaq kimi bir lüksləri, şansları, imkanları olmayacaq. “Zəmanə elə idi” sözlərinin qarşılığında cavabı müşkül suallar yaranacaq: bəs Rəşadət? Bəs Xədicə? Bəs Intiqam Əliyev? Bəs Rəşad Həsənov? Bəs Anar Məmmədli? Bəs Ilkin Rüstəmzadə? Bəs Rəsul Cəfərov? Bəs Əbdül Əbilov? Bəs digər fədakar, əzabkeş həqiqət yolçuları? Bəyəm onlar da sizinlə eyni zəmanədə yaşamırdılarmı? Onlar niyə talan, yalan və yaltaqlıq üzərində qurulmuş Sistemin bir parçası olmadılar?
Bu gün ölkəni bürüyən kütləvi yalan və yaltaqlıq tamaşasında hansı səbəblə olur olsun, hansı rolda olur olsun, hansı formada olur olsun, iştirak edənlər yaxşıca anlamalı və yaddaşlarının bir yerinə yazmalıdırlar: nə vaxtsa – 1 il, 5 il, 10 il, lap 20 il, 30 il sonra, heç fərq etməz, onların indi tutduqları işin heç bir bəraəti olmayacaq. Heç nə onların total yalan və yaltaqlıq kampaniyasında iştiraklarına haqq qazandırmayacaq. Əks-nümunələrin varlığı onlara belə bir şans, belə bir fürsət tanımayacaq.