Tofiq Yaqublu
Biz tərəflərdə həbsxanaya “qala” deyirlər. “Filankəsi qalaya salıblar”, “filankəs qaladadır”, “filankəs qaladan çıxıb” və s. bu tipli ifadələr hamısı həbsxanayla bağlıdır. Bu söhbəti niyə başladığımı yazını axıradək oxusanız başa düşəcəksiniz. Iqtidarın son əfv sərəncamını “əfvin məhvi” adlandıra bilərik. Belə ki, indiyədək iqtidar şərləyib tutduğu siyasi məhbusları sındıraraq, əfv ərizəsi yazdıqdan sonra buraxırdısa, bu dəfə belə olmadı. Məlum oldu ki, sonuncu əfv sərəncamıyla azadlığa çıxmış cəmi iki siyasi məhbusdan heç biri əfv ərizəsi yazmayıbmış.
Yəni nə Bəşir Süleymanlı, nə də Orxan Əyyubzadə “peşimançılıq” hissi keçirməmişdilər. Bununla da iqtidarın Qarabağ siyasəti kimi, əfv yazdırma siyasəti də iflasa uğramış oldu. Amma orasını da deyim ki, sonuncu əfv sərəncamı 13 saylı cəzaçəkmə müəssəsindəki siyasi məhbuslara ağır zərbə oldu. Biz bu sərəncamı xilas olma, əzabdan qurtulma kimi gözləyirdik. Indi sarsılmış vəziyyətdəyik. Belə də zülm olar? Axı bu Ilkin Rüstəmzadəni niyə buraxmırlar ki, bizim də canımız qurtarsın. Biz başa düşmüşük ki, iqtidar Ilkini bizə sitəm eləmək üçün bura göndərib. Bunun başqa anlamı yoxdur.
Yəqin ki, oxucular bu fədakar NIDA-çının nə günahın sahibi olduğunu bilmək üçün səbirsizləndilər. Darıxmayın, indicə deyərəm. Əmin olun ki, Ilkin Rüstəmzadə əqidəli nidaçıdır və heç vaxt yolundan dönməz. Üstəlik də, bu cavan oğlan ağıl dəryasıdır. Burada başqaları ilə apardığımız elmi-fəlsəfi-tarixi diskussiyalarda onu qabağa veririk, o da düşmənin atəş nöqtələrini sərrast atışları ilə susdurur. Hələ siz onun burada erməni dəyirmanına necə su tökdüyünü görəydiniz. Hər kəlməsi erməni dəyirmanına dərmandır. Məsəl var, deyirlər ki, hər gözəlin bir ayıbı olar. Ilkin bəy də eləcə. Sadəcə olaraq “Ilkin bəyin də bir ayıbı var” deyəndə, “bir” kəlməsindən sonra “düjün” ifadəsini də əlavə etmək lazımdır.
Indi onun bir düjünündən yazım, siz də baxın. Həmin bu “bir düjün” yerdə qalan 5 siyasi məhbusu intihar həddinə gətirib. Biz aramızda vəzifə bölgüsü aparmışıq. Birimiz onu səhərlər oyatmalıdır, birimiz üst-başının səliqəsinə fikir verməlidir, birimiz üzünü vaxtlı-vaxtında qırxmasını təmin etməlidir. Birimiz onun əlinə nə gəldi cibinə doldurmasının qarşısını almaldır, birimiz də arxasınca gəzərək olduğu yerlərdə qoyub getdiyi əşyaları yığmalıdır. Bu isə əsl işgəncədir. Məsələn, mən onu səhərlər yuxudan oyatmaq vəzifəsinə təyin edilmişəm. Əks təqdirdə nəzarətçilərlə Ilkin bəy arasında 3-cü Dünya Müharibəsi başlayacaq. Həmin vəzifəyə təyin olunduğum gündən səhər idmanına əlvida demişəm. Çünki daha buna ehtiyac qalmır. 100 kiloluq adamı təxminən yarım saat intensiv şəkildə silkələyərkən, onu o üzə, bu üzə çevirərkən daha çox enerji sərf edirəm, nəinki stadionda qaçanda. Tamamilə qan-tər içində oluram. Bunun üstünə sərf etdiyim əsəbləri də gəlin, görün, nə mənzərə alınır. Bütün bunlara dözmək olardı. Adamı bilirsiniz nə yandırır? O hər dəfə yuxudan oyanıb barakdan çölə çıxanda məhşur bir xalq mahnısını zümzümə edir: “Qalada yatmış idim Top atdılar oyanmadım, Saz ilə, söhbəti ilə Oyatdılar”. Və danışanda elə danışır ki, guya bu, başqaları kimi özü oyanıbmış. Yeri gəlmişkən, yəqin yazının əvvəlindəki “qala” söhbətinin nəyə lazım olduğunu artıq anladınız.
Elə bilirsiniz üst-başının səliqəsinə cavabdeh olan Əbdül Əbilovun halı mənimkindən yaxşıdır? Ay hay! Yazıq dünən ağlaya-ağlaya deyir ki, gödəkcəsinin yarıya qədər sökülmüş üst cibini tikmək istədim. Nə qədər dedimsə, gödəkcəni çıxarmadı. Çünki özü ağılda birini çənəsinin altına salmışdı, ona Freydin psixoanalizini başa salırdı. Söhbəti heç cür kəsmək istəmirdi. Axırda iltifat edib böyrünü mən tərəfə çevirdi, gördü ki, cibi elə əynindəcə tikmək istəyirəm. Iynəni onun bədəninə batırmamaq üçün maksimum ehtiyatlı idim. Cəmi iki-üç tikiş ata bildim, başa düşdüm ki, yarıya qədər sökülmüş cibi tikmək üçün əvvəlcə cibin içindəkini boşaltmalıyam. Oradan siqareti, alışqanı, bir ədəd spazmalqon, iki ədəd parasetamol həblərini, iki-üç konfeti, bir ovuc ləbləbini, bir o qədər tumu və iki şəkərburanı çıxartdım. Onları qoymaq üçün paket dalınca aralandım, qayıdanda görürəm ki, Ilkin üstündə iynə-sap meydançanın ortasında əl-qol ata-ata həbsxananın rəisinə nəyisə izah edir. Onda başa düşdüm ki, “daha Ilkin corablarını, sabun qabını və çay qaşığını gəzdirməyəcək” deyərkən, sevincindən yerə-göyə sığmayan digər siyasi məhbus həmkarımız bu sevincində nə qədər haqlıymış.
Ilkinin unutduğu şeyləri yığan siyasi məhbusun danışdıqlarına dözmək üçün adamın ürəyi ətdən yox, daşdan olmalıdır. Onun təkcə axırıncı gün gördüyü işin bir hissəsini desəm, durumu özünüz təsəvvür edə bilərsiniz. Həmin siyasi məhbus dostumuz axırıncı dəfə Ilkinin dalınca gəzərək, onun kitabxanada unutduğu hamam dəsmalını, yeməkxanada qoyduğu kitabı, hamamda unutduğu dəm çaydanını, klubda yadından çıxardığı bir dəst vəzərini, televizor otağında buraxdığı üzqırxanını, stadionda qoyub gəldiyi gözlüyünü və s. yerinə qaytarmalı olmuşdu.
Məncə, Ilkinin bizə yaşatdığı sitəmlərin cüzi hissəsini danışmaqla məsələnin nə yerdə olduğunu izah edə bildim. Amma nə olsun, əlindən nə qədər yanıqlı olsaq da, hər axşam könüllü olaraq özümüz onu əfv edirik. Onun erməni dəyirmanına su tökməyi var ha, adamın ürəyindən tikan çıxarır. Elmi və mənalı söhbətlərinə qulaq asdıqca gün ərzində çəkdiyimiz bütün acıları unduruq və əfv edirik, amma… Səhər açılacaq və yeni əzablarımız başlayacaq və axşamadək iqtidarı söyəcəyik ki, Ilkin Rüstəmzadəni niyə əfv etmir. Düzdür, biz özümüz onu hər gün əfv edirik, amma dözmək çox çətindir, çoox…