Hakimiyyət təmsilçilərinin mövqeyi belə düşünməyə əsas verir
Elə bir hakimiyyətlə üz-üzə qalmışıq ki, cinayətini, yalanını, talanını dəlil-sübutla qarşısına qoyuruq, etiraf etmək istəmir. Biz qatığın ağ rəngdə olduğunu söyləyirik, bunlar qara rəngdə olduğunu sübut etmək istəyirlər. Məsələn, bu ölkədə korrupsiyanın Everest zirvəsinə qalxdığını, yaltaqlığın dövlət siyasətinə çevrildiyini, analoqsuz hüquqsuzluğun hökm sürdüyünü balaca uşaq da bilir. Amma YAP sözçüləri bütün haqlı tənqidləri, fontan vuran qanunsuzluqları inkar edir və bunu erməni lobbisi ilə bağlamağa çalışır.
Bir qayda olaraq Azərbaycanla bağlı tənqidi materiallar dərc edən nəşrlər, tənqidi hesabatlar dərc edən təşkilatlar “qara siyahı”ya düşür və bu təşkilatların Azərbaycana qarşı qərəzli mövqedə olduğu bildirilir. Hakimiyyət sözçülərinin dediklərindən belə çıxır ki, bütün dünya bu hakimiyyətə qarşıdır. Əgər dünyanın bütün nüfuzlu təşkilatları Azərbaycanda siyasi məhbusların, korrupsiyanın, monopoliyanın olduğunu iddia edirsə, deməli, bu həqiqətdir. Axı bütün bu təşkilatlar niyə Azərbaycana qarşı qərəzli olmalıdır?
Bugünlərdəÿ Avropa Şurasının “Korrupsiyaya qarşı dövlətlər qrupu” (GRECO) da Azərbaycanla bağlı hesabat yaydı və ölkədə korrupsiyanın hökm sürdüyünü, qeyri-şəffaflığın meydan suladığını bildirdi. Bu hesabat kifayət etdi ki, hakimiyyət sözçüləri hücuma keçsinlər. YAP-çı deputat Siyavuş Novruzov deyib ki, bu təşkilat Azərbaycana qarşı qarayaxma kampaniyası aparır və maraqlı dairələrin sifarişini yerinə yetirir. “GRECO”nun hesabatı ayrı-ayrı öyrədilmiş adamlar və dairələr tərəfindən Azərbaycanın artan nüfuzuna, regionda aparıcı lider dövlət olmasına, ölkədə beynəlxalq tədbirlərin keçirilməsinə görə edilən məsələlərdir"- deyə Siyavuş Novruzov bildirib.
Millət vəkilləri Fəzail Ağamalı və Tahir Rzayev də “GRECO”nun hesabatını obyektivliyi əks etdirməyən, qərəzli, qeyri-real adlandırıblar.
Deməli, Azərbaycanda korrupsiyanın olduğunu iddia edən təşkilatlar, nüfuzlu qəzetlər, beynəlxalq ekspertlər ermənipərəstdir, qərəzlidir, inkişafımızı gözü götürmür.
Bəs rəsmən etiraf olunan korrupsiya faktlarına nə deyirsiniz? Son günlər mətbuatda “Azərenerji”də, “Azərsu”da, “Aqrolizinq”də aşkar edilmiş korrupsiya faktlarından yazılır. Respublika Prokururluğu tez-tez korrupsiya faktları ilə bağlı bəyanatalar verir və s.
Ən mühümü isə budur ki, Hesablama Palatasının 2014-cü il üzrə hesabatı yayılıb və bu hesabatda bütün sahələrdəki korrupsiya faktları yer alıb. Icra hakimiyyətində, səhiyyədə, təhsildə, Əmlak Komitəsində, “Bakıelektrikşəbəkə”də, səfirliklərdə, nazirliklərdə, kənd təsərrüfatı sahəsində, ümumiyyətlə, bütün sahələrdə aşkar edilmiş korrupsiya faktları Hesablama Palatasının hesabatında yer alıb. Həm də bu faktlar ölkənin bütün rayonları üzrə qeydə alınıb.
Yaxşı olar ki, real faktlara əsaslanan tənqidləri “erməni lobbisi”nə, ikili standartlara bağlamağa çalışan deputatlarımız MM-ə təqdim olunmuş hesabata da baxsınlar. Belə məlum olur ki, millət vəkilləri müzakirəyə çıxardıqları hesabatların içini oxumurlar. Bəli, ölkənin korrupsiya bataqlığında olduğunu Hesablama Palatası da təsdiqləyir.
Bəlkə, Hesablama Palatasını da ermənilər maliyyələşdirir. Siyavuş Novruzov və bu qəbildən olan deputatlar Hesablama Palatasını niyə “qara siyahı”ya salmır? Çünki, hakimiyyətin təfəkkürü ilə yanaşanda Hesablama Palatası da dövləti gözdən salır, qərəzli mövqe tutur və erməni dəyirmanına su tökür.
Bir sözlə, ölkədə korrupsiyanı olduğunu rəsmi dövlət strukturu da etiraf edir. Hesablama Palatasının hesabatına baxanda, “GRECO” və digər təşkilatları hesabatını tərif kimi qiymətləndirmək olar.
Məsləhət görürük ki, peşəkar ermənişünas Siyavuş Novruzov Hesablama Palatasının da ermənilərlə əlaqəsini araşdırsın. Belə olmaz, məsum hökumətə şər atırlar.
Azad