Estoniya hökuməti Rusiyanı casusluqda ittiham edib. Ölkənin təhlükəsizlik xidmətinin aprelin 13-də dərc edilən hesabatında deyilir ki, Rusiya xüsusi-xidmət orqanları 2014-cü il ərzində Estoniyada aktiv fəaliyyət göstəriblər. Hesabat müəllifləri xatırladır ki, ötən il bir neçə Avropa ölkəsi rus casusları ifşa edib. Və Estoniya da belə ölkələrdən biridir. Hesabata görə, rus casuslar əsasən parlament seçkiləri, yeni hökumətin formalaşdırılması, həmçinin NATO-nun bu ölkədəki hərbi kontingenti ilə maraqlanıblar. Bu ilin martında Estoniyanın Xarici işlər naziri Urmas Paetlə Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eşton arasında baş tutan telefon söhbətinin mediaya sızması da rus casusların «xidməti» kimi qiymətləndirilib. Hesabat müəllifləri Rusiya ilə münasibətlərin ildən-ilə soyuduğunu, bu səbəbdən ruslar tərəfindən casusluq faəliyyətinin bundan sonra daha da genişlənəcəyini bildiriblər.
Gültəkin